Pekin: “ABŞ Rusiya ilə Çinin arasını vura bilməz”

      Pekin:    “ABŞ Rusiya ilə Çinin arasını vura bilməz”
  27 Fevral 2025    Oxunub:389
Çinin Xarici İşlər nazirliyi ABŞ-nin Çin və Rusiya arasında nifaq salmaq cəhdlərinin tamamilə uğursuz olduğunu və xarici vəziyyətə baxmayaraq, onların əməkdaşlığının dəyişməz qaldığını bəyan edib.
AzVision.az xəbər verir ki, Çinin Xarici İşlər nazirliyinin sözçüsü Lin Tszyan, beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq, Çin-Rusiya münasibətlərinin proqressiv şəkildə inkişaf edəcəyini bildirib.

“ABŞ-nin Çin və Rusiya arasındakı münasibətlərdə çat yaratmaq cəhdləri uğursuzluğa məhkumdur”, - Çinin təmsilçisi keçirdiyi brifinqdə ABŞ-nin Dövlət katibi Marko Rubionun bununla bağlı bəyanatın şərh edərkən deyib.

Qərbli jurnalistin Ağ Evin Moskva ilə Pekin arasında ABŞ-yə qarşı mümkün müttəfiqliyi barədə narahatlığına cavab verən Lin Tszyan qeyd edib ki, aparıcı güclər kimi Rusiya və Çin arasında əməkdaşlıq “inkişafın daxili məntiqinə malikdir və üçüncü tərəflərin fikirlərindən asılı deyil”. O, həmçinin hər iki ölkənin inkişaf strategiyalarının və xarici siyasətinin uzunmüddətli perspektivə yönəldiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Dövlət katibi Marko Rubio Rusiya ilə Çin arasında sıx münasibətləri idarə etmək üçün Vaşinqtonun strategiyasını açıqlayıb.

- ABŞ Moskva və Pekin arasında əlaqələri zəiflətməyə çalışır, lakin eyni zamanda iki nüvə dövləti arasında münaqişə yaratmaq istəmir, çünki bu baş verərsə, qlobal sabitlik sarsıla bilər. Hətta bilmirəm, Rusiyanı Çindən tamamilə ayırmaq mümkün olacaqmı?”, - Marko Rubio “Breitbart News” portalına müsahibəsində deyib.

Bununla belə, fevralın ortalarında Donlad Tramp Ukrayna və Qəzza zolağında hərbi münaqişələr başa çatdıqdan sonra Rusiya və Çinlə müdafiə büdcələrinin və nüvə arsenallarının azaldılması ilə bağlı danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb. Vladimir Putin isə Rusiyanın dövlət kanalına müsahibəsində bu təklifi müzakirə etməyə hazır olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   Çin  





Xəbər lenti