İsrail Rusiyanın Suriyada iştirakını dəstəkləyir

   İsrail Rusiyanın Suriyada iştirakını dəstəkləyir
  01 Mart 2025    Oxunub:347
İsrail zəif və mərkəzləşdirilməmiş Suriyanın tərəfdarıdır. Bunu şərtləndirən amil isə Suriyadakı Rusiya hərbi bazalarının qorunub saxlanması ola bilər
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Reuters” agentliyinin yazdığına görə, Ankaranın güclənməsi yəhudi dövləti üçün təhlükə yaratdığından Türkiyənin Suriyadakı təsirinə qarşı çıxmaq ümidi ilə İsrail ABŞ-də bu ideyaların lobbiçiliyini edir.

“İsrail fevral ayında Amerika administrasiyası və Konqresin nümayəndələri ilə görüşlərdə ABŞ-yə öz fikirlərini təqdim edib”, - agentlik bildirir.

Vaşinqtonun bu məsələdə mövqeyi qeyri-müəyyən olaraq qalır. Lakin “Reuters”in mənbələrinin iddiasına görə, İsrail öz vizyonunu təqdim edərkən bəzi ABŞ rəsmiləri Türkiyənin NATO üzvü kimi Təl-Əvivin ən yaxşı təhlükəsizlik təminatçısı olacağını deyib. İsrail nümayəndələri bununla razılaşmayıblar.

Xatırladaq ki, Suriyada Rusiyanın “Tartus” hərbi dəniz bazası və “Xmeymim” aviabazası yerləşir. 2017-ci ildə Rusiya onları 49 il müddətinə icarəyə götürüb.

Suriyanın yeni hakimiyyəti Rusiyadan təzminat istəyib
Ötən ilin dekabrında Suriyada baş verən dövlət çevrilişindən sonra bu ilin yanvar ayında Dəməşqdə Rusiya nümayəndələri ilə bu ölkənin yeni hakimiyyət orqanları arasında ilk danışıqlar aparılıb. Onların nəticələrindən sonra nümayəndə heyətinin üzvü, Rusiyanın Xarici İşlər nazirinin müavini Mixail Boqdanov bildirib ki, ərəb ölkəsindəki Rusiya bazaları ilə bağlı heç nə dəyişməyib.

Həmin görüşdən iki həftə sonra isə Rusiya prezidenti Vladimir Putinlə keçid dövründə Suriyanın prezidenti olan Əhməd əş-Şaara arasında telefon danışığı olub. Söhbət əsnasında Putin “Rusiyanın Suriyada sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına, o cümlədən əhaliyə humanitar yardım göstərməyə daim hazır olduğunu” təsdiqləyib və tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Suriya   İsrail  





Xəbər lenti