Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır
  08 Avqust 2013    Oxunub:1162
Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.
Bu gün İslam dünyasının ən müqəddəs günlərindən biri - Ramazan bayramıdır. 11 ayın sultanı Ramazan artıq sona çatdı. Bu bir ay müddətində müsəlmanlar adətən niyyət tutaraq səhər sübh namazını qılır, oruc tutur, axşamlar isə iftar açaraq yenə namaz qılır, Allah qarşısında mənəvi borclarını yerinə yetirirlər.

Ramazan orucunu tutanlar, bu gün sevinc, könül xoşluğu, mənəvi rahatlıq içindədirlər. Bu müqəddəs ayda İslam ölkələrində oruc tutanların sayı, ümumi əhalinin 90-95 faizini təşkil edir. Bir neçə saat qidadan uzaq olan imanlıları yalnız ibadət maraqlandırır. Yəni onlar pis əməllərdən çəkinir, içkidən, yeməkdən uzaq olur. İftar süfrəsi açıb, ehtiyacı olanlara kömək edir. Mərhəmət, xeyir-bərəkət, səbr, yaxşılıq ayı olan Ramazanda hər kim oruc tutan birinə iftar veribsə, günahlarının bağışlanmasına və cəhənnəmdən xilas olması istiqamətinə böyük iş görmüş olur.

Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib. Bu gecə "leylətul-qadr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: "Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür" (97:1-5).

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Müsəlmanlar tərəfindən isə müqəddəs Ramazan ayı Hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlanıb.

Allah oruc və namazlarınızı qəbul etsin, bayramınız mübarək olsun!


Teqlər:





Xəbər lenti