Avropa Putin-Tramp danışığını titrəyərək gözləyir - "Bild"

   Avropa Putin-Tramp danışığını titrəyərək gözləyir    - "Bild"
  18 Mart 2025    Oxunub:609
Avropa liderləri Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında baş tutacaq telefon danışığını “titrəyərək” gözləyirlər. Onlar bunun nəticələrinin yarımqitənin təhlükəsizliyinə dağıdıcı təsir göstərə biləcəyindən qorxurlar.
Bu fikirlər “Bild”də dərc olunan məqalədəndir.

"Çərşənbə axşamı Donald Tramp və Vladimir Putin Ukraynanın, hətta ola bilsin ki, Avropanın da gələcəyini müzakirə edəcəklər. Ona görə də Avropanın paytaxtlarında təşvişlə yanaşı, eyforiya da var",- nəşr yazıb.

Habbard Tramp və Putindən məhsuldar danışıqlar gözləyir
Müəllifin fikrincə, rəsmi Kiyev qorxur ki, Tramp Rusiya qoşunlarının hələlik nəzarət edə bilmədiyi əraziləri də Rusiyaya verməyə razılaşa bilər. Finlandiya, Estoniya, Latviya, Litva və Polşada isə Amerika qoşunlarının Avropadan çıxarılmasından və bundan sonra bir neçə il ərzində Rusiya ordusunun qitəyə yeni hücumundan qorxurlar. Bununla əlaqədar olaraq, adı çəkilən ölkələr son həftələrdə Piyadalara Qarşı Mina Qadağası Konvensiyasından çıxmağa hazır olduqlarını bəyan ediblər.

Qəzet yazıb ki, Paris və London artıq ən pis ssenariyə hazırlaşır. Məhz buna görə, onların Moskvanın iradəsinə zidd şəkildə Ukraynaya sülhməramlılar göndərmək planları getdikcə daha çox real forma alır.

“Əgər Tramp Ukraynanı qatarın altına atsa, Avropa İttifaqının nüfuzlu ölkələri təcili şəkildə proseslərə qarışacaq və bu, Vaşinqtonla Moskva arasında yeni qarşıdurmaya da gətirib çıxaracaq”, - müəllif fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Putinlə Trampın çərşənbə axşamı telefon danışığı olacaq. Kremlin mətbuat katibi Dmitri Peskov da artıq telefon danışığı ilə bağlı hazırlıqların getdiyini təsdiqləyib. Kreml bəyan edib ki, söhbət üçün bütün aktual məsələləri, ilk növbədə Ukrayna münaqişəsinin nizamlanması üzrə tezislər hazırlayacaqlar. Tramp isə jurnalistlərə açıqlamasında deyib ki, o, Ukrayna münaqişəsi kontekstində diqqəti ərazi və infrastruktur məsələlərinə yönəltməyi planlaşdırır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Tramp   Avropa  





Xəbər lenti