Rumıniyada Rusiya ilə əlaqəyə görə 6 adam saxlanılıb

“Müstəntiqlər beş təqsirləndirilən şəxsin hələ 2023-cü ildə cinayətkar qrup yaratdığını müəyyən ediblər. 2024-cü ildə altıncı üzv onlara qoşulub. Qrup “Vlad Tsepeş Komandanlığının Baş Qərargahı” adlandırılıb. Onun lideri istefada olan 101 yaşlı general Radu Teodoro altı təqsirləndirilən şəxsdən biridir. Müəyyən edilib ki, cinayətkar qruplaşma üzvləri həm Rumıniyada, həm də Rusiyada yerləşən xarici dövlətin agentləri ilə dəfələrlə əlaqə saxlayıblar”, - mənbələrin radionun Rumıniya xidmətinə ötürdükləri məlumatda deyilir.
Prokurorluğun məlumatına görə, bu ilin yanvar ayında Moskvaya gedən iki müttəhim orada Rumıniyada hakimiyyəti ələ keçirmək cəhdlərini dəstəkləməyə hazır olan insanlarla əlaqə saxlayıblar.
İtintaq çərçivəsində Rumıniyanın müxtəlif bölgələrində səkkiz axtarış aparılıb. Martın 6-da Buxarest Apellyasiya Məhkəməsi dörd təqsirləndirilən şəxsin həbsi, digər ikisinin isə ev dustaqlığı barədə qərar qəbul etməlidir.
Qeyd edək ki, bundan əvvəl Rumıniyanın Xarici İşlər nazirliyi Rusiya səfirliyinin hərbi attaşesi Viktor Makovskini və köməkçisi Yevgeni İqnatyevi persona non-qrata elan edərək, onlara ölkədən dərhal çıxmasına göstəriş verib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rumıniya Rusiya həbslər