Araik mikrodiktatura qurur
// Bölgədə fikir və toplantı azadlığı tam şəkildə qadağan olunub
İkinci “fərman”a əsasən, fikir azadlığı məhdudlaşdırılır, “Artsax respublikası”nın “müdafiə qabiliyyəti”, “təhlükəsizliyi”, “ərazi bütövlüyü”, “suverenliyi”, “konstitusiya və ya ictimai asayişi”, “iqtisadiyyatının normal inkişafı” əleyhinə yönəlmiş məlumatların istənilən informasiya vasitəsində axtarışı və alınması, yayılması qadağan olunur.
Virtual “prezident”in məhz indiki məqamda imzaladığı bu iki “fərman” hansı zərurətdən irəli gəlir?
Postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin imzalanması yönündə Moskva, Vaşinqton və Brüssel platformalarında aparılan danışıqlarda rəsmi Bakının qazandığı diplomatik uğurlar İrəvanı ritorikasını dəyişməyə məcbur edib. Bunun məntiqi nəticəsi kimi Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi İrəvanın ölkəmizin ərazi bütövlüyünü və Qarabağın Azərbaycan ərazisi olduğunu tanıdığını artıq bir neçə dəfə bəyan edib. Əvvəllər “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyan indi “Azərbaycanın ərazisi 86,6 min km²-dir və Qarabağ da onun tərkib hissəsidir” deyir. Sadəcə, bunun qarşılığında Azərbaycanın da Ermənistanı 29,8 min km² ərazi üzərində suveren hüququnu tanımasını xahiş edir.
Beləliklə, rəsmi İrəvan hazırda Qarabağ bölgəsindəki separatçıların, xüsusilə də onların “prezidenti”nin hayında olmadığını sərgiləyir. Başqa sözlə desək, Nikol Paşinyan separatçıların “lideri”nə öz başının çarəsini qılmaq üçün Azərbaycan hakimiyyətinin qarşısında təzimə getməli olacağı barədə ismarıc ünvanlayır. Dövlətimizə və xalqımıza qarşı törədilən cinayətlərdə iştirak etmiş Araik Arutyunyanı və onun kimi cinayətkarları isə Azərbaycan qanunlarının tələbləri çərçivəsində cavabdehlik gözləyir.
Digər tərəfdən, Qarabağdakı separatçıların qalıqları arasında radikal mövqeyi ilə seçilən bəzi “fiqur”lar və onların arxasında dayanan xaricdəki müəyyən dairələr Arutyunyana təzyiqləri xeyli gücləndiriblər. Mayın 15-də Xankəndində keçirilən mitinqdə separatçıların “təhlükəsizlik şurası”nın sabiq katibi “dövlət naziri” vəzifəsini tutmaq tələbini səsləndirib. Cavabında “prezident” məsləhətləşəmələr aparmaq üçün 10 gün istəsə də, hələ ki, nə qərara gəlməsindən xəbər-ətər yoxdur və yəqin ki, olmayacaq da. Çünki Araik qərar vermək səlahiyyələrinə malik deyil. Onun hansı addımları atmasını və qərarı çıxarmasını xarici havadarları müəyyənləşdirirlər.
Əslində Aruytyunyanın “diktatura” qoxusu verən son iki “fərmanı” da daha çox separatçıların sıralarında mövcud status-kvoun saxlamağa çalışan kənar qüvvələrin xeyir-duasının məhsuludur. Çəkiclə zindan arasında qalan Araik isə özünü sığortalamaq, bəlkə də hətta fiziki məhvdən qorumaq üçün belə “fərman”lar imzalamaq məcburiyyətində qalır. Bununla Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan bütün ölkələrə və siyas dairələrə “axı mən də varam” ismarıcını çatdırmağa çalışır. Amma mövcud reallıq virtual “respublika”nın virtual “prezident”inin xülyalarını tamamilə rədd edir.
Sahil İsgəndərov, politoloq
AzVision.az
Teqlər: Qarabağ