Tərtərdə yollar təmir edilir - FOTO

Tərtərdə yollar təmir edilir -    FOTO
  16 Aprel 2021    Oxunub:2880
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı haqq savaşı əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir çox dinc şəhər və rayonları raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədildi ki, bu cinayətlər nəticəsində günahsız vətəndaşlarımız vəhşicəsinə qətlə yetirildi, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura ciddi zərər vuruldu.
Azvision.az xəbər verir ki, dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə dövlətimizin başçısının 2020-ci il 6 noyabr tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının fəaliyyəti nəticəsində qısa müddət ərzində qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.

Hazırda bu çərçivədə 11 şəhər və rayon ərazisində bərpa və yenidənqurma işləri davam etdirilir ki, bu ərazilərimizdən biri də Vətən müharibəsi zamanı daha çox ziyan görməsinə baxmayaraq, düşmən hücumları ilə qəhrəmanlıqla mübarizə aparan Tərtərdir.



Tərtər ərazisində düşmən hücumları nəticəsində yol infrastrukturuna da böyük ziyan dəyib ki, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu istiqamətdə təmir-bərpa işlərinə start verilib. Təmir-bərpa işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən kifayət qədər texnika və canlı qüvvə səfərbər olunub.

Düşmənin təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artileriya atəşinə tutması nəticəsində Tərtər rayonu ərazisində 1 respublika əhəmiyyətli, 6 yerli əhəmiyyətli avtomobil yoluna, həmçinin şəhər daxilində 5 küçənin yol örtüyünə ziyan dəyib.

Yol infrastrukturuna dəyən ziyanın aradan qaldırılması məqsədilə artıq rayon ərazisindən keçən respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunda aparılan bərpa işləri layihəsinə uyğun olaraq yolun 4.1 kilometrlik hissəsində frezlənmə işləri aparılıb, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılıb və kənara daşınıb, torpaq yatağının bərpası üçün yol boyu yararlı material tökülərək kipləşdirmə işləri görülüb. Hazırda sözügedən işlərin davamı olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.



Respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunun Tərtər şəhərindən keçən hissəsində aparılan təmir-bərpa işlərinin ardınca respublika əhəmiyyətli digər yolun, Tərtər-Hindarx avtomobil yolunun təmiri işlərinə başlanacaq.

Bundan başqa yerli əhəmiyyətli avtomobil yollarının təmir və bərpası istiqamətində də işlər aparılıb. Belə ki, yerli əhəmiyyətli Kovdadıq - Rəcəbli, Seydimli və Düyərli yolları təmir edilib. Növbəti mərhələdə yerli əhəmiyyətli Buruc-Gülabatlı, Qaraqoyunlu – Küçərli və Bəyim-Sarov avtomobil yollarının təmiri həyata keçiriləcək.



Ardıcıl olaraq Tərtər rayonunun intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində zərər görmüş şəhərdaxili Şah İsmayıl Xətai, Elman Səfərov, Şıxəli Qurbanov, Mübariz İbrahimov və Famil Qulami küçələrində də təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.





Azvision.az


Teqlər: Tərtər   Yol   Təmir  





Xəbər lenti