ABŞ Almaniyadan Ermənistana hərbi texnika daşıyır

   ABŞ Almaniyadan Ermənistana hərbi texnika daşıyır
  17 Mart 2025    Oxunub:675
ABŞ Ordusu Material Komandanlığı Almaniyanın Dülmen şəhərindəki hərbi bazadan yüzlərlə hərbi texnika və nəqliyyatı Gürcüstan vasitəsilə Ermənistandakı Zar hərbi bazasının poliqonlarına daşımağı planlaşdırır.
ABŞ Dövlət Satınalma Portalında göstərilən məlumata görə, ümumilikdə 151 ədəd hərbi texnikanın (nəqliyyat, generatorlar, xüsusi konteynerlər və s.) Ermənistana transferinin iyulun 16-dan avqustun 7-dək aparılması, avqustun 21-dən sentyabrın 20-dək isə yenidən Almaniyaya qaytarılması nəzərdə tutulur.

Almaniyanın Dülmen şəhərində ABŞ Ordusunun 405-ci Sahə Dəstək Briqadası yerləşir. Bu briqada ABŞ-nin Almaniya, Polşa, İtaliya, Niderland, Belçika və digər ölkələrdəki arsenal şəbəkələrinə dəstək verən əsas logistika operatorudur.

Transferə dair müqavilədə bir məqam maraq doğurur. Bildirilir ki, "diplomatik icazələrlə bağlı çətinliklər səbəbi ilə" texnika Rusiya, Türkiyə və ya Azərbaycan ərazisi ilə daşına bilməz.

Hərbi mütəxəssislər "Russia Today" telekanalına açıqlamada Vaşinqtonun bu addımını "Pentaqon"la Ermənistan Ordusu arasında keçirilməsi mümkün birgə təlimlərlə əlaqələndirirlər. Hərbi elmlər doktoru Konstantin Sivkovun sözlərinə görə, ABŞ qoşunlarının Ermənistanda fəaliyyətini artırması Vaşinqtonun Zaqafqaziyada təsirini gücləndirmək məqsədindən xəbər verir.

"Burada həm də İrəvanın Avropa İttifaqı ölkələri ilə Zaqafqaziyada hərbi əməkdaşlığını məhdudlaşdırmaq niyyəti var. Hərçənd ABŞ-nin bu addımları Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü (dondurulsa belə) fonunda ziddiyyət yaradır", - ekspert deyib.

Xatırladaq ki, 2024-cü ildə ABŞ və Ermənistan arasında "Eagle Partner 2024" birgə hərbi təlimləri keçirilib. Tərəfdaşlıq çərçivəsində ABŞ Ordusunun nümayəndəsi Ermənistanın Müdafiə Nazirliyində fəaliyyətə başlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Ermənistan   Almaniya   hərbi-texnika  





Xəbər lenti