Yeni dağıdıcı güc: ‘Netokratiya’ - TƏHLİL

Yeni dağıdıcı güc: ‘Netokratiya’ - TƏHLİL
  17 Noyabr 2015    Oxunub:15917
“Netokratiya” sözü `internet` və `hakimiyyət` anlayışlarının qarışığından yaranmış yeni termindir. Netokratiya cəmiyyətin yeni təşkilatlanma forması olmaqla, virtual güc vasitəsilə insan kütləsini lazımi məcraya yönləndirmək və idarə etmək imkanlarıdır.

1990-cı ildə Amerikanın “Vired” texnologiya jurnalı ilk dəfə “netokratiya” terminini mətbuata gətirib. Netokratiya termininin yaranması bir növ ənənəvi parlament demokratiyası erasının sona çatması kimi də qəbul edilir.

Artıq netokratiya yeni qlobal təhlükəsizlik əhəmiyyəti də daşımaqdadır. Bu, həmin qlobal təhlükəsizlikdir ki, onun təməlini yüksək texnologiya və şəbəkənin aktivliyi formalaşdırır. Netokratiya internetin köməkliyilə insanlar üçün bərabər imkan, həmçinin individual qərar fürsəti yaradır.

Netokratiya - yəni “şəbəkə hakimiyyəti” nəzəriyyəsi müasir beynəlxalq münasibətlərin əsas koordinant və prinsiplərini müəyyənləşdirən 3 böyük nəzəriyyədən biridir.

Netokratiyanın infoimperialist atmosferin formalaşdırılmasına da xidmət edir. Buna misal kimi “Ərəb baharı”nı göstərmək olar. Təbii, “Ərəb baharı”nın yetişdirilməsində netokratlar üçün “Xaos nəzəriyyəsi” də böyük rol oynadı. Xaos nəzəriyyəsi vasitəsilə “lidersiz dövlət” anlayışı ortaya çıxdı. Bu da “Qlobal dövlət nəzəriyyəsi”nin tərkib hissəsidir.

Netokratiyanın nüfuz dairəsi əsasən media və sosial şəbəkələr vasitəsilə proyektləşdirilir. Bu prizmadan yanaşaraq, belə bir ardıcıllıq qurmaq olar:
1) Fecebook, Twitter və s. sosial şəbəkələr vasitəsi ilə ‘texnoinsan tipi’ yetişdirilir
2) KİV, televiziyalar vasitəsilə ‘e-ağıla sahib insan tipi’ formalaşdırılır.



İstər birinci, istərsə də ikinci sıradakı insan tiplərinin icra etdikləri funksiya mahiyyətcə bir-birinə çox yaxındır, lakin idarə olunmalarına görə fərqlənirlər. Ancaq qlobal müstəvidə hər iki tip eyni amalı həyata keçirməkdədir. Sadalanan bu yeni insan tipləri informasiya cəmiyyətinin təsiri və dominantlığı şəraitində ərsəyə gəlib.

Netokratiya mühitində insanlar millilikdən və milli özünüdərk proseslərindən uzaq yetişdirilir, bir növ vesternizasiyanın piyada fiquruna çevrilir. “Ərəb baharı”nın bütün inqilab meydanlarında “piyada”ları görsək də, onları idarə edən “grossmeyster netokratlar”ı görə bilmirdik. Çünki onlar birbaşa deyil, virtual kontakt vatisəsilə kütləni istəklərinə uyğun yönəldirlər.

Netokratiya idarə olunan xaos üçün bir növ vasitədir, yəni netokratlar mövcud siyasi vəziyyəti e-güc vasitəsi ilə dəyişərək, idarəçiliyi xaosa nəzarət edənlərə ötürürlər. XXI əsr informasiya dövrü olduğu üçün informasiya axını netokratların nəzarətinə keçir. Sadə dildə desək, netokratlar internetdə icra olunan bütün əməliyyatları yönəldir və öz kontrolları altında saxlayırlar. İnfoinsanın formalaşmasında netokratların təsiri birinci yerdədir.

Netokratiya nəzəriyyəsini icra edənlərdən biri də ABŞ-dır. Məsələn: Birləşmiş Ştatlar hansısa bir dövlətə hərbi müdaxilə həyata keçirəcəksə, ilk növbədə media və internet vasitəsilə geniş təbliğata start verir. ABŞ-ın terror və kibertəhlükəsizlik üzrə bir nömərli mütəxəssisi Ricard Klark yazır ki, Birləşmiş Ştatlar İraqa hücumdan öncə ilk işi kibersavaşçılara həvalə etmişdi. Onlar İraqın yüksək çinli hərbçilərinə təxminən bu məzmunlu elektron məktub göndərdilər: “Sizi ABŞ ordusuna təslim olmağa dəvət edirik, bu halda sağ qala biləcəksiniz”. Amerika ordusu İraqa girəndə yerli əsgərlərin böyük bir hissəsi döyüşməkdən vaz keçərək, texnikanı qoyub qaçmışdılar. Bəziləri isə könüllü təslim oldular. Bütün bu faktlar Amerika və Qərbin texnoinsan tipini, yəni Amerikanın arzuladığı e-insanı yaratdığı və bundan sonra da yaradacağını göstərir.



Bu proses özünü ən praktik formada “Ərəb baharı” hadisələrində göstərdi. CNN, BBC, `Əl-Cəzirə` və digər media vasitələri regiondakı hadisələri birtərəfli yayımlayırdılar. Netokratların nəzarət etdiyi sosial şəbəkələr də effektiv fəaliyyətdə idi, məsələn, Twitter və Fecebook-un “Ərəb baharı”ndakı rolu danılmazdır.

Şəbəkənin gənclərə təsirinin ilk nəticəsi 1999-cu ildə Dünya Ticarət Təşkilatına qarşı kütləvi “Seattle Savaşı”da ortaya çıxdı. Həmin hadisə zamanı gənclər internetdən bağlantı saxlayaraq, bir araya toplanmışdılar. Ümumilikdə 73 ölkədən 50.000 insan bir araya gələrək, ittifaqda birləşmişdi.

Netokratiyanın əsas gücü sosial şəbəkələr və `viki` tipli açıq-ensiklopedik saytlardır, çünki bu tip saytlar hər kəs üçün fikir bildirmə fürsəti yaradır. Qapalı, yəni hər kəsə açıq olmayan saytlar isə rəqabətdə açıq saytlara uduzurlar. Netokratlar insanların bütün düşüncə qabiliyyətini, psixoloji çalarlarını, qərar və düşüncə imkanlarını, idarə oluna biləcək nöqtələrini, ümumiyyətlə, beyin kontrolunu ən kiçik detalına qədər öyrənir və sistematik halda e-ağlı tədqiq edirlər. Elə edirlər ki, insanlar özləri də bu gücün bir parçası olmağa can atırlar.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti