“...Hava qaralan kimi bizi mühasirəyə aldılar...” - MÜSAHİBƏ

 “...Hava qaralan kimi bizi mühasirəyə aldılar...” - MÜSAHİBƏ
  24 May 2013    Oxunub:3036
“Melkonyanın qələminin üzərində həyat yoldaşının adı yazılmışdı. Həmin qələm indi də məndədir”.
“Azərbaycan bayrağı" ordenli keçmiş döyüşçü,kəşfiyyatçı İbad Hüseynovun AzVision.az-a müsahibəsi :

-Türkiyədən yenicə müalicədən qayıtmısınız. İndi özünüzü necə hiss edirsiniz?

-Müharibədən qalan problemlər var idi. Minaya düşəndə başımdan çox ağır zədə almışdım. 28 gün komada qalmışdım. Əvvəllər də ağrılarım vardı. Uzun müddət müalicəyə getmədim. Buna baxmayaraq, səhhətimi idmanla qoruyub saxladım. Çox kəskin baş gicəllənmələrim olurdu. Bir dəfə hətta yıxıldım. Sonra Türkiyədəki dostlarım məsləhət gördülər ki, gedib Türkiyədə müalicə alım. Oradakı həkim də çox təəccübləndi ki, belə ağrılarla necə yaşaya bilirəm. Məsləhət gördü ki, belimdən və çiynimdən əməliyyat olunum. Həkimin məsləhəti ilə əməliyyat olundum. Ola bilər ki, yenidən müalicə üçün Türkiyəyə qayıdım. Hələki yaxşıyam.

-Döyüş xatirələrinizlə bağlı nə danışa bilərsiniz?

-Ümumiyyətlə, döyüş xatirələrimi danışmağı xoşlamıram. Bu barədə adətən mənimlə döyüş yolu keçən həmkarlarım danışır. Çox ağır bir döyüş yolu keçmişəm. Qürurla deyirəm ki,düşmənə layiqli cavab vermişəm. Döyüşən zaman heç vaxt düşünməmişəm ki, nə vaxtsa zaman gələcək, bir xanım gəlib, mənə döyüş xatirələrimdən sual verəcək.



- Avo ləqəbli məşhur erməni terrorçusu Monte Melkonyananın ölümü necə baş verdi?

-Melkonyanın ölümü axırıncı əməliyyatım idi. O zaman 22 yaşım vardı. Ona kimi çox terrorçuları öldürmüşdüm. Axırıncı terrorçu Melkonyan idi. Onun öldürülməsi mənə tapşırılmışdı.

Düşünürdülər ki, bu, ağır əməliyyatdır, amma mənim üçün ağır deyildi. Məni çağırıb dedilər ki, belə bir terrorçu göndərilib, Kür çayına kimi torpaqlarımızı tutmaq üçün. Əməliyyata başlamazdan öncə döyüşçülərə dedim ki, bu bizim son əməliyyatımızdır, kim iştirak etmək istəmirsə, bizimlə gəlməyə bilər. 13 nəfər döyüşçü ilə birgə əməliyyata başladıq. Əməliyyatın aparılacağı bütün mövqelərini xəritədə müəyyənləşdirdik. 2 gün Melkonyanın hara gedib, gəlməyini izlədik. Həmin kəşfiyyat Xocavənd ərazisində gedirdi. Üçüncü gün sərhədi keçib ,ermənilərin bazasına getdik. Biz onu izləyirdik. Gördük ki, o gedib postlarını yoxladı. Kuropatkino ilə Muğanlı arasında bir yol var. Gördüm ki, Melkonya həmin yolla gəlir. Orada bir çay var idi, həmin yolda maşını çayda batdı. Özü maşından düşdü. 50 metr aralanmışdı ki, arxasınca iki əsgər də gəldi. Əsgərlərə əli ilə işarə etdi ki, siz maşını çıxarın gəlin. Günorta saat 1 idi. O fikirləşə bilməzdi ki, bu saatda onun qarşısına azərbaycanlı çıxa bilər.

Artıq onu öldürmək üçün hər cür imkanım var idi, arxadan vurmaq imkanım da var idi. Döyüş yoldaşlarıma dedim ki,3 nəfər mənimlə gəlsin. Muğanlı kəndində bir məktəb var idi. Həmin məktəbin dönəcəyində onlara dedim ki, siz gözləyin.

Onun işini özüm bitirəcəm. Məktəbin yanında qarşılaşdıq. Əvvəlcə rus dilində qışqırdım ki, silahı at yerə. Güldü, ona elə gəldi ki, mən zarafat edirəm. Sonra azərbaycan dilində qışqırdım ki, silahı at yerə. Artıq başa düşdü. Ermənicə danışa-danışa silahı mənə yönəltmişdi. Amma görürdüm ki, avtomatın qoruyucusu bağlıdı.
Mən isə tam hazır vəziyyətdə dayanmışdım. O cəld hərəkət etmək istəyəndə ona əvvəlcə bir güllə atdım, yerə yıxıldı, silahı düşdü.



Silaha tərəf sürünürdü. Qaçıb ona bir təpik vurdum. Əl-ayağını büküb, başını kəsdim. Bizimkilər sevinirdi, amma bilirdim bu belə qurtarmayacaq. Hava qaralan kimi bizi mühasirəyə aldılar. Mən sərhədi keçib qaçmaq əvəzinə əksinə onlar tərəfə getdim. Səhər açıldı biz onları yanıltmışdıq. Düşünürdülər ki, artıq Azərbaycan tərəfə keçmişik. Sərhədi keçəndən sonra havaya bir güllə atdım ki, biz burda idik, indi gedirik. Üç gün idi öz bölməmizlə əlaqə saxlaya bilmirdik. Mən ratsiyanı açanda komandirimiz çox sevindi, elə bilirdilər ki, ölmüşük. Terroristin şəkillərini və bəzi sənədləri komandirə təhvil verdim, qələmindən başqa. Qələm indi də məndədir. Həmin qələmin üzərində Melkonyanın həyat yoldaşının adı yazılmışdı.

Öz tərəfimizə keçəndə hər kəs sevinirdi. Mən isə fikirləşirdim ki, bu işin axırı yaxşı bitməyə bilər. Bundan başqa onların çox böyük bir qərargahını dağıtmışdım...

Hamı deyir ki, torpaq qayıtsın, amma deyən yoxdur ki, qisas alınsın.

1992 –ci ildə şəklimi çəkib şəhidlərin şərəf lövhəsinə vurdum. Dostlarımı itirdikcə düşmənə qarşı nifrətim birə-min artırdı. Adamlar adətən ölüm görəndə qaçıb canını qutarmağa çalışır. Məndə isə əksinə qisas hissi artırdı. Həmişə deyirəm ki, bizdə torpağı qaytarmaq hissi yox, qisas hissi olmalıdır. Hamı deyir ki, torpaq qayıtsın, amma deyən yoxdur ki, qisas alınsın.

Qorxuram ki, torpaqlarımızı sülh yolu ilə qaytarsaq, ermənilər desinlər ki, “alın, bu da sizin torpaq!”
Biz torpaqlarımızı döyüşərək geri qaytarmalıyıq. Onlardan qisas almalıyıq!

-Dövlətimizin qəhrəmanlarına daim qayğı göstərməsi hər kəsə bəllidir. Bəlkə başqa arzularınız, istəkləriniz də var?

-Dəyər qiymət dalınca düşsək, deyə bilərdim. Dövlət bizə nə dəyər verirsə odur. Biz dəyər dalınca düşmürük.

-Gənc nəsil qəhrəmanlarımızın yetərincə tanınmaması fikri ilə razısınızmı? Əgər belədirsə buna səbəb nədir?

- Qəhrəmanlar elədir ki, onların hamısını tanımaq çətindir. Ola bilməz ki, bir nəfər bütün qəhrəmanları tanısın. 5 qəhrəmanı biri tanıyarsa, 5-ni digəri. Amma hamısı tanınmalıdır. Qəhrəmanların döyüş yollarının göstərilməsi vacibdir. Çünki onların döyüş yolu xalqın döyüş yoludur. Hər kəs bilməlidir ki, qəhrəmanı hansı keşməkeşli yollardan keçib, nə edib ki, ona qəhrəman adı verilib. Qəhrəmanlar müxtəlifdir. Qəhrəman var ki, döyüşə getməsə də, ətrafdakılara onun varlığını bilmək bəs edir. Çətin anlarda onları qoruya biləcək birinin olması güc verir hər kəsə. Mənim Xocavənddə olmağım bəs idi. Hamı bilirdi ki, mən ordayam, heç döyüşməyim çox vacib deyildi. Qəhrəman var ki, anidir, Mübariz kimi. Erməninin içinə daxil olur və düşmənə göstərir ki, vətən yolunda həyatımı verirəm.



- Yəni qəhrəmanlar heç nədən qorxmur? Sizcə bir qəhrəmanı nə sarsıda bilər?

-Qəhrəmanın bir qorxusu var, o da Xalqın sevgisini itirmək. Xalqı uğrunda həyatını qurban verməyə hazır olan birinin başqa nə qorxusu ola bilər ki?!

- Döyüş əməliyyatlarının təşkili zamanı səhvləriniz olubmu heç?

-Hə, səhvlərim çox olub. Amma, ən böyük səhvimiz, Qarabağın işğalıdır. Torpaqlarımızı qaytarmasaq, başımızı dik tuta bilmərik. Erməni bu qədər torpağımızı işğal edib, amma heç sevinmir də. Biz nəyə sevinirik, başa düşmürəm. Torpağı qoyub gəlmişik, amma o da var ki, o vaxt hakimiyyət yox idi, yiyəmiz yox idi. Qarabağlıların özünə qalsaydı, torpaq getməzdi. Insanlarda vətən sevgisi, döyüş ruhu, əzmkarlıq var idi. Amma düzgün istiqamətləndirən, döyüşə hazırlaşdıran yox idi.

-Döyüş yoldaşlarınız arasında elə bir insan varmı ki, siz ona qəhrəman deyərdiniz ?

-Mən Azərbaycanda heç kimə qəhrəman deyə bilmərəm. Heç qəhrəman adı vermərəm də.

-Amma özünüz qəhrəmansınız...

Nə olsun? Heç özümü də qəhrəman hesab etmirəm. O boyda torpaq itirmişik, indi qəhrəmanlıqdan danışırıq..



-Neçə övladınız var?

3 övladım var, 2 oğlum, bir qızım. Hər ikisi orta məktəb şagirdidir. Hərdən məktəbdən deyirlər ki, gəlin sizinlə görüş keçirək, gedə bilmirəm, səhhətim imkan vermir.

- Hansı xüsusiyyətinizi övladlarınızda görmək istərdiniz ?

- Çox istərdim ki,mənim kimi vətəni sevsinlər,vətən üçün layiqli oğul olsunlar Hamı deyir ki,oğlum olsun. Bəs oğul nə üçündür? Oğlum olub, hamı bayram edir. Oğul düşmən çəpəridir. Bu çəpər tək səni deyil, həm də vətəni düşmənlərdən qorumalıdır. Mən hərdən şəhərə gəzməyə çıxıram. Bəzi oğlanlarımıza baxıram, utanıram. Qızla oğlan seçilmir. Baxırsan ki,duruşu da, saç forması da, yerişi də qızlardan fərqlənmir. Kişi kişi olmalıdır.

- Soyuqqanlı yoxsa, emosional bir insansınız?

-Baxır vəziyyətə. Soyuqqanlı olsa idim, döyüşə bilməzdim. Bu, mümkün deyil.

- Son zamanlar “əsgər ölümlərinə son “aksiyası keçirildi. Bu barədə sizin fikriniz nədir?

Sərhəddə əsgər düşmənlə üz-üzə dayanırsa, ölüm olmalıdır. Hələ döyüş bitməyib axı. Atılan güllənin biri nə vaxtsa dəyməlidir. Biri var əsgər səngərdə ölür, biri də var ki, durduğu yerdə. Bu, valideyn üçün böyük zərbədir. Övladı əziyyətlə böyüt, həddi-buluğa çatdır, əsgər yola sal, o da döyüşdə yox, arxada ölsün.



-Verilişlərə tez-tez dəvət alırsınız?

Bəli, amma dediyim kimi, səhhətimlə bağlı problemlərim imkan vermir gedim yoruluram.

- Haqqınızda “Əsgər” filmi çəkildi. Filmdən razı qaldınızmı?

- Həmin filmi Etibar Babayev çəkib, çox xoşuma gəldi.

- O günlərə qayıtmaq istərdinizmi?

Xeyr! Heç istəmirəm ki, keçmişi yadıma salım. Çünki dostlarmı itirmişəm, mənim üçün keçmişə qayıtmaq çox ağırdır.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti