Çoxuşaqlı olduğuna görə 1,2 milyon dollar cərimə olundu

Çoxuşaqlı olduğuna görə 1,2 milyon dollar cərimə olundu
  09 Yanvar 2014    Oxunub:1022
Məşhur Çin rejissoru Çjana İmou 3 uşaq sahibi olduğuna görə 1,2 milyon dollar cərimə olunub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, “Uçan xəncərlər evi” və “Qəhrəman” filmlərinin rejissoru Çjan İmou ölkədə doğumla bağlı tətbiq edilən məhdudiyyətləri pozaraq 3 uşağa sahib olduğuna görə 1,2 milyon dollar cərimə ödəyəcək.

Cərimənin məbləği həm tanınmış rejissorun, həm də onun həyat yoldaşının övladlarının dünyaya gəldikləri illərdə qazandıqları gəlirlərə uyğun hesablanıb. 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarının açılış mərasiminə quruluş verən İmou cəriməni 30 gün ərzində ödəməlidir. Artıq mətbuata açıqlama verən Çjan İmou ailəsinin çoxuşaqlı olmasının verə biləcəyi mənfi sosial nəticələrə görə bütün soydaşlarından üzr istəyib.

Çəkdiyi filmlər 3 dəfə Oskar mükafatının “Ən Yaxşı Xarici Film” kateqoriyasında namizəd göstərilən məşhur rejissor həm də dünyanın ən nüfuzlu kinofestivalları olan Kann, Berlin və Venesiya festivallarının müntəzəm qonaqlarındandır.

Xatırladaq ki, ötən ilin noyabrında Çin hökuməti ailələrdəki uşaq sayı ilə bağlı məhdudiyyətləri zəiflədib. Bundan sonra ailə quranlar arasında tərəflərdən biri ailəsinin yeganə övladı olarsa, onlara 2 uşağa sahib olmağa icazə veriləcək.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti