Rus təyyarəsi əslində niyə vuruldu və sonrası nə olacaq – TƏHLİL

Rus təyyarəsi əslində niyə vuruldu və sonrası nə olacaq – TƏHLİL
  25 Noyabr 2015    Oxunub:73588
Rusiya ilə Türkiyənin Suriyada maraqlarının toqquşduğu bölgə Aralıq dənizinə çıxış hissəsidir. Bu bölgəyə nəzarət edən ölkə faktiki Yaxın Şərqən ixrac edilən neft və neft məhsullarının satışına nəzarət imkanı qazanır.

Belə bir təəssürat yaranır ki, terrora qarşı mübarizə aparan dövlətlər İŞİD-in zəbt etdiyi neft hasil olunan regionlara iddia etmir, həmin regionlardan ixrac olunan neftin satışını nəzarətə götürməyə çalışırlar. Dövlətlər sanki İŞİD-in işğalı ilə barışıblar və onunla neft satışı sahəsində əməkdaşlıq uğrunda bir-biri ilə mübarizə aparırlar.

Rusiya prezidenti Vladimir Putin ölkəsinin qırıcısının vurulması ilə bağlı bəyanatında bu faktı dolayı yolla etiraf edib və həmin ərazidən İŞİD-in hasil etdiyi neftin ixrac olunduğunu söyləyib. Rusiya üçün bu ərazi həm uzunmüddətli geostrateji əhəmiyyət baxımından vacibdir, həm də hazırkı vəziyyətdə neftin qiymətlərinə hansısa mənada təsir etmək baxımından əhəmiyyət daşıyır. Geostrateji nöqteyi-nəzərdən bu ərazinin şiə birliyinin nəzarətində qalması Yaxın Şərqdə enerji dəhlizinin onlar tərəfindən idarə olunması və neftlə zəngin olan ərəb dövlətlərinə təsir “rıçaq”ının olması anlamına gəlir.

Burada İranın çox incə strateji siyasi oyunu özünü biruzə verməkdədir. Faktik olaraq Rusiya İranın başçılıq etdiyi şiə birliyinin maraqları uğrunda Türkiyə və Qərblə müharibəyə girişir. İran isə bir tərəfdən Rusiya ilə strateji tərəfdaşlıqdan dəm vurarkən, birbaşa hərbi əməliyyatlara qoşulmamaqla Amerika və Avropa Birliyi ilə yeni qurulan dostluq tellərinin zədələnməməsinə çalışır.

2011-ci ildən bu yana Suriyanı, Suriyanı bütövlükdə olmasa belə, Aralıq dənizinə çıxan hissəsini nəzarətə keçirmək uğrunda Səudiyyə Ərəbistanı ilə birlikdə mürəkkəb siyasi kombinasiyalar quran Türkiyənin Rusiyanın bir neçə qırıcısından qorxub iddialarından geri duracağını gözləmək təbii ki, inandırıcı deyil.

Türkiyə mediasında bir müddətdir fəal şəkildə türkmənlərin Suriya ərazisində qətliamla üzləşdiyinin geniş təbliğ olunması, rəsmi Ankaranın buna sərt bəyanatlarla mövqe bildirməsi Rusiyaya qarşı hansısa cavab addımının hazırlandığının xəbərçisi idi. (Maraqlıdır ki, bu vaxta qədər Suriyada türkmənlərin yaşadığı heç kimin yadına düşmürdü.)

Rus qırıcısının Türkiyə sərhədini ani pozması Ankara üçün bu mənada əvəzolunmaz şans hesab oluna bilər ki, bundan da türklər məharətlə istifadə etdilər. Türkiyə sərhədi yaxınlığında da olsa, Suriya səmasında türk qırıcısı tərəfindən Rusiyanın bombardmançı təyyarəsinin vurulması əslində Moskvaya Türkiyə sərhədini pozmasına görə deyil, daha çox Suriyada türklərin iddia etdiyi ərazilərə daxil olduğuna görə zərbə idi.

Prezident Putinin bunu “arxadan vurulan zərbə ” kimi qiymətləndirməsi onu göstərir ki, ruslar türklərin bu addımı atmağa cürət göstərməyəcəyinə sanki əmin idilər. Ola bilər ki, Suriya kampaniyasının əvvəlində rus qırıcılarının bir neçə dəfə Türkiyə hava sərhədini pozmaları türklərin bu mənada həssaslığını yoxlamaq məqsədini güdürdü. Seçki ərəfəsində olan AKP hökumətinin Rusiyaya qarşı bəyanatlarla kifayətlənməsi Moskvada müəyyən arxayınçılıq yaratmışdı.

Putinin kifayət qədər sərt təhdidlərinə baxmayaraq Kreml anlayır ki, Türkiyə NATO-nun üzvüdür və ona qarşı birbaşa hərbi müdaxilə Alyansla müharibə anlamına gəlir. Putin hər nə qədər “cəsarətli lider” imicini qazansa da, bu addımı atmağa həddi çatmaz. Hətta Rusiyanın atom bombasına malik olan dövlət olması barədə ənənəvi qorxuducu bəyanatlar da Kremlin köməyinə gəlməyəcək. Rusiya ən yaxşı halda Suriyada hərbi iştirakını daha da genişləndirə və əraziyə daha çox hərbi qüvvə cəlb edə bilər. Hansı ki, Rusiya baş qərargahının bəyanatları artıq bunu təsdiq edir. Ümumi hesabda bu Rusiyanı iqtisadi cəhətdən zəiflətmək istəyən Amerikanın maraqlarına uyğundur.

İqtisadi baxımdan da Rusiyanın Türkiyəyə təsir imkanları məhdudur. Rusiya Türkiyəyə qaz ixracından belə imtina edə bilməz. Çünki qaz ixracı müvafiq müqaviləyə əsasən həyata keçirilir və müqavilənin müddəti başa çatdıqdan sonra dayandırılması mümkündür. Digər tərəfdən qaz ixracının dayandırılması Rusiyanın onsuz da məhdudlaşan maliyyə mənbələrinin daha da azalması deməkdir.

Rusiyalı turistlərin Türkiyəyə axınının qarşısının alınması da ilk növbədə Rusiyanın turizm və avio şirkətlərinin fəaliyyətinə mənfi təsir göstərəcək. Çünki Misirdə təyyarə qəzasından sonra bu istiqamətdə də uçuşlar təxirə salınıb. Bundan əlavə Kreml ucuz isti kurortlardan məhrum olmuş əhalinin etirazları ilə qarşılaşa bilər və cəmiyyətdə onsuz da mövcud olan gərginliyin artması da mümkündür.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:  





Xəbər lenti