Ermənilər yaşayan ərazilərimiz yurisdiksiyamıza necə keçəcək: Vacib mərhələlər

   Ermənilər yaşayan ərazilərimiz yurisdiksiyamıza necə keçəcək:    Vacib mərhələlər
  17 Dekabr 2020    Oxunub:26964
Hazırda cəmiyyəti ən çox maraqlandıran və geniş müzakirə edilən sualların başında bunlar gəlir: Ermənilər yaşayan ərazilərimizin de-fakto Azərbaycanın yerisdiksiyasına keçmə prosesi necə olacaq? Bu, nə vaxt yekunlaşacaq? Sadə dillə desək, “Bayrağımız nə vaxt Xankəndində dalğalanacaq?”
Azvision.az bununla bağlı tanınmış hüquqşünas, ekspert Sahib Məmmədovun fikirlərini təqdim edir:

Sadə insanın, sosial şəbəkə istifadəçisinin qısa, aydın və konkret cavablar axtardığını başa düşürük, amma bu, məhz o haldır ki, bir-iki sözlə mövzunu əhatə etmək mümkün deyil. Çünki Rusiya hərbiçilərinin əhatəsində qalan ərazilərimizin de-fakto Azərbaycan yurisdiksiyasına keçməsi üçün xeyli proseslər var. Biz onların hamısını bir-bir keçməliyik. Bunlardan əsas olanların bir hissəsini nəzərdən keçirək:

1) Həmin ərazilərdə yaşayacaq ermənilər Azərbaycan vətəndaşlıqlarını təsdiq etdirməlidirlər. Bunun üçün onlar 1992-ci ilin yanvar ayının 1-nə qədər həmin ərazilərdə yaşamış olduqlarını sübut etməlidirlər. Bu dövrdən sonra doğulanlar isə “qan hüququ” əsasında vətəndaşlıqlarını təsdiqlədə bilərlər. 1992-ci ilin yanvar ayının 1-dən sonra əraziyə köçüb gələnlərə vətəndaşlığın verilib-verilməsi Azərbaycan Prezidentinin müstəsna səlahiyyətinə aid məsələdir. Məsələn, kimsə yerli erməni ilə nikaha girmək üçün həmin əraziyə köçübsə, bu zaman ona vətəndaşlıq verilə bilər (verilməyə də bilər).

2) Bu ərazilərdə 30 ildən artıq müddətdə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunmayıb. Beləliklə, ərazilərdə Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiqi bir qədər uzun prosesdir. Niyəsini izah etsəm, böyük bir yazı alınar. Qısaca deyim ki, ilk növbədə qanunvericiliyi hissə-hissə tətbiq etmək zərurəti yaranacaq.

3) Hazırda həmin ərazilərdə Ermənistanın oyuncaq rejimi idarəetməni davam etdirir. Deməli, ilk növbədə Konstitusiyanın 124-cü maddəsinə uyğun olaraq, yerli icra hakimiyyəti orqanları formalaşmalıdır. Daha sonra polis, məhkəmə, prokurorluq, sosial təminat, təhsil, mədəniyyət, daşınmaz əmlakın reyestri xidməti, vergi, gömrük və s. orqanlar tədricən müvafiq qurumların təyinatları olmaqla yenidən təşkil edilməlidirlər. Növbəti bələdiyyə seçkilərində yerli özünüidarə orqanları da formalaşdırılmalıdır.

4) Hazırda bölgənin kommunikasiyaları Ermənistana bağlıdır. O cümlədən, rabitə, enerji təchizatı, qaz və s. Bank-maliyyə sistemi də həmçinin. Bu məsələlər də həll olunmalıdır.

5) Təhsil ən ciddi məsələlərdəndir. Orada tədris erməni və rus dillərində aparılır. Dərsliklər Azərbaycan xalqına nifrət aşılayan erməni dərslikləridir. Qondarma “soyqırım” və “Artsax Respublikası”nın saxta tarixi tədris olunur. Coğrafiya dərslərində vaxtilə işğal altında olan ərazilər bu qondarma qurumun əraziləri kimi, qondarma erməni adları ilə təqdim olunur. Amma indi onlar Azərbaycanın Təhsil Nazirliyinin tabeçiliyinə keçməli, bizim təhsil sistemini qəbul etməli və dərslər Azərbaycan dilində aparılmalıdır (təbii ki, müəyyən istisnalarla). Tarix dərsində ermənilərin Azərbaycan xalqına qarşı cinayətləri, o cümlədən, Xocalı soyqırımı tədris olunmalıdır.

6) Sosial təminat məsələləri də çox vacibdir. 30 ildən artıqdır ki, orada yaşayan ermənilər bizim sosial təminat sistemindən kənardadırlar. 2006-cı ildən başlayaraq, pensiya yığımı fərdiləşib və hərə özü üçün yığım etməlidir. İndi belə çıxır ki, biz yığdıqlarımızın bir hissəsini (onsuz da yığıdığımız özümüzə bəs etmir) erməni mənşəli vətəndaşlarımıza verməliyik? Hər halda, həlli problemli məslələrdəndir.

7) İdarəetmə tam olaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmalıdır. Bütün dövlət orqanlarında kargüzalıq Azərbaycanın dövlət dilində olmalıdır.

8) Arxiv, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və əmlak qeydiyyatı məsələləri həll olunmalıdır. Kiçik iş deyil.

9) Deportasiya olunmuş əhali geriyə qayıtmalıdır və yerləşməlidir.

10) Orada yaşayan ermənilərin arasında Azərbaycan xalqına qarşı hərbi, insanlıq əleyhinə və soyqırım cinayətləri törədənlər tapılıb, mühakimə olunmalıdırlar. Bu halda nə əfv, nə amnistiya mexanizmi tətbiq edilməlidir.

Siyahını xeyli uzatmaq da olar. Amma ən azı bunların edilməsi illərlə vaxt aparacaq. İndi bizi Müzəffər Ordumuzun qalib əsgərlərinin çəkməsi altında qalmış əski parçasının hardan asılmasından daha çox, bu məslələrin həlli düşündürməlidir.

Və çoxlarını düşündürən ən vacib suallardan biri: Ermənilər yuxarıda sadalanılanların icra olunmasına müqavimət göstərsələr, onda necə olacaq?

Bu haqda düşünəndə bir vacib məqamı nəzərə almalıyıq: Əvvəllər orada yaşayanların çoxunun qazancı hərbi xidmətdən və hərbi infrastrukturun saxlanılmasından gəlirdi. İndi bu qazanc olmayacaq. Əvvəllər onlar işğalda saxladıqları ərazilərimizi istismar edir, söküb satır, əkib-biçirdilər. Mədən sənayemizi mənimsəyirdilər. Mineral sularımızı satırdılar. Turizmi qismən bərpa etmişdilər. İndi bunların heç biri olmayacaq. Deməli, kimsə onları saxlamalıdır. Ermənistan təkbaşına bunu edə bilməyəcək. Rusiya yardımı da kifayət etməyəcək. Belədə onların orada yaşamaları sual altına düşür. Ermənilər torpağa bağlı xalq deyillər, köçəri xalqdırdır. Və bu, tezliklə özünü növbəti dəfə göstərəcək.



Sahib Məmmədov
Azvision.az üçün



Teqlər: Qarabağ  





Xəbər lenti