Ceyhun Bayramov Kaya Kallasla görüşüb

   Ceyhun Bayramov Kaya Kallasla görüşüb
  25 Aprel 2025    Oxunub:352
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Tərəflər arasında keçirilmiş təkbətək və geniş tərkibdə görüşlər zamanı Azərbaycan və Aİ arasında əməkdaşlıq gündəliyinin mövcud vəziyyəti, inkişaf perspektivləri, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar, iqlim dəyişmələri ilə mübarizə daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq imkanları, habelə regional təhlükəsizlik məsələləri və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub.

Bununla yanaşı, görüş zamanı tərəflər Azərbaycan ilə Aİ arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək tədbirlərin, o cümlədən yüksək səviyyəli səfərlərin və qarşılıqlı faydalı təşəbbüslər barədə fikir mübadiləsi aparıb, həmçinin Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə danışıqların mövcud reallıqlar nəzərə alınmaqla, davam etdirilməsinin önəmini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın hər zaman Aİ ölkələri ilə bir-birinin legitim maraqlarının, prioritet məsələlərinin və mövcud reallıqların nəzərə alındığı və hörmət bəslənildiyi bərabərhüquqlu münasibətlərin qurulmasının tərəfdarı olduğunu bildirib.

Nazir Ceyhun Bayramov həmkarına postmünaqişə dövründə bölgədəki vəziyyət, azad edilmiş ərazilərdə aparılan bərpa işləri, mina təhdidi ilə mübarizə və məcburi köçkünlərin qayıdışı barədə məlumat verib. Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqların hazırkı mərhələsi və bu prosesə mane olan amillər, xüsusilə də Ermənistan Respublikasının konstitusiyasında Azərbaycan Respublikasına qarşı ərazi iddialarının mövcudluğu və artıq öz əhəmiyyətini itirmiş olan Minsk Qrupu kimi təsisatların ləğv edilməsi məsələləri diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu vurğulanaraq, ölkəmizin COP29 sədrliyi çərçivəsində xüsusilə maliyyə hədəflərinin artırılması daxil olmaqla, iqlim dəyişmələri ilə mübarizə sahəsində dönüş yarada biləcək tarixi razılıqların, eləcə də “yaşıl enerji” sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə, tərəflər həmçinin gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıb. Görüşlərdən sonra mətbuat konfransı keçirilib, tərəflər bəyanatla çıxış ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti