ABŞ-ı supergücə çevirən qorxulu `alman beyni` – DOSYE

ABŞ-ı supergücə çevirən qorxulu `alman beyni` – DOSYE
  23 İyul 2015    Oxunub:5684
Almaniya və ABŞ hər ikisi protestant federativ dövlətlərdirlər. ABŞ tarixində önəmli rol oynamış yunionistlərin ordusunda əsgərlərin 23,4%-i (516 min əsgər) alman köklü, onların 210 mini bilavasitə Almaniyada doğulmuşdular. Şimalla Cənub arasında gedən savaşda alman köklü amerikalıların 80%-i Şimalın xeyrinə seçim etdilər.

Alman dilinin ABŞ dövlət dili ola biləməsilə bağlı “Mülenberq əfsanəsi” var. Deyilənə görə, 1794-cü ildə ABŞ-da Nümayəndələr Palatası cüzi çoxluqla alman dilinin Birləşmiş Ştatların dövlət dili olmasının əleyhinə səs verib. ABŞ-ın daxili işlər naziri olmuş alman əsilli general Karl Şults, eləcə də general Zigel kimi alman köklü tanınmış şəxslər özlərini əsl amerikalı kimi hiss edirdilər.

I Dünya Müharibəsi ərəfəsində alman köklü amerikalılar anti-alman mövqeyi sərgiləməyə məcbur oldular. Hətta ABŞ-ın 26 ştatında alman dilinin işlədilməsinə qadağa qoyulmuşdu, lakin alman əsilli vətəndaşlar qısa müddətdə özlərini əsl amerikalı kimi tədqim edə bildilər. III Reyxin törətdiklərindən sonra isə tarixi vətənlərilə emosional bağlılıqlarını tamamilə kəsdilər.

Eyni dini inanclara gəldikdə isə, Almaniyada meydana gələn protestantlıq sonradan bir çox ölkələrə yayılmağa başladı. Protestantlığın yaradıcı Martin Lüterin ümumi fikirlərində “Herrenvolk” (üstün xalq) ideyası qabarıq görünür. Bu, almanların digərlərindən daha üstün olduğuna dair yanaşmadır. Eyni fikir Fridrix Nitzşe, Rixard Vagner, Otto fon Bismark, II Vilhelm, ən aşırı dərəcədə isə Adolf Hitlerin düşüncələrində yer almışdı.

II Dünya Müharibəsinin gedişində, daha dəqiqi, 1943-cü ildə Adolf Hitlerin göstərişilə alman elm adamları siyahıya alınaraq, hərbi sənayenin ən yüksək həddə çatdırılması üçün nəhəng layihələrin üzərində işləməyə başladılar. Həmin siyahı “Osenberg siyahı”sı adlanırdı. ABŞ müharibə bitən kimi “Osenberq siyahısı”nı ələ keçirməyə nail oldu. Oradakı şəxslərlə kontakt quraraq, Amerika üçün işləməyə razı saldı. Hər halda, təhdid kimi onlara Nürnberq tribunalı da göstərilmişdi.

Siyahının başında alman raket texnologiyasının atası Verner fon Braun dururdu. Qalırdı bircə bu insanları gizli şəkildə ABŞ-a aparmaq. Bunun üçün bir neçə gizli planı vardı, məsələn, “Overkast” və “Paperklip” əməliyyatları. Sözügedən əməliyyatlarda aparılan alman elm adamları raket və nüvə sahəsi üzrə fiziklər, kimyaçı, həkim və peşəkar silah mütəxəssisləri idi. Ailələrilə birgə uyğun şərait və maddi təminat vəd edilən 127 elm adamı 1945-ci ildə Amerikaya getməyə razı oldular.

Onlar kimlər idi? Verner fon Braun, Erich V.Noybert, Teodor A.Poppel, August Şultse, Eberhard Rees, Vilhelm Yungert, Artur Rudlof və Valter Şvidetsky... Həmçinin aviasiya-kosmik mühəndisi və mütəxəssisi Vright, elektronik əlaqə vasitələrinin yaradılması ilə bağlı fizik Georg Goubau, Günter Guttvayn, Georg Hass, Horst Kedesdi və Kurt Levovec, kimyaçı Professor Rudolf Brill, Dr.Ernst Baars və Eberhart Both, geofizik Dr. Helmut Vaykman, optika müttəxəssisi Dr.Gerhard Şvesinger, elektronika mühəndisləri Dr. Eduard Gerber, Kurt Lehovek, Hans Hollman, Yohannes Plendl, Rixart Günter və Hans Zigler də Amerikaya yola salınacaqlar arasında idilər.
Neft üzrə mütəxəssis olan 7 nəfər də Luiziana ştatındakı Fişer-Tropş fabrikində çalışacaqdılar.

Əgər 1990-cu ilə qədər ABŞ və Böyük Britaniyaya aparılan alman beyinlərini də nəzərə alsaq, bütün görülmüş işlər 100 trilyon dollardan çox dəyərləndirilir.

Bu sıraya çox önəmli əməliyyatları da qatmaq olar, misal üçün “Alsos hərəkatı” – Alman nüvə sirlərinin, nüvə texnologiyalarının və bu sektorda çalışan personalın ələ keçirilməsinə dair böyük bir plan idi. “TICOM” – Alman şifrə və kod mütəxəssislərinin tapılmasına aid tapşırıq idi.

ABŞ tərəfindən istifadə olunmuş nüfuzlu alman mühəndislərinin gördüyü işlər nəticəsində, əlbəttə ki, Amerika elmi çox sürətlə inkişaf etdi. Həmin şəxslər əsasən bunlar idi: Raket texnologiyası üzrə Rudi Bayxel, Magnus fon Braun, Verner fon Braun, Valter Dornberq, Verner Dahm, Konrad Dannenberq, Kurt H.Debus, Hermann H. Kurzveg, Ernst R.G Ekert, Krafft Arnold Ehrike, Otto Hirşler, Fritz Müller, Gerhard Raysig, Georg Rikhey, Artur Rudolf, Ernst Ştulinger, Verner Rosinski, Eberhard Rees, Bernhard Tessman;
Aviasiya və Kosmik sahə üzrə: Aleksander Martin Lippiş, Hans fon Ohayn, Hans Multhopp, Kurt Tank, Villi Messerşmitt (Həmin Messerşmittdir ki, alman aviasiyasında böyük rolu olmuşdur);
Tibb sahəsində: Valter Şrayber, Kurt Blome, Hubertus Ştrughold və Hans Antman...

Məhz bundan sonra Amerika elmi yüksək sürətlə inkişaf etməyə başladı. ABŞ doqquz ilin içində Aya gedəcəyini açıqlayanda heç kompüterlər də yox idi. NASA kosmik proqramlarını alman mühəndisi Verner von Braunun sayəsində gerçəkləşdirdi.

Hitlerin planı pozulmasaydı, indi supergüc ABŞ deyil, Almaniya olacaqdı; kosmosa ABŞ deyil, Almaniya uçacaqdı. Hitler Almaniyasının elm adamları ABŞ-ı bugünkü superdövlətə çevirdilər.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti