Türkiyənin ilk astronavtı Alper Gezeravcı KOSMİK Akademiyanın qonağı olub

Türkiyənin ilk astronavtı Alper Gezeravcı KOSMİK Akademiyanın qonağı olub
  25 Aprel 2025    Oxunub:326
24 aprel 2025-ci il tarixində Türkiyənin ilk astronavtı Alper Gezeravcı Bakıya səfəri çərçivəsində Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın qonağı olub.
Səfər Azərkosmosun ev sahibliyi ilə təşkil edilən Kosmik Texnologiyalar Konfransı çərçivəsində baş tutub.

KOSMİK Akademiyada keçirilən görüş və seminar zamanı Alper Gezeravcı iştirakçılarla öz təcrübələrini bölüşüb. O, Türkiyənin Astronavt Proqramı çərçivəsində keçdiyi çoxmərhələli və intensiv hazırlıq prosesi, beynəlxalq əməkdaşlıqlar, eləcə də kosmik səyahətin texniki və mənəvi çətinlikləri barədə ətraflı təqdimatla çıxış edib.

Tədbir çərçivəsində Gezeravcı həmçinin insan iradəsinin və məqsədə sadiqliyin həyatda uğur qazanmaqda oynadığı rola toxunaraq, gəncləri elmə, texnologiyaya və kosmik sahəyə maraq göstərməyə təşviq edib.

Alper Gezeravcının çıxışı seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Çıxışın sonunda isə o, gənclərin suallarını cavablandırıb, onlarla xatirə şəkli çəkdirib və avtoqraf sessiyası keçirib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti