Azərbaycan Prezidenti Cao Lıci ilə görüşüb

   Azərbaycan Prezidenti Cao Lıci ilə görüşüb
  23 Aprel 2025    Oxunub:560
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb.
Cao Lıci Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafını, beynəlxalq səviyyədə nüfuzunun artmasını, iqtisadi sahədə qazandığı nailiyyətləri, əhalinin rifah halının yaxşılaşdığını məmnunluqla qeyd etdi. Bildirdi ki, Çinlə Azərbaycan arasındakı əlaqələr səmimi dostluq və strateji tərəfdaşlıq münasibətləridir. O, iki ölkənin liderlərinin səyləri sayəsində bu gün əlaqələrimizin öz tarixinin ən yüksək inkişaf dövrünü yaşadığını dedi.

Prezident İlham Əliyev də öz növbəsində vurğuladı ki, bu gün münasibətlərimiz artıq özünün ən yüksək inkişaf mərhələsinə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.

Dövlətimizin başçısı Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pislədiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın və Çinin terrorçuluq, ekstremizm, separatizm və radikalizmə qarşı mübarizədə birgə səylərlə çıxış etdiklərini dedi.

Görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunuldu, Orta Dəhlizin əhəmiyyəti vurğulandı. Son dövrlərdə Çin şirkətlərinin Orta Dəhliz üzrə daşımalarının 80 faizdən çox artdığı diqqətə çatdırıldı, ticarət dövriyyəsinin 20 faiz artımı məmnunluqla qeyd edildi.

Çinlə Azərbaycanın parlamentlərarası əməkdaşlığın, o cümlədən parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu.

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığa toxunuldu, bu xüsusda idarəçiliyin müxtəlif aspektləri üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulandı, gənclər, mədəniyyət, idman sahələrində əlaqələrin inkişafı və Azərbaycan-Çin Birgə Universitetinin yaradılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələləri qeyd olundu, Çinin “BYD” şirkətinin elektrik avtomobillərinin Azərbaycana ixracı və bir sıra elektrik avtobuslarının yerli səviyyədə istehsalı üçün strateji tərəfdaş kimi müəyyənləşdirildiyi vurğulandı.

AzVision.az


Teqlər:





Xəbər lenti