87 Müsəlman qardaşı həbs olundu

87 Müsəlman qardaşı həbs olundu
  10 Yanvar 2014    Oxunub:1033
Qahirə məhkəməsi “Müsəlman qardaşları” təşkilatının 87 üzvünü həbs cəzasına məhkum etdi.
Qahirə məhkəməsi “Müsəlman qardaşları” islamçı təşkilatının 87 fəal üzvünün 3 il müddətinə həbs cəzasına məhkum olunmasına dair hökm çıxarmışdır. Onlar 2013-cü il noyabrın sonlarında törədilmiş iğtişaşlarda təqsirli biliniblər.

AzVision.az İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, islamçılar bundan əlavə böyük məbləğdə - 50 min Misir funtu (təxminən 7,1 min ABŞ dolları) həcmində cərimə ödəməli olacaqlar.

Onlar qeyri-qanuni mitinqlər təşkil etməklə yanaşı, həmçinin güc strukturları əməkdaşlarına hücumlarda, zorakılığa təhrikdə və maddi zərər vurulmasında ittiham olunublar.

Ordunun ötən il iyulun 3-də Məhəmməd Mursini hakimiyyətdən kənarlaşdırmasından sonra ölkədə təhlükəsizlik sahəsində vəziyyət ciddi şəkildə kəskinləşib.

Ekstremist qruplaşmaların xüsusilə fəallaşdığı Sinay yarımadasının şimalı indinin özündə də əsas qeyri-sabitlik ocağı olaraq qalır. Devrilən prezidentin tərəfdarları, demək olar, hər gün küçələrə çıxır və aksiyalar çox vaxt iğtişaşlarla nəticələnir. Yalnız ötən cümə günü ölkə boyu baş vermiş qarşıdurmalarda 17 nəfər həlak olub.

Son aylar ölkədə qadağan olunmuş və hakimiyyət tərəfindən terrorçu təşkilat elan edilmiş “Müsəlman qardaşları”nın yüzlərlə üzvü
güc strukturları tərəfindən saxlanılıb. Nümayişlər haqqında yeni qanuna əsasən onların bir çoxu barmaqlıq arxasına düşə bilər.


Teqlər:





Xəbər lenti