Ad günündə şəhid olan qubalı döyüşçü - VİDEO+FOTOLAR
“Ceyhunu 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yola saldıq. Vətən müharibəsi başlayanda döyüşlərə qatıldı. Müharibənin ilk günlərində ondan bir xəbər almadıq. Sonra zəng edib dedi ki, Suqovuşandadır. Vəziyyətinin yaxşı olduğunu, Talış kəndini və Suqovuşanı düşməndən azad etdiklərini söylədi. Səhv eləmirəmsə, bu söhbətimiz oktyabrın 10-da olub. On gün sonra isə Füzulidə olduğunu bildirdi. Sonra danışa bilmədik. Televizorda onun haqqında məlumat verdilər. Proqramda qəhrəmanlıq göstərən döyüşçülərin şəkillərini göstərib, onlar haqqında danışırdılar. Şəkilləri Müdafiə Nazirliyi yaymışdı. Onda bildim ki, oğlum sağ-salamatdır. Oktyabrın 26-da Ceyhunun doğum günü idi. Səhər qardaşı ilə telefonla danışmışdı. Döyüş yoldaşlarının dediyinə görə, elə həmin söhbətdən iki saat sonra Ceyhun şəhidlik zirvəsinə ucalıb”, - deyə şəhidin atası Rüstəm İsayev söyləyib.
Ceyhun İsayev Quba Tibb Kollecində I kurs tələbəsi idi. Hərbi xidmətini bitirdikdən sonra təhsilini davam etdirərək həkim olmaq istəyirdi.
Anası Ruhiyyə İsayeva bildirib ki, Ceyhun gülərüz, şən, mehriban övlad idi: “O, mənim həyatımın mənası idi. Çox cəsur övlad olduğu üçün onunla fəxr edirəm”.
Şəhidin bacısı Ülkər Qardaşbəyova isə vurğulayıb ki, qardaşı igid, cəsur döyüşçü olub: “Müharibə vaxtı telefonla danışmışdıq. Döyüşlərdə qalib gəldiklərini bildirirdi. Çoxlu arzuları vardı. Kolleci bitirib həkim olmaq istəyirdi. Sevdiyi qız da vardı. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Vətən müharibəsi günlərində Müdafiə Nazirliyi Azərbaycan Ordusunun qələbələrində əməyi olan hərbi qulluqçularımızın bir qisminin fotolarını paylaşmışdı. Oktyabrın 20-də şəkilləri bütün mətbuatımızda yer alan həmin döyüşçülər arasında Ceyhun İsayev də vardı.
“Ceyhun mənim qardaşım, həm də ən yaxın sirdaşım olub. Biz eyni məktəbdə təhsil almışıq. O, mənim dayağım idi. Hamıya qarşı xoşrəftar, ünsiyyətcil idi. Müharibə vaxtı 4-5 gündən bir əlaqə saxlayırdıq. Sonuncu dəfə mənimlə danışdı. Həmin gün ad günü idi. Təbrik etdim, hal-əhval tutduq. “Məndən narahat olmayın, hər şey yaxşıdır”, - söylədi. Amma harada olduğunu demədi. Sonra da eşitdik ki, elə həmin gün döyüşdə şəhid olub. Onun ucaldığı şəhidlik zirvəsi çox yüksəkdir. Qardaşımla fəxr edirəm”, - deyə şəhidin qardaşı Elnur İsayev söyləyib.
Şəhid Ceyhun İsayev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub. (AzərTAc)
Azvision.az
Teqlər: Şəhid Qəhrəman Döyüşçü