"Əsas məsələ dərk edərək oxumaqdır" - Yüksək bal yığan abituriyent

   "Əsas məsələ dərk edərək oxumaqdır" -    Yüksək bal yığan abituriyent
  19 İyun 2026    Oxunub:213
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanında ən yüksək nəticəni göstərən abituriyentlərdən biri Bakı şəhəri Xətai rayonu Rövşən Əliyev adına 254 nömrəli tam orta məktəbin məzunu Bikə Həmid qızı Səmidova olub. O, buraxılış imtahanında 280.6, qəbul imtahanında isə 383 bal toplayaraq ümumilikdə 663.6 bal nəticə əldə edib.
Bikə Səmidova ali məktəbə qəbul yolunun asan olmadığını, lakin sistemli hazırlığın nəticə verdiyini bildirib. Onun sözlərinə görə, hazırlıq prosesinə 9-cu sinifdən başlayıb və bu müddət ərzində davamlı çalışmaq əsas rol oynayıb.

Abituriyent hazırlıq dövründə bəzi fənlərin daha çox zəhmət tələb etdiyini, ən çox çətinlik çəkdiyi fənnin tarix olduğunu, buna görə də həmin fənn üzərində daha çox çalışdığını söyləyib.

Gələcək planlarından danışan Bikə Səmidova hüquq sahəsinə marağını xüsusi vurğulayıb. O bildirib ki, balı kifayət etdiyi halda Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ingiliscə təhsil almaq istəyir. Alternativ seçim kimi isə ADA Universitetinin Hüquq fakültəsini görür.

“Gələcəkdə özümü peşəkar hüquqşünas kimi görürəm. Eyni zamanda, təhsilimi xaricdə davam etdirmək niyyətindəyəm”, - deyə abituriyent əlavə edib.

Hazırlıq dövründə yalnız dərslə məhdudlaşmadığını qeyd edən abituriyent asudə vaxtına da yer ayırdığını söyləyib: “Ailəm və dostlarımla vaxt keçirirdim. Bəzən telefonda da çox vaxt keçirdiyim olurdu”.

Bikə Səmidova məktəb illərini təkcə dərslərlə deyil, eyni zamanda, müxtəlif fəaliyyətlərlə yadda saxlayıb. O, 10-cu və 11-ci siniflərdə respublika fənn olimpiadalarında iştirak edib və final mərhələsinə yüksələ bilməsə də, bu təcrübənin ona çox şey qazandırdığını deyib. Onun sözlərinə görə, olimpiada hazırlığı düşünmə bacarığını və fənlərə yanaşmanı daha da gücləndirib.

Abituriyent digər şagirdlərə tövsiyə edir ki, uğur qazanmaq üçün yalnız çox oxumaq kifayət deyil: “Əsas məsələ dərsi dərk edərək oxumaqdır. Məqsədli şəkildə çalışan hər kəs istədiyinə çata bilər”.


Teqlər: Təhsil  



Xəbər lenti