Nüvə geosiyasəti: Şimalı Koreya hansı oyundadır – TƏHLİL

Nüvə geosiyasəti: Şimalı Koreya hansı oyundadır – TƏHLİL
  13 Yanvar 2016    Oxunub:7778
Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsinə cavab olaraq Amerika Sakit Okeandakı Quam adasında yerləşən hərbi bazasından Cənubi Koreya səmasına F-15 və F-16 qırıcılarının müşayiəti ilə nüvə başlıqlı raket daşıyan `B-52` bombardımançı təyyarəsini qaldırıb. Eyni zamanda, göyərtəsində 5.4 min hərbi qulluqçu və 80 hərbi təyyarə yerləşən nəhəng “Ronald Reyqan” atom aviodaşıyıcı gəmisinin Yaponiya sahillərindən Koreyaya yan alması barədə məlumat yayılıb.

Ümumilikdə isə, Cənubi Koreyada 28 min nəfərlik şəxsi heyətdən ibarət ABŞ ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib.

Amerikanın hərəkətə keçməsindən sonra Şimali Koreyanın mərkəzi mətbu orqanı olan “Nodon Sinmun” qəzetində “Biz atoma atomla cavab verəcəyik” başlıqlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, ABŞ bilərəkdən vəziyyəti müharibəyə çevirməyə çalışır və məsələlərə real yanaşmır. Eyni zamanda, məqalədə Vaşinqtona tarixdən nəticə çıxarmaq tövsiyə olunur və Amerika-Koreya müharibəsindən məhz Pxenyanın qalib çıxması barədə söz açılır.

Baş verənlər Koreya yarımadası ətrafında növbəti dəfə gərginliyin yaranmasından, real müharibə təhlükəsindən və hətta nüvə silahının tətbiqinin belə, qaçılmaz olmasından xəbər verir.

Məsələdə sual yaradan əsas məqam ondan ibarətdir ki, nəyə görə KXDR rəhbərliyi məhz bu məqamda - Qərbin Rusiya ilə münasibətlərinin gərginləşdiyi, Yaxın Şərqdə Amerikanın koalisiya ortağı kimi tanınan Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin kəskin xarakter aldığı bir vaxtda hidrogen bombasını sınaqdan keçirmək qərarına gəlib?

Dünya icmasından təcrid olunmuş kimi görünən Şimali Koreya zaman-zaman müxtəlif tipli bombaların sınağını həyata keçirir və bununla öz gücünü nümayiş etdirirdi. Əslində, bu sınaqlar hər dəfə indiki kimi əks-səda yaratmırdı. ABŞ-la Şimali Koreya arasında rəsmi şəkildə diplomatik münasibətlər olmasa da, Amerika bu ölkəyə ən çox humanitar yardım ayıran dövlətdir. Məhz bu səbəbdən bir sıra ekspertlər Pxenyanın növbəti sınağının əslində humanitar yardım tələb etməyin dolayı forması kimi qiymətləndirirdilər.



Lakin budəfəki bomba sınağına Amerikanın daha sərt reaksiya bildirməsi məsələnin ciddiliyindən xəbər verir. Söhbət ondan gedir ki, Pxenyanın Amerikanın qlobal hegemonluğuna qarşı çıxan dövlətlərdən formalaşmış koalisiyaya qoşulması mümkündür və bomba sınağının adi güc nümayişi deyil, anti-Amerika koalisiyasının ABŞ-ı nüvə silahı ilə hədələməsi də ola bilər.

Belə ki, məlum Ukrayna hadisələri ilə bağlı Rusiya ilə Qərbin münasibətlərinin pozulmasından sonra Moskva şərqdəki qonşuları ilə münasibətlərini yenidən dirçəltmək qərarına gəldi. Qeyd edək ki, vaxtilə KXDR-in ən yaxın strateji tərəfdaşı SSRİ olub, lakin Sovet ittifaqı parçalandıqdan sonra bu münasibətlər də pozulub. Rusiya Qərb ölkələrinə enerji daşıyıcıları satdığına və əsas gəlirini bu sahədən götürdüyünə görə Amerika və Avropanın təsiri nəticəsində Şimali Koreya ilə yaxınlaşmırdı. Həmin boşluğu Çin doldurdu və Şimali Koreyanın əsas ticari tərəfdaşına çevrildi. Şimali Koreyanın xarici ticarətinin 90 faizi Çinin payına düşürdü.

2013-cü ildən Rusiyanın Şimali Koreya ilə yaxınlaşma istəyinə Pxenyandan yaşıl işıq yandırıldı. Çünki Pxenyan Çinin təsirindən çıxmaq üçün əlavə tərəfdaş axtarmaqda maraqlı idi. Pxenyanın özünə yaxınlaşmasını stimullaşdırmaq üçün Moskva koreyalıların 10 milyard dollarlıq borcunu bağışladı və iki ölkə arasında böyük iqtisadi layihələrin reallaşmasına start verildi. Məsələn, Rusiya ilə Koreyanı birləşdirəcək körpünün tikintisi, Rusiyadan bu ölkəyə qaz kəmərinin çəkilişi, dəmir yolunun bərpası kimi böyük layihələr gündəmə gəldi. Qısa müddətdə, Koreyadan Rusiyaya ixrac olunan məhsulların ümumi dəyəri on milyon dolları keçdi.

Rusiya ilə yaxınlaşma baş verdikdən sonra Şimali Koreya tədricən xarici dünyaya açılmağa başladı. 2014-cü ilin əvvəlində 74 yaşlı Li Sun Yenin KXDR-ın xarici işlər naziri təyin edilməsini bir çox təhlilçilər Pxenyanın tədricən izalyasiyadan çıxmaq cəhdi kimi qiymətləndirdilər. Li Sun Yen 1987-ci ildən 2010-cu ilə qədər KXDR-ın İsveçrədəki səfiri postunu tutub və hazırki Şimali Koreya lideri Kim Çen In bu ölkədə təhsil alarkən onun himayəsində olub. Li Sun Yenin Kim ailəsinin İsveçrə banklarında yerləşdirilmiş maliyyə aktivlərinin əsas idarəçisi olması barədə də məlumatlar var.

Diqqət çəkən məqam ondan ibarətdir ki, yeni təyin olunan nazir dərhal xarici səfərlərə start verdi və bir il ərzində 18 ölkəyə səfər etdi. Bu ölkələrin əksəriyyəti isə kəskin antiqərb mövqeyi ilə seçilən dövlətlərdir. Belə ki, Li Sun Yen Rusiya və Çindən sonra Qambiya, Mozambik, Livan, Myanma, Laos, İndoneziya, Kuba, Belarus, Vyetnam, Suriya, İran və Hindistan kimi ölkələrə səfər edərək bu dövlətlərin rəhbərləri ilə danışıqlar apardı. Hətta Suriyadakı böhranın ən qızğın vaxtında - 2014-cü ilin iyulunda o, Dəməşqdə Bəşər Əsədlə görüşdü.



Bütün bunlar Şimali Koreyanın Rusiya ilə birlikdə İran və Suriyanın daxil olduqları antiqərb koalisiyasında yer alması barədə şübhələri artıran faktorlardır.

Bu nöqteyi-nəzərdən yanaşdıqda Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi Rusiya və tərəfdaşlarının Amerikanı nüvə silahı ilə hədələməsi kimi də qiymətləndirilə bilər. Moskva və Pxenyanın ABŞ-la nüvə qarşıdurmasına girmək niyyətində olduqlarını da demək doğru olmaz. Güman ki, Rusiya bununla Suriya məsələsində olduğu kimi, Qərbə öz vacibliyini sübut etmək və “nüvə təhlükəsi ilə mübarizə”də vahid cəbhədən çıxış etməyə həvəsləndirmək istəyir. Kreml ümid edir ki, Amerika özü və tərəfdaşlarını Şimali Koreya təhlükəsindən qorumaq üçün məcburən Rusiya ilə yenidən “dostlaşmalı” olacaq. Yeni təhlükə ilə mübarizə fonunda münasibətlər normallaşacaq, neftin qiyməti səviyyəsinə qalxacaq və s.

Koreya yarımadasında gərginliyin artması İran və Suriya da daxil olmaqla “şiə ittifaqı”nın da maraqlarına uyğun gəlir. Belə ki, Vaşinqtonun Koreya cəbhəsinə başının qarışması bu dövlətlərə yaranmış vəziyyətdən çıxmaları üçün ən azı vaxt qazandırır.

Amerika bir tərəfdən Cənubi Çin dənizində hərbi gərginlik yaratmaqla digər tərəfdən isə Böyük İpək yolunda məneələr qoymaqla Çinin ucuzlaşmiş neftdən öz istehsalatını artırmasına imkan vermir. Şimali Koreyanın fəallaşması hansısa mənada Pekinin də maraqlarına uyğundur. Belə ki, gərginlik ocağı Çin sahillərindən Koreya sahillərinə keçir və Vaşinqton istər-istəməz problemin həlli üçün Pekinlə sövdələşməli olur. Çin anlayır ki, Vaşinqton heç bir halda Moskva ilə yaxınlaşmaya getməyəcək və bu səbəbdən Pekinə əl uzatmalı olacaq.

Antiqərb koalisiyası üçün ən arzuolunmaz variant isə Amerikanın hərbi müdaxilə tətbiq etmək barədə qərar verməsidir. Bu hal nə Rusiya, nə də Çinin maraqlarına cavab vermir. Onlar öz sərhədlərində nüvə müharibəsinin baş qaldırmasını təbii ki, arzulamırlar. Güman ki, Amerika məhz bu varianta üstünlük verdiyinə işarə etməklə qarşı tərəfin geri addım addım atmasına nail olmağa çalışır. Təsadüfi deyil ki, Rusiya Koreyada yaranmış böhranın hərbi yolla həllinə qarşı çıxması barədə bəyanat verib.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti