Azərbaycan və Qazaxıstan XİN-ləri fəaliyyət planı imzalandı

   Azərbaycan və Qazaxıstan XİN-ləri fəaliyyət planı imzalandı
  11 Mart 2025    Oxunub:581
Martın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Geniştərkibli görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Tərəflər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluqlarını bildirib, ölkələrimiz arasında ali və yüksəksəviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyi vurğulanıb. Ötən il Azərbaycan Prezidentinin Qazaxıstana iki, Qazaxıstan Prezidentinin isə ölkəmizə üç səfərinin ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğu bildirilib.

İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. Nazir Ceyhun Bayramov qardaş ölkələr, o cümlədən Mərkəzi Asiya ölkələri və Qazaxıstanla əlaqələrin bütün sahələrdə gücləndirilməsinin xarici siyasətimizin əsas prioritetlərindən olduğunu qeyd edib.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, habelə qarşılıqlı maraq doğura biləcək yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi barədə fikir mübadiləsi aparılıb.

Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif sahələr üzrə təşəbbüslərin irəli sürülməsinin, ali və yüksək səviyyədə toplantıların keçirilməsinin, əhəmiyyətli qərarların qəbulunun, habelə təşkilatın beynəlxalq arenada nüfuzunun gücləndirilməsi və institusionallaşması istiqamətində əməkdaşlığımızın təqdirəlayiq olduğu bildirilib.

Beynəlxalq platformalardan bəhs edərkən, ötən ilin noyabrında Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29-da Qazaxıstanın ən yüksək səviyyədə təmsil olunmasının, tədbirin işində yaxından iştirakının və ölkəmiz tərəfindən irəli sürülmüş təşəbbüslərə qoşulmasının yüksək qiymətləndirildiyi vurğulanıb.

Nəqliyyat-kommunikasiya istiqamətlərinə gəlincə, Orta Dəhlizin ayrılmaz komponenti olan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlığın genişləndirilməsinin, habelə “Rəqəmsal İpək Yolu” layihəsinin əsas hissəsi olan Bakı ilə Aktau arasında inşası planlaşdırılan “Xəzər dənizinin dibi ilə fiber-optik kabel magistralı” layihəsinin Azərbaycan-Qazaxıstan əməkdaşlığının daha dinamik xarakter almasına xidmət edəcəyinə əminlik ifadə olunub.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minatəmizləmə fəaliyyəti, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı durumu barədə məlumatlandırılıb.

İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa edilməsi minnətdarlıq hissi ilə vurğulanıb.

Qazaxıstan tərəfinin sülh prosesinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirilib, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi layihəsi üzrə ikitərəfli danışıqlar prosesi çərçivəsində qazanılan nailiyyətə baxmayaraq, Ermənistan konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmiz əleyhinə ərazi iddialarının davam etdirilməsinin, Minsk qrupunun saxlanması ilə bağlı Ermənistan tərəfinin mövqeyinin fundamental problem olaraq qaldığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda nazirlər Xarici İşlər nazirlikləri arasında 2025-2026-cı illər üzrə fəaliyyət planını imzalayıblar.

Daha sonra nazirlər görüşün yekunlarına dair mətbuat konfransında bəyanatlarla çıxış ediblər.


AzVision.az


Teqlər:





Xəbər lenti