Prezident İcra Hakimiyyətinin binasının açılışında

Prezident İcra Hakimiyyətinin binasının açılışında
  07 Avqust 2013    Oxunub:1094
Avqustun 7-də Kürdəmir Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub.
Prezidentə məlumat verildi ki, binanın inşasına 2011-ci ilin sentyabrında başlanılıb, bu ilin iyulunda sona çatdırılıb.

Müasir memarlıq üslubunda inşa olunan bina həm də rayonun görkəminə xüsusi gözəllik verir. Sahəsi 4 min kvadratmetr olan ikimərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Binanın interyeri yüksək zövqlə tərtib olunub, otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Burada ümumilikdə 30 iş otağı vardır.

Foyedə ölkəmizin inkişafında əvəzsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin büstü qoyulub.

Burada, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətlərini əks etdirən fotoguşə yaradılıb.

Fotoguşələrdə Ümummilli Liderin və dövlətimizin başçısı İlham Əliyevin Kürdəmir rayonunda müxtəlif illərdə keçirilən tədbirlərdə iştiraklarını əks etdirən şəkillər böyük maraq doğurur.

Prezident İlham Əliyev otaqlarda yaradılan şəraitlə tanış oldu.

Otaqların hamısında işçilərin normal fəaliyyəti üçün hərtərəfli imkan yaradılmışdır. Vətəndaşların qəbulu otağında da hər cür şərait vardır.

Dövlətimizin başçısı akt zalına da baxdı. Ən müasir standartlar səviyyəsində qurulan 250 yerlik zal akustika sistemi ilə təchiz olunmuşdur. Burada müxtəlif tədbirlər keçiriləcəkdir.

Prezident İlham Əliyev yeni inzibati binanın operativ idarəetmə mərkəzi ilə tanış oldu. Mərkəzdə kənd icra nümayəndəlikləri ilə birbaşa canlı bağlantı yaratmaq mümkündür.

Konfrans zalı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, bu zal da bütün lazımi inventar və avadanlıqla təchiz edilib. İcra hakimiyyətinin yeni inzibati binası həm də rayonun simasına yeni görkəm verir. Binanın ətrafında geniş yenidənqurma işləri aparılmış, ətraf abadlaşdırılıb.

Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirdi, əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıqlarını verdi.

AzVision.az


Teqlər:





Xəbər lenti