Qarabağın azadlığı iqtisadiyyatımızı daha da çiçəkləndirəcək - TƏHLİL

   Qarabağın azadlığı iqtisadiyyatımızı daha da çiçəkləndirəcək -    TƏHLİL
  02 Noyabr 2020    Oxunub:13035
İşğal olunmuş ərazilərimiz düşmən qüvvələrindən təmizləndikcə, oraların nə qədər gözəl və füsunkar təbiətə malik olduğu adamda təəcüb hissi yaradır. Azad olunmuş ərazilərə baxdıqca ölkəmizin ən cənnət məkanının məhz oralar olduğu qənaətinə gəlirsən. Söhbət hələ viran qoyulan, yandırılmış, hər cəhətdən alt-üst edilmiş ərazilərdən gedir. Bu da onların təkcə talançı yox, həm də vəhşi olduqlarını bir daha göstərir.
Bu ərazilər həm yerüstü, həm də yeraltı resurslar baxımından zəngin olmaqla, böyük təbii iqtisadi potensiala malikdir. Həmin əraziləri həm də məhz buna görə 18-ci əsrdən bəri Azərbaycandan qoparmağa çalışırlar.
Qarabağ və onun dağlıq hissəsi heç vaxt iqtisadi cəhətdən geri qalmış zona sayılmayıb. Və buna görə də təbii ki, orada sosial durum da həmişə yaxşı olub. Əksinə, buradan, xüsusən də onun dağlıq hissəsindən Azərbaycanın mərkəzi büdcəsi heç vaxt normal gəlir və səmərə götürə bilməyib - əsas xeyir işğaldan əvvəlki dövrdə də məhz Ermənistana axıb. Leqal və qeyri-leqal yollarla...
Ərazilərin azad edilməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir?
Ancaq buna baxmayaraq, Azərbaycan SSR dövründə mərkəzi, yəni dövlət büdcəsindən Dağlıq Qarabağ ərazisinə ardıcıl vəsait ayrılıb, investisiya qoyub və nəticədə də sözügedən zonanın potensialının realizəsinə həmişə dəstək, bir növ əlavə təkan verilib. Dağlıq Qarabağ hələ sovet dövründə Azərbaycanın infrastruktur baxımından ən inkişaf etmiş bölgəsi hesab olunub. Burada hələ keçən əsrin 70-ci illərində dəmir yolu fəaliyyət göstərib, avtomobil yolları çəkilib, Sərsəng və Suqovuşan su anbarları tikilib, elektrik enerjisilə yüksək təminat olub... Qarabağda işsizlik Azərbaycanın digər bölgələrinə nisbətdə həmişə aşağı olub.

Ali Baş Komandanımızın rəhbərliyilə Silahlı Qüvvələrimizin şücaətiylə 30 ilə yaxın müddətdən sonra addım-addım Qarabağa və onun dağlıq hissəsinə qayıdırıq. Azərbaycanın ərazi bütövlüyü tədricən bərpa edilir. Bu isə o deməkdir ki, ölkəmiz özünün bayaq qeyd etdiyim kimi, yerüstü və yeraltı sərvətlərilə zəngin, iqtisadi cəhətdən böyük potensila malik, doğma və qədim tarixi ərazilərinə qovuşur. Odur ki, yeni imkanlar əldə olunmaqla, bunlardan istifadə etmək üçün qarşımızda həlli vacib vəzifələr yaranır.

Ümumiyyətlə, işğal olunmuş ərazilərimiz azad edildikcə, mövcud iqtisadi gücümüzə az qala 50 faizədək bərabər həcmdə əlavə güc qatılacaq. Sadəcə, bunu hərəkətə gətirmək lazımdır. Bundan ötrü isə böyük bir sosial-iqtisadi inkişaf proqramının hazırlanmasına ehtiyac var. İlk növbədə infrastruktur yaradılmalı, azad edilmiş ərazilərin potensialının realizəsi məqsədilə tələb olunan ilkin şərtlər həllini tapmalıdır. Bu yerdə, ölkəmizdə indiyədək qəbul və icra olunmuş regionların sosial-iqtisadi Dövlət Proqramlarını yada salmaq yerinə düşür. Ona görə ki, bölgələrimizin sürətli inkişafı məhz həmin sənədlərin hesabına baş tutdu.

Xatırladım ki, bilavasitə regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramlarının, o cümlədən, dövlətin və hökumətin ayrıca həyata keçirdiyi tədbirlərin nəticəsində bölgələr sosial-iqtisadi cəhətdən çox böyük irəliləyiş əldə ediblər. Hazırda dördüncü Proqram icra edilməkdədir ki, bu, özünü ölkə üzrə ÜDM istehsalında, sənaye və kənd təsərrüfatı sahəsində, işsizliyin azalması, yoxsulluq səviyyəsi kimi göstəricilərdə büruzə verdi.

Regionların inkişafı ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının həmişə tərkib hissəsi olub və olaraq da qalır. Regionların inkişafı sahəsində qəbul edilən, həyata keçirilən proqramlarda, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin, sosial infrastruktur təminatının yüksəlməsinə, sahibkarlıq mühitinin yaxşılaşmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun genişlənməsinə, yoxsulluq səviyyəsinin azalmasına gətirib çıxarıb.

Qarabağ və onun dağlıq hissəsi də işğaldan tədricən qurtulmaqla üzərinə geydirilən hazırki hisli-paslı cəhənnəm libasından digər bölgələrimiz kimi sadalanan inkişaf tempi əldə etməklə, tezliklə qurtulmaq şansı qazanmaqdadır. İşğaldan azad olunan ərazilərimiz ilk növbədə qeyri-neft sektorumuz üçün böyük töhfələr əldə etməyə imkan yaradacaq. Söhbət, kənd təsərrüfatından, onun heyvandarlıq və bitkiçiliyindən, tikinti materialları əldə etmək üçün zəruri xammal bazasından, turizmdən, şərab və araq istehsalından və sairdən gedir. Həmin zona həmçinin, faydalı qazıntılarla və mineral sularla zəngindir.

Bundan əlavə, Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometri uzun müddət nəzarətsiz qalmışdı. İndi İranla bütün sərhədə tam olaraq Azərbaycan nəzarət edir. İki ölkənin dövləti sərhədi bərpa olunmuş durumdadır. Həmin sərhəd ərazilərdə gediş-gəlişin təşkili, ticarət və mal mübadiləsinin mümkünlüyü, digər məsələlər mərhələli şəkildə həllini tapacaq. İranla dövlət sərhədini tam nəzarətə götürməyimiz iki ölkə arasında iqtisadi əlaqələri də genişləndirəcək, ticarət dövriyyəsini artıracaq. Həmçinin, ticarəti və məşğulluğu genişləndirməklə sərhəd bölgələrinin dirçəlməsinə, əhalinin rifah halını yaxşılaşmasına şərait yaradacaq. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası üçün də yeni imkanlar qazandıracaq.

Bir sözlə, Qarabağ və onun dağlıq hissəsi iqtisadi potensialımıza əlavə potensial qatacaq. Azərbaycanda ÜDM istehsalı artacaq. Yeni ticari və iqtisadi imkanlar yaranacaq. Məşğulluq imkanları və şəraiti genişlənəcək. Qeyri-neft sektoru sahəsindən ixrac həcmi yüksələcək. Ölkəmizin regional əhəmiyyəti xeyli güclənəcək. Bütün Cənubi Qafqaz regionuna yeni ab-həva gələcək.

Ona görə də, rayonların, kəndlərin, qəsəbələrin bərpası Azərbaycan dövlətinin və hökumətinin müharibədən sonrakı dövrdə qarşısında duran və duracaq ən böyük vəzifədir. Bu səbəbdən də, bir çox istiqamətlərdə müharibənin getməsinə baxmayaraq, müəyyən bərpa işlərinə start verilib. Suqovuşanda avtomobil yollarının bərpasına, yeni yolun tikintisinə başlanılıb. O cümlədən, digər istiqamətlərdə infrastrukturun bərpası yönündə ilkin addımlar atılmaqdadır.

Qarabağ və onun dağlıq hissəsinin bərpası həm region, həm də bütün maraqlı tərəflərin hamısı üçün sərfəlidir. Paradoksal səslənsə belə, hətta Ermənistan tərəfinin özü üçün də... Çünki, Qarabağ Ermənistan üçün daşıya bilmədiyi ağır yük idi. Obrazlı desək, həmin yük onun zəif çiyinlərindən götürülüb, yerə qoyulur. Əgər Ermənistanda ağıl olsa, indi belini düzəldib, yoluna davam edə biləcək. Əgər ağıl olsa...


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər:   Qarabağ   İqtisadiyyat  





Xəbər lenti