Zelenskinin etirafı: “Ərazi məsələləri müzakirə olunacaq”

      Zelenskinin etirafı:    “Ərazi məsələləri müzakirə olunacaq”
  19 Mart 2025    Oxunub:499
Müharibəyə son qoymaq üçün gələcək sülh danışıqlarında ərazi məsələləri də müzakirə ediləcək.
AzVision.az xəbər verir ki, bu gün Helsinkidə keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti Volodimir Zelenski “European Pravda” nəşrinin mavafiq sualının cavabında belə deyib.

“Ərazilərə gəlincə, bu, yəqin ki, gələcək danışıqlarda həssas və çətin məsələlərdən biri olacaq. Amma nizamlanma yolunda ilk addım qeyd-şərtsiz atəşkəs olmalıdır. Hətta buna nail olmaq üçün “səmada sükut, dənizdə sükut kimi” yollardan keçmək lazım gəlsə belə”, - Ukrayna prezidenti bildirib.

“Aİ Ukrayna üzrə danışıqlar masasında yer alacaq” - Bloomberg
Onun sözlərinə görə, daha sonra digər məsələlərə, o cümlədən ərazi məsələlərinin də qaldırılacağı məqamlara keçmək lazım gələcək. Amma bu məsələdə Kiyev üçün “qırmızı xətt” Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin Rusiya tərəfindən tanınmasıdır. Çünki Kiyev bununla razılaşmayacaq.

- Ukrayna Rusiya ilə müharibədə mütləq qalib gələcək və müharibə bu il layiqli sülhlə başa çata bilər. Kiyev Rusiyanın hazırda işğal etdiyi ərazilərin Rusiya tərəfindən tanınmasına razı olmayacaq. Hərbi əməliyyatların bərpasının qarşısını almaq üçün isə təhlükəsizlik təminatları olmalıdır”, - Volodimir Zelenski vurğulayıb.

O, həmçinin bu gün ABŞ prezidenti Donald Trampla söhbətinin anonsunu verib. Zelenski Trampla növbəti addımların təfərrüatlarını müzakirə edəcəyinə və Amerika liderindən onun Rusiya prezidenti Vladimir Putinlə söhbətinin təfərrüatlarını eşidəcəyinə ümidli olduğunu deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   ərazilər   müzakirə  





Xəbər lenti