İsraildə daha bir İran casusu saxlanılıb

   İsraildə daha bir İran casusu saxlanılıb
  27 Fevral 2025    Oxunub:420
Daha bir İsrail vətəndaşı İranın lehinə casusluq fəaliyyətində şübhəli bilinərək yaxalanıb.
Yerli polis ilə ölkənin daxili təhlükəsizlik xidmətinin ("Şin-Bet") birgə məlumatına əsasən, Petax-Tıkva şəhərinin sakini, 26 yaşlı Daniel Kitov xarici agentlə əlaqə saxlamaqda şübhəli bilinir. Yaxın günlərdə onun məhkəməsi keçiriləcək.

İddialara görə, o, iranlı şəxsdən aldığı tapşırıqla Petax-Tıkvada, habelə Roş-Haayin şəhərində divarlara, maşınlara sprey boya ilə təxribat mahiyyətli yazılar yazaraq vandalizm əməlləri törədib. Kitov polisə verdiyi ifadədə söyləyib ki, bu hərəkətləri pul qarşılığında həyata keçirib.

"İran agenti şübhəlidən bəzi hərbi bazaların və "Şin-Bet"in rəhbəri Ronen Barın evinin fotolarını çəkməsini istəsə də, o həmin tapşırıqları yerinə yetirməyib. O özü iranlı sifarişçiyə sabiq ordu generalı Benni Qantsın evinin fotolarını çəkəcəyini vəd versə də, bu işi də görməyib", - məlumatda deyilir.

Polis diqqətə çatdırır ki, İran agentləri son vaxtlar sosial şəbəkədə sadə İsrail vətəndaşlarını casus kimi işə götürmək cəhdlərində fəallaşıblar. Agentlər vətəndaşları pul qarşılığında şirnikləndirir, onlara əvvəlcə "kiçik və zərərsiz" tapşırıqlar verir, növbəti mərhələlərdə isə kəşfiyyat məlumatları toplamaq və sui-qəsd hazırlamaq kimi ağır cinayətlərə cəlb edirlər. Ötən ilin dekabrında İsrail polisi İran lehinə casusluq fəaliyyətinə görə 30-a yaxın israillini saxlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   İran   casusluq   münaqişə  





Xəbər lenti