Britaniyalılar ABŞ-dəki səfirlərinə qəzəbləniblər

   Britaniyalılar ABŞ-dəki səfirlərinə qəzəbləniblər
  03 Mart 2025    Oxunub:375
Böyük Britaniyanın ABŞ-dəki yeni səfiri Piter Mandelson Ukrayna ilə bağlı mübahisəli açıqlaması ilə Britaniya siyasətçiləri və ictimaiyyətinin diqqətini çəkib.
AzVision.az bildirir ki, “The Guardian” nəşrinin yazdığına görə, Mandelson ilk olaraq Kiyevin atəşkəsə əməl etməsi təklifini verib və Rusiyanı ondan nümunə götürməyə çağırıb.

“Avropalılar atəşkəs çağırışlarını dəstəkləməlidirlər. İnanıram ki, Ukrayna atəşkəsə ilk əməl etməli və rusları buna əməl etməyə çağırmalıdır”, - səfir deyib.

Mandelson, həmçinin Ağ Evdəki mübahisədən sonra mineralların hasilatı barədə Ukrayna ilə ABŞ arasında saziş imzalanmasının vacibliyini qeyd edib. O, ABŞ və Ukrayna arasında münasibətlərdə “radikal sıfırlama”nın zəruriliyini vurğulayaraq, Zelenskini Trampın müharibəyə son qoymaq təşəbbüsünü dəstəkləməyə çağırıb.

Səfirin bu bəyanatları Böyük Britaniyada narazılıq doğurub. Mühafizəkarların keçmiş Xarici İşlər naziri Ceyms Kleverli bildirib ki, səfir öz şəxsi fikirlərini deyil, hökumətin mövqeyini ifadə etməlidir.

Kölgə kabinetin Xarici İşlər naziri Vendi Morton da Mandelsonun şərhlərinə təəccübləndiyini və belə bəyanatların qəribə olduğunu vurğulayıb. Liberal Demokratların lideri Ed Davey isə xatırladıb ki, səfir Ukrayna müttəfiqlərini qorumalı, prezident Zelenskiyə göstəriş verməməlidir.

Bu iradların qarşılığında Piter Mandelson onun sözlərinin yanlış şərh olunduğunu və bəyanatlarının sadəcə Böyük Britaniya hökumətinin siyasətini əks etdirdiyini diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Mandelson   Ukrayna   tənqid  





Xəbər lenti