Politico: “Budapeştin mövqeyinə Rubio təsir edib”

      Politico:    “Budapeştin mövqeyinə Rubio təsir edib”
  17 Mart 2025    Oxunub:640
Macarıstanın Xarici İşlər naziri Peter Siyarto ilə ABŞ-nin Dövlət katibi Marko Rubio arasında telefon danışığından sonra Budapeşt Avropa İttifaqının (Aİ) yanvarda başa çatacaq anti-Rusiya sanksiyalarının müddətinin uzadılmasına razılaşıb.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Politico” nəşrinin yazdığına görə, qışda Macarıstan növbəti dəfə məhdudiyyətlərə qarşı çıxdı, lakin Aİ-dən enerji təhlükəsizliyi zəmanəti aldıqdan sonra buna razılaşdı.

Budapeşt sanksiyaları uzatmaqdan imtina etdiyini əsas gətirərək, digər məsələlərlə yanaşı, ABŞ-də respublikaçı Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsinə də diqqət çəkib.

“Macarıstanın baş naziri Viktor Orban deyib ki, Trampın dövründə “yeni dövr” açılacaq, bu dövrdə “sanksiyaları pəncərədən atmaq” və “ruslarla sanksiyasız münasibətlər yaratmaq” lazımdır. Bununla belə, Tramp vəzifəyə gəldikdən dərhal sonra Moskvanı Ukrayna ilə erkən danışıqlara çağırıb, əks halda Rusiyanın bütün ixracatına yeni sanksiyalar qoyacağı barədə xəbərdarlıq edib”, - qəzet vurğulayır.

Qəzetin mənbələrinin dediyinə görə, bundan sonra Marko Rubio Peter Siyartoya zəng edərək, onu Aİ-nin “sanksiya rejimini pozmamağa” çağırıb. Məhz bu söhbət Budapeşti “geri çəkilməyə” və onu Rusiyaya qarşı sanksiyaları uzatmağı inandırmağa kömək etdi.

Macarıstan XİN bununla bağlı “Politico” nəşrinin şərh sorğusuna cavab verməyib. Polşanın Xarici İşlər naziri Radoslav Sikorski də Budapeştin qərarında Trampın Moskvaya qarşı sanksiyalar tətbiq etməklə hədələmələrinin rol oynadığını bildirib. Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra o, “Məncə, prezident Tramp burada kömək etdi” ifadəsini işlədib.

- Rusiyanın hərbi əməliyyatları zamanı Macarıstan Aİ ölkələrinin əksəriyyətinin qərarlarına, o cümlədən Ukraynaya yardım və sanksiyalara qarşı dəfələrlə veto qoyub. Budapeştin mövqeyinə görə Avropa rəsmiləri yenidən Macarıstanın səsvermə hüququndan məhrum edilməsinin mümkünlüyünü müzakirə etməyə başlayıblar. Aİ siyasətçilərinin səbri “son həddə”dir. Moskva isə sanksiyaları qanunsuz sayır”, - mənbələrə istinad edən “Financial Times” qəzeti yazır.

Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyaları Aİ Şurasının ayrıca qərarı ilə ildə iki dəfə - yanvar və iyul aylarında uzadılır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rubio   Siyarto   təsir  





Xəbər lenti