İtaliya: "Kiyevə 40 milyardlıq yardım planı suallar doğurur"

   İtaliya:    "Kiyevə 40 milyardlıq yardım planı suallar doğurur"
  17 Mart 2025    Oxunub:604
Avropa İttifaqının Ukraynaya 40 milyard avroya qədər hərbi yardım göstərməsi planı İtaliyada suallar doğurur. Plan ölkənin Müdafiə Nazirliyi ilə birlikdə qiymətləndiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani “La Stampa” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda gündəmə çevrilən məlum təklif ətraflı şəkildə və düzgün izah edilməli, detallar diqqətlə təhlil olunmalı və qiymətləndirilməlidir.

Avropa Kiyevə hərbi yardım barədə razılığa gələ bilmir
Tayani onu da vurğulayıb ki, İtaliya həmişə Ukraynaya kömək edib. Lakin indiki xərclərin nələrin hesabına başa gələcəyini anlamaq lazımdır. Çünki NATO-nun xərc parametrlərinə cavab vermək üçün proseslərə çoxlu pul yatırılmalıdır. Eləcə də Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Avropanın yenidən silahlanması (Rearm Europe) planına xərclər ayrılmalıdır.

Bundan öncə Avropa İttifaqının (Aİ) xarici işlər naziri Kaya Kallas Aİ xarici işlər nazirlərinin iclasına gələrkən diqqət çəkən açıqlama vermişdi. O, deyib ki, Avropa İttifaqı Ukraynaya 40 milyard avro dəyərində yeni yardım tranşının ayrılması təklifini təsdiq etməzdən əvvəl bir çox detallar üzərində razılaşmalıdır.

"Bu qərara ümumi siyasi dəstək var. Lakin hələ razılaşdırılmalı olan bir çox detallar da var. Müdafiə nazirləri də bu məsələ ilə bağlı çıxış etməlidirlər və biz onları dinləmək niyyətindəyik", - o qeyd edib.

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto isə mövzu ilə bağlı Kiyevin əleyhinə olan açıqlamalar verib. O, Belçikanın paytaxtına yola düşərkən deyib ki, Macarıstan Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Ukraynaya avropalı vergi ödəyiciləri hesabına hərbi yardımın davam etdirilməsinə qarşı çıxış edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İtalya   Ukrayna   Yardım  





Xəbər lenti