ABŞ-siz Avropa Ukraynaya sülhməramlılar göndərməyəcək

   ABŞ-siz Avropa Ukraynaya sülhməramlılar göndərməyəcək
  06 Mart 2025    Oxunub:450
Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyəti ABŞ-nin iştirakı olmadan Ukraynaya sülhməramlılar göndərmək istəmir.
AzVision.az xəbər verir ki, adını açıqlamadığı avropalı məmura istinad edən İspaniyanın “El Pais” qəzeti belə məlumat yayıb.

“Əksər üzv dövlətlərin mesajı ondan ibarətdir ki, Ukraynaya hərbi dəstək davam etməlidir. Növbəti addım təhlükəsizlik zəmanətləri və Aİ-nin nə edə biləcəyini nəzərdən keçirməkdir”, - məmur qəzetə bildirib.

Lakin, onun sözlərinə görə, atəşkəs hələ əldə olunmadığı üçün bu, vaxtından əvvəl məsələdir. Bununla belə, Aİ-nin bəzi dövlətlərinin artıq Ukraynaya qoşun yeritməyə hazır olduqlarını açıqladıqları faktını da inkar etmək olmaz.

Xatırladaq ki, fevralın sonunda ABŞ, Rusiya, Alkmaniya və Fransa da daxil olmaqla 57 ölkənin təmsil edildiyi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukrayna ərazisinə sülhməramlı kontingent göndərə bilməsi açıqlanmışdı. Amma İtaliya hökuməti Ukraynaya sülhməramlıların göndərilməsi ideyasını tənqid etmişdi.

Bu arada Türkiyə hökumətindəki mənbələrə istinad edən “Milliyet” qəzeti Ankaranın bu məsələ ətrafında müzakirələr aparmağa hazır olduğunu yazıb.

“Bölgədə sabitliyin möhkəmlənməsinə kömək edərsə, Türkiyə Ukraynaya sülhməramlıların göndərilməsinə töhfəsini müzakirə etməyə hazırdır. Türkiyənin Müdafiə Nazirliyi və digər idarələri Ukraynadakı münaqişənin həllinə yönəlmiş diplomatik səyləri diqqətlə izləyir”, - qəzet mənbənin dediklərindən sitat gətirir.

Qəzetin yazdığına görə, Ankaranın hələ konseptual şəkildə rəsmiləşdirilməmiş və müxtəlif mətbuatda müzakirə olunan missiyaya töhfəsi məsələsi regional sabitliyin və sülhün təmin edilməsi üçün zəruri sayılarsa, bütün tərəflərlə qarşılıqlı müzakirə olunacaq.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmakrı Emmanuel Makronla söhbətində münaqişənin hər iki tərəfinin iştirakı ilə Ukraynada sülh barədə danışıqlara başlanması zərurətini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ     Ukrayna   sülhməramlılar  





Xəbər lenti