`Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır`

`Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır`
  08 Avqust 2013    Oxunub:1208
“Biz öz növbəmizdə insanların rahat yaşaması üçün əlimizdən gələni edirik və edəcəyik. Çünki bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

Bu sözləri avqustun 7-də Külüllü su mənbəyindən Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Qaz, su təchizatı, yeni yolların salınması kimi infrastruktur layihələrinin uğurla həyata keçirildiyini deyən dövlət başçısı insan amilinin Azərbaycanda prioritet məsələ olduğunu diqqətə çatdırıb : “Mən hələ 10 il bundan əvvəl demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Hesab edirəm ki, biz ötən illər ərzində bu istiqamətdə istədiyimizə nail ola bilmişik. İnsanların rifahı artır, sağlamlığı möhkəmlənir. Biz bunu statistik göstəricilərdə də görə bilərik. İnsanların ömrünün uzunluğu artır. Dünya Səhiyyə Təşkilatı, yəni, dünyada səhiyyə məsələləri ilə məşğul olan ən böyük təşkilat Azərbaycanda bu sahədə gedən islahatları dəstəkləyir və qiymətləndirir. Biz isə öz növbəmizdə insanların rahat yaşaması üçün əlimizdən gələni edirik və edəcəyik. Çünki bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

İlham Əliyev deyib ki, Azərbaycan əlbəttə ki, son 20 il ərzində bazar iqtisadiyyatı prinsipləri ilə idarə olunur. İqtisadiyyatımız tam bazar iqtisadiyyatı üzərində qurulubdur. Ancaq buna baxmayaraq, çox güclü sosial siyasət aparılır:

"Biz indi müxtəlif yerlərdə baş verən hadisələri izləyərkən görürük ki, sosial məsələlərə fikir verilmədiyi halda böyük problemlər yaşanır. Çünki bazar iqtisadiyyatı, əlbəttə ki, hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtdir. Ancaq bəzi hallarda islahatlar çətinliklərə də gətirib çıxarır. Bu çətinliklərin qarşısını almaq və islahatları daha da inamla aparmaq üçün güclü sosial siyasət olmalıdır. Bu sosial siyasət müxtəlif formalarda özünü göstərir - tikilən məktəblər, xəstəxanalar, yollar, sosial obyektlər, maaşların, pensiyaların qaldırılması, infrastruktur layihələrinin icra edilməsi, yəni, insanı narahat edən bütün problemlər aradan qaldırılmalıdır. Son illər ərzində bu istiqamətdə nailiyyətlər hesab edirəm ki, kifayət qədərdir. Gələcək illərdə biz bu işləri davam etdirəcəyik. Çünki hələ görüləsi işlər çoxdur. Biz həm iqtisadi sahədə, sosial məsələlərin həllində bundan sonra da islahatlar aparacağıq. İslahatlara böyük ehtiyac vardır. Çünki burada söhbət təkcə investisiyalardan getmir, investisiya qoyuluşu Azərbaycanda yüksək səviyyədə həll olunur, eyni zamanda, sistem xarakterli islahatlar aparılmalıdır.

Biz indi, əlbəttə ki, keçid dövrünü başa vurmuşuq. Azərbaycan bu gün tamamilə müasir əsaslar üzərində inkişaf edir - istər siyasi sahədə, istər iqtisadi sahədə, istərsə də sosial məsələlərin həllində. Ancaq biz bu sahədə, xüsusilə sosial məsələlərin həllində inkişaf etmiş ölkələrin təcrübəsinə, əlbəttə ki, baxmalıyıq. Bu təcrübədə həm müsbət, həm mənfi məqamlar vardır. Əlbəttə ki, biz müsbət məqamları seçməliyik və öz sosial siyasətimizi inkişaf etmiş ölkələrin meyarlarına yaxınlaşdırmalıyıq, ona uyğunlaşdırmalıyıq. Biz bunu edirik və bu gün Azərbaycanda sosial sahədə aparılan işlər dünya miqyasında yüksək qiymətləndirilir".

Prezident vurğulayıb ki, hətta son bir neçə il ərzində dünyanı, xüsusilə Avropanı bürümüş iqtisadi-maliyyə böhranı zamanı Azərbaycanda, bir dənə də olsun, sosial layihə ixtisar edilmədi, əksinə, maaşlar, pensiyalar qaldırılır, sosialyönümlü investisiyalara vəsait ayrılır:

"Bax, bu içməli su layihələrinin icrası böyük vəsait tələb edir. Bu vəsaitin əsas hissəsi dövlət büdcəsi hesabına təşkil edilir. Bu işlərin bir hissəsi kreditlər hesabına icra edilir, ancaq bu kreditləri də Azərbaycan dövləti qaytarmalıdır. Bir sözlə, bu layihələr sırf sosial məna daşıyır. Bu layihələrə qoyulan investisiyalar 100 milyonlarla, bəlkə milyardlarla ölçüləcəkdir. Çünki biz ölkəmizin bütün su təsərrüfatını yenidən qurmalıyıq və qururuq. Buraya qoyulan investisiyalar qayıdan investisiyalar deyildir. Çünki Azərbaycanda suya olan dövlət tarifləri çox aşağıdır və qoyulan investisiyaları əhalidən yığılan tariflər hesabına qaytarmaq mümkün olmayacaqdır. Bunu istəyirəm ki, hamı bilsin. Elə investisiyalar var ki, onlar kommersiya xarakteri daşıyır. Amma Azərbaycanda infrastruktur layihələrinə qoyulan vəsait sırf sosial xarakter daşıyır. Avtomobil yolları, qazlaşdırma, su layihələri, kənd yolları - bunları dövlət insanların rahat, normal yaşaması üçün edir.

Rayon sakinlərinin minnətdarlıq və təşəkkürlərini dinləyən cənab president gələcəkdə görüləsi işlərin çox olduğunu vurğulayıb : “Azərbaycan artıq dünya miqyasında güclü dövlət kimi tanınır, beynəlxalq əlaqələrimiz genişlənir, dostlarımızın sayı artır. Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvüdür. Bölgədə Azərbaycanın mövqeyindən çox şey asılıdır. Bütün bu qazanılmış uğurlar Azərbaycan xalqının istedadı, zəhməti hesabına qazanılıbdır. Çünki 20 il bundan əvvəl biz müstəqilliyimizin ilk illərində idik və hamımız o günləri yaxşı xatırlayırıq. O vaxt Azərbaycanın ümumi inkişafı sual atında idi. Azərbaycan demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi baş vermişdi, iqtisadi sahədə heç bir islahat aparılmırdı, sənaye tamamilə iflic vəziyyətinə düşmüşdü. O vaxt həm dünyada, həm ölkə daxilində Azərbaycanın gələcəyi ilə bağlı çox bədbin fikirlər var idi. Ancaq güclü iradə, islahatlar və xalqla iqtidar arasında olan birlik Azərbaycanı bu bəlalardan xilas etdi. Bu gün açdığımız Heydər Əliyev Mərkəzində o illərin şəkilləri əks olunub. Doğrudan da, o illər, xüsusilə 1993-cü il həlledici il olmuşdur. O ildə Azərbaycanın taleyi həll olunurdu. Xoşbəxtlikdən Ulu Öndərin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqın ona olan inamı Azərbaycanı bu bəlalardan qurtardı və 20 il ərzində biz inkişaf yolu ilə gedirik.
Bu gün Azərbaycan dünya xəritəsində nadir ölkələrdəndir ki, həm beynəlxalq aləmdə, həm bölgədə, eyni zamanda, ölkə daxilində çox müsbət istiqamətdə inkişaf edir, irəliyə gedir. Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. İyirmi ildir ki, Azərbaycanda sabitlik, ictimai asayiş qorunur, möhkəmlənir. Yəni, hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir, əmin-amanlıqdır, təhlükəsizlikdir. Biz elə bir bölgədə yaşayırıq ki, ətrafımızda görürsünüz hansı problemlər cərəyan edir - toqquşmalar, qarşıdurmalar, müharibələr. Biz ölkəmizi güclü və müstəqil siyasətlə qorumalıyıq və qoruyuruq. Eyni zamanda, daxildə aparılan islahatlar istər siyasi sahədə, iqtisadi sahədə, sosial məsələlərin həllində ölkəmizi gücləndirir.

Bu gün Azərbaycan tam şəkildə müstəqil siyasət aparır. Bu siyasətin arxasında Azərbaycan iqtidarının iradəsi və güclü iqtisadiyyat dayanır. Güclü iqtisadiyyatı isə biz yaratmışıq, Azərbaycan xalqı yaratmışdır. Bu gün Azərbaycan dünya miqyasında ən yüksək reytinqlərə malikdir. Biz dünyanın aparıcı ölkələri sırasındayıq, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdəyik. Bu, böyük nailiyyətdir.

Ölkədə quruculuq, abadlıq işləri çox gözəl bir ab-hava yaradıb. Yəni, mən bölgələrdə tez-tez oluram. Kürdəmir rayonunda da bir neçə dəfə olmuşam. Vəziyyətlə tanış oluram və görürəm ki, hər bir rayonda belə quruculuğa, inkişafa olan istək, meyil çox güclüdür. Elə bil ki, rayonlar bir-biri ilə yarışa çıxıblar və bu, sağlam rəqabətdir. Bu, məni çox sevindirir. Bölgələr, rayonlar, şəhərlər abadlaşır. İndi Kürdəmir əvvəlki kimi deyildir, inkişaf edib, gözəlləşib və daha da gözəl olacaqdır. Yəni, ölkəmizin təcrübəsi hesab edirəm ki, keçid dövründə yaşayan ölkələr üçün də vacibdir. İstənilən sahədə - iqtisadi-siyasi islahatlar, cəmiyyətdə gedən proseslər, birlik, həmrəylik, milli-dini tolerantlıq. Yəni, biz bir çox məsələlərlə bağlı nümunə göstəririk. Ancaq yenə də deyirəm ki, bizim əsas məqsədimiz ondan ibarət deyildir. Əsas məqsədimiz ölkəmizi gücləndirmək, insanların yaxşı, normal yaşamasını təmin etməkdir. Əlbəttə ki, bu layihələrin, məqsədlərin arasında bax, bu gün qeyd etdiyimiz layihə xüsusi yer tutur. Əminəm ki, Kürdəmirdə bundan sonra da böyük işlər görüləcəkdir. Biz hələ sizinlə görüşəcəyik, böyük açılışlar olacaqdır. Bütün işlər Azərbaycanda həmişə olduğu kimi, yaxşı olacaqdır".

Sonra dövlətimizin başçısı Kürdəmir şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basıb. Azərbaycan Prezidenti işlərin uğurla başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlarını verib.



Teqlər:  





Xəbər lenti