Azərbaycan nümayəndə heyəti “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirakı edib

Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev, Azərbaycandakı dini konfessiyaların rəhbərləri - Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Azərbaycandakı Katolik icmasının rəhbəri, Roma Katolik Kilsəsinin Apostol prefekti Yepiskop Vladimir Fekete və Alban-Udi icmasının başçısı Robert Mobili, EDARA sədri Brahim Laytuss, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak ediblər.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Konfransda çıxış edib, multikultural dəyərlər ölkəsi Azərbaycan adından xalqımızın, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xeyir-dualarını yetirməkdən şərəf duyduğunu bildirib.
“İslam dünyasının ayrılmaz parçası, tarixən Şərq ilə Qərb arasında körpü rolunu oynayan, müxtəlif sivilzasiyaların bir araya gəldiyi Azərbaycanda bizim multikultural ənənəmiz, həyat tərzimizdir. Azərbaycan dünyada nadir məkanlardandır ki, müxtəlif din və məzhəb ardıclıları arasında tarixən heç bir qarşıdurma baş verməmişdir, müsəlmanlar, pravoslavlar, yəhudilər, katoliklər və digər dini konfessiyaların ardıcılları cəmiyyətimizin bərabərhüquqlu vətəndaşları olaraq ictimai həyatın bütün sahələrində birgə iştirak edir, ibadətlərini sərbəst həyata keçirirlər", - QMİ-nin sədri vurğulayıb.
Şeyxülislam Allahşükür Paşazadə öz çıxışında Azərbaycanın multikultural həyat modelinin əhəmiyyətinə diqqət çəkib vurğulayıb: “Müstəqil Azərbaycanda dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğunun bünövrəsində Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi və Prezident İlham Əliyevin müdrik dövlətçilik siyasəti durur.
Azərbaycan Prezidenti multikulturalizmi “Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasəti” kimi dəyərləndirərək onu dövlət siyasəti səviyyəsində bərqərar etmişdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dünya miqyasında multikulturalizmin təbliği sahəsində humanitar mədəni-mənəvi fəaliyyəti ilə beynəlxalq müstəvidə sivilizasiyalararası dialoq və əməkdaşlıq işinə böyük töhfələr verir. Müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışı sahəsində tarixi təcrübəyə malik Azərbaycan dövləti və dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi dünya miqyasında dinlərarası dialoqun təşviqi yönündə beynəlxalq səylərə öz töhfəsini verir, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası əməkdaşlıq prosesində fəal və aparıcı rol oynayır.
Dinindən, milliyyətindən asılı olmayaraq bəşər övladları olaraq insanları birləşdirən, bir araya gətirən məqamların ayıran, fərqləndirən cəhətlərdən daha çox və daha mühüm olduğunu bildirən Şeyxülislam Allahükür Paşazadə deyib ki, Müsəlmanların müqəddəs Kitabı Qurani-Kərimdə buyurulur ki, Möminlər qardaşdırlar. Həmrəylik məramlı Brüssel Konfransı bu baxımdan özəl əhəmiyyət kəsb edir. Xristian və İslam dünyasının böyük şəxsiyyətləri - Zati-müqəddəsləri Roma Papası Fransisk və Əl-Əzhərin Böyük İmamı Əhməd ət-Tayyib həzrətlərinin 2019-cu ildə imzaladıqları İnsan Qardaşlığına dair sənəd bu baxımdan dəyərli istinad nöqtəsidir. Belçika Kralı Filip Əlahəzrətlərinin Belçika və Avropada İslam Dünyası İli təşəbbüsü mühüm əhəmiyyətli tarixi hadisə və bizim üçün olduqca dəyərli töhfədir.
Azərbaycanın işğal əsarətindən qurtardığı torpaqlarda gedən genişmiqyaslı quruculuq işləri barədə danışan Şeyxülislam Allahşükür Paşazadə bütün dinlərə məxsus məbədlərin dövlətimiz tərəfindən bərpa edildiyini diqqətə çatdıraraq əlavə edib ki, Azərbaycanın Qarabağ ərazisi 30 ilə yaxın Ermənistan tərəfindən hərbi təcavüzə və genosidə məruz qalmışdır. Şükürlər olsun, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində torpaqlarını işğaldan azad etdi, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, bununla da BMT-nin 4 qətnaməsi ilə tanınan hüququnu gerçəkləşdirdi. İşğal dövründə od vurulan torpaqlarımıza bu gün həyat verən dövlətimiz törədilmiş vandalizm aktlarının nəticələrini aradan qaldırmaq yönündə böyük iş aparır, dağıdılmış, təhqir olunmuş bütün məbədləri - müsəlman, xristian, yəhudi dini-mənəvi abidələrimizi bərpa edir, yenidən qurur. Azərbaycanın paytaxtı Bakının mərkəzində erməni kilsəsinin binası dini abidə kimi qorunub saxlanıldığı halda, Ermənistan paytaxtı İrəvanda vaxtilə azərbaycanlıların yaşadığı Təpəbaşı məhəlləsində tarixi məscid binasına həqarət olunur. Təəssüf ki, erməni kilsəsi isə xalqını sülhə hazırlamaq əvəzinə yenidən müharibə çağırışları, revanşist bəyanatlarla çıxış edir. Budur multikultural Azərbaycanla monoetnik Ermənistanın fərqidir!.
Dünyada, o cümlədən, Avropanın bəzi ölkələrində yayılan nifrət nitqləri, çağırışlarının tolerantlıq, multikulturalizmə ən böyük təhlükə olduğunu xatırladan Şeyxülislam Allahşükür Paşazadə deyib: “Dünyada baş verən müharibə və münaqişələr, təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları hamımızı narahat edir. Biz dünyada sülhün bərpası üçün dualar edirik. Biz, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, habelə antisemitizm, islamofobiya və xristianafobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyirik”.
Konfrans iştirakçılarının suallarını cavablandıran Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiya başçıları Azərbaycanın tolerantlıq modeli, multikultural həyatı ilə bağlı nümunələrdən ətraflı bəhs ediblər.
AzVision.az
Teqlər: Avropa İslamdünyası