`Taras Şevçenko 200` Ukrayna səfirliyimizdə

`Taras Şevçenko 200` Ukrayna səfirliyimizdə
  05 Mart 2014    Oxunub:1485
Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Taras Şevçenkonun 200 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib.
Kiyev Milli Linqvistika Universitetində (KMLU) Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə “Azərbaycanın mənəvi məkanında Şevçenko sözü” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. KMLU və Səməd Vurğun adına kütləvi kitabxana tərəfindən təşkil edilmiş tədbir böyük Ukrayna şairi və mütəfəkkiri Taras Şevçenkonun anadan olmasının 200 illiyinə həsr edilib.

Konfransda Azərbaycan diplomatları, ali məktəbin professor-müəllim heyəti, iki ölkənin tanınmış alimləri, Azərbaycanın bir sıra diaspor təşkilatlarının rəhbərləri, tələbələr iştirak ediblər.

Konfransı KMLU-nun prorektoru, professor İrina Seryakova açıb.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli “Taras Şevçenko: Vətənə dərin məhəbbətin simvolu” mövzusunda məruzə ilə çıxış edərək Ukrayna xalqının böyük oğlu, azadlıq nəğməkarı Taras Şevçenkonun həyat və yaradıcılığından, onun ölməz poetik əsərlərindən söz açmışdır. Səfir vurğulamışdır ki, T.Şevçenkonun yaradıcılığı ukraynalıların milli dirçəlişinə xeyli dərəcədə təsir göstərib.

Çıxışının bir hissəsini “Şevçenko və Azərbaycan” mövzusuna həsr edən diplomat bildirmişdir ki, böyük Kobzarın zəngin ədəbi irsi onun həyat və yaradıcılıq yolu Azərbaycan ədəbiyyatşünasları üçün maraqlı tədqiqat mövzusudur. Diplomat xatırladıldı ki, 1934-cü ildə Bakıda T.Şevçenkonun “Kobzar” əsəri ilk dəfə ixtisarla nəşr olunub. Əsərin tərcüməçiləri – tanınmış şairlər Əhməd Cavad və Mikayıl Müşfiq Stalin repressiyalarının qurbanı olmuş və 1937-ci ildə “xalq düşməni” kimi məhv ediliblər.

Sonralar Taras Şevçenko poeziyası nümunələrindən ibarət məcmuələr Səməd Vurğun, Süleyman Rüstəm, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Nigar Rəfibəyli və digər şairlərin tərcüməsində on dəfədən çox çap olunmuşdur. Tanınmış ukraynaşünas və şevçenkoşünas Abbas Abdullanın tərtibatında “Mənim düşüncələrim” kitabı işıq üzü görüb.

Səfir sonda bildiribki, T.Şevçenkonun əsərlərini Azərbaycanda böyük məmnuniyyətlə oxuyurlar, çünki onun poeziyası vətənə məhəbbət aşılayır, yüksək bəşəri hisslər oyadır. E.Mədətli bildirmişdir ki, Bakıda T.Şevçenkoya abidə ucaldılmışdır. Martın 5-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Taras Şevçenkonun 200 illiyinə həsr olunmuş elmi sessiya keçiriləcəkdir.
Konfransın təşkilinə görə KMLU-nun rektorluğuna səmimi minnətdarlığını bildirən Azərbaycan diplomatı dostluq münasibətləri olan Bakı Slavyan Universiteti ilə KMLU arasında tərəfdaşlığın bundan sonra da inkişaf etdirilməsini və möhkəmləndirilməsini arzulayıb.

Ukraynanın şərqşünas alimi Yuli Koçubey, Səməd Vurğun adına kütləvi kitabxananın direktoru Qalina Çebotaryova, KMLU-nun Azərbaycan dili mərkəzinin rəhbəri, filologiya elmləri doktoru Rafiq Novruzov, Ukrayna filologiyası və slavyanşünaslıq kafedrasının professoru Tatyana Meyzerskaya və digərləri məruzə ilə çıxış etmişlər.

Sonda KMLU tələbələrinin ifasında Azərbaycan və Ukrayna dillərində Taras Şevçenko və Səməd Vurğun poeziyasından ölməz sətirlər səslənib.


Teqlər:





Xəbər lenti