Anar Bağırov: “İstintaq-təhqiqat orqanlarında “Elektron təyinat” sisteminin tətbiqi formal vəkilliyi aradan qaldıracaq”
O bildirib ki, “Elektron vəkil” sisteminin daha effektiv fəaliyyəti üçün Vəkillər Kollegiyasına ardıcıl dəstək göstərən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin fəaliyyəti xüsusi vurğulanmalıdır. Anar Bağırov Kollegiya tərəfindən elektron vəkil sorğusu ilə bağlı da müəyyən işlərin görüldüyünü diqqətə çatdırıb:
"Lakin burada normativ hüquqi tənzimləmə ilə bağlı müəyyən problemlər mövcuddur və bununla bağlı təkliflərimizi aidiyyatı qurumlara təqdim etmişik. Hesab edirik ki, bu istiqamətdə təkliflərimiz qəbul olunduqdan sonra vəkillərimiz “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron vəkil sorğuları göndərə biləcəklər. Hesab edirik ki, bu tədbirlər müəyyən bürokratik əngəllər və qeyri-prosessual münasibətlərlə yanaşı, əlavə vaxt, vəsait itkisinin də qarşısını alacaq və həmçinin hüquqi yardımın operativliyini təmin edəcək”
"Elektron təyinat" sisteminin tətbiqi məsələsinə də toxunan sədr bunun hüquqi yardımın keyfiyyətinin artırılmasındakı əhəmiyyətindən danışıb: “Qeyd etməliyəm ki, Ədliyyə Nazirliyi ilə qurulmuş səmərəli əməkdaşlıq, vaxtaşırı aparılan müzakirə və tədbirlər sayəsində Bakı şəhərində fəaliyyət göstərən bütün məhkəmələrdə bu sistem 2 ildir ki, tətbiq olunsa da, təəssüf ki, bölgələrdə hələ də köhnə qaydalar qalmaqdadır. İstərdik ki, nəinki məhkəmələr, ölkədə fəaliyyət göstərən bütün istintaq-təhqiqat orqanlarında “Elektron təyinat” sistemi tətbiq edilsin. Hesab edirəm ki, bu tədbirlərin görülməsi nəticə etibarı ilə hüquqi yardımın səmərəliyini artıracaq, eyni zamanda vətəndaş məmnunluğunu təmin edəcək və formal vəkillik fəaliyətini aradan qaldıracaq. Beləliklə, vətəndaşların hüquqi yardıma inamı artacaq”.
Qeyd edək ki, son illər Vəkillər Kollegiyası tərəfindən formal vəkillik fəaliyyətinə qarşı mübarizə aparılır və bu istiqamətdə bəzi vəkillər intizam məsuliyyətinə cəlb olunub. Eyni zamanda formal vəkilliklə məşğul olduğuna görə bir neçə vəkilin Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlı məhkəmələrdə iddialar qaldırılıb.
AzVision.az
Teqlər: