General Hodges: "ABŞ ordusunun Avropadan çıxması an məsələsidir"

      General Hodges:    "ABŞ ordusunun Avropadan çıxması an məsələsidir"
  17 Mart 2025    Oxunub:625
ABŞ ordusunun Avropadakı keçmiş komandanı təqaüddə olan general Ben Hodges diqqət çəkən açıqlamalar verib.
O, “Blick” qəzetinə müsahibəsində deyib ki, ABŞ qoşunlarının Avropadan çıxarılması an məsələsidir.

“Yeganə sual onun (ABŞ prezidenti Donald Trampın – red.) nə vaxt və neçə əsgərini geri çəkəcəyidir”, - general qeyd edib.

ABŞ Almaniyadan Ermənistana hərbi texnika daşıyır
Hodgesin sözlərinə görə, Pentaqon hazırda Avropada 100 min əsgəri üç proqram vasitəsilə maliyyələşdirir. Bunlar müntəzəm büdcə, Avropa çəkindirmə təşəbbüsü (EDI) və Ukrayna üçün xüsusi fondlardır.

“Bu xüsusi fondlar tükənmək üzrədir. Yeni vəsait olmasa, yəqin ki, 10 000 Amerika əsgərini Avropadan çıxarmaq lazım gələcək”, - ABŞ ordusunun Avropadakı keçmiş komandanı əlavə edib.

Fevralın 25-də Litvanın müdafiə naziri Dovile Şakaliene bəyan edib ki, Avropa İttifaqına aid qüvvələr Amerika Birləşmiş Ştatlarının müdafiə potensialını əvəzləyə bilməyəcək. Nazir etiraf etib ki, Avropada “amerikalıları əvəz edəcək heç kim yoxdur”.

Martın əvvəlində “The Washington Post” (WP) öz mənbələrinə istinadən yazmışdı ki, ABŞ Avropadan 20 minə qədər hərbçini çıxaracaq.

Qeyd edək ki, bu gün ABŞ ordusunun Material Komandanlığı Almaniyanın Dülmen şəhərindəki hərbi bazadan yüzlərlə hərbi texnika və nəqliyyat vasitəsini Gürcüstandan keçməklə Ermənistandakı Zar hərbi bazasının poliqonlarına daşımağı planlaşdırması barədə məlumatlar da yayılıb.

ABŞ Dövlət Satınalma Portalında göstərilən məlumata görə, ümumilikdə 151 ədəd hərbi texnikanın (nəqliyyat, generatorlar, xüsusi konteynerlər və s.) Ermənistana transferinin iyulun 16-dan avqustun 7-dək aparılması, avqustun 21-dən sentyabrın 20-dək isə yenidən Almaniyaya qaytarılması nəzərdə tutulur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Ordu   General   Avropa  





Xəbər lenti