Azərbaycan Suriya məsələsində hansı tərəfdə olmalıdır? – TƏHLİL

Azərbaycan Suriya məsələsində hansı tərəfdə olmalıdır? – TƏHLİL
  20 Fevral 2016    Oxunub:14726
Azərbaycan son bir ay ərzində iki dəfə Suriyadakı münaqişə ilə bağlı rəsmi şəkildə öz mövqeyini açıqlamalı olub. Bundan əlavə, xarici işlər nazirinin müavini Araz Əzimov fevral ayının əvvəlində Avstriyanın “Die Presse” qəzetinə verdiyi müsahibədə Bəşər Əsədi Suriyanın birliyinin və təhlükəsizliyinin təmin olunmasında əsas qarant olduğunu bildirib. Bu bəyanat Azərbaycanın Rusiya ilə eyni koalisiyada olması barədə mülahizələrin irəli sürülməsinə əsas yaradıb.

Lakin sual doğuran əsas məqam ondan ibarətdir ki, kiçik Qafqaz dövləti olan Azərbaycanın ilk baxışda özünə birbaşa aidiyyatı olmayan Suriya məsələsində tutduğu mövqenin anidən beynəlxalq əhəmiyyət qazanmasının səbəbi nədir?

Qeyd etmək lazımdır ki, bu ayın əvvəlində prezident İlham Əliyevin Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransına dəvət olunması və orada iştirak etməsindən sonra Bakının bu məsələdəki mövqeyi fəal müzakirə obyektinə çevrildi. Konfrans humanitar xarakter daşısa da, tədbirin Britaniya, Almaniya, Norveç və Küveyt, yəni anti-Əsəd Qərb koalisiyasının üzvləri hesab edilən ölkələr tərəfindən təşkili, BMT-nin də təşkilatçı qismində iştirakı müəyyən suallar yaratdı.

Ardınca, Rusiyanın Suriyada hərbi fəaliyyətini genişləndirməsinə cavab olaraq Türkiyənin sərt mövqe nümayiş etdirməsi iki ölkə arasında münasibətləri yenidən kəskinləşdirdi. Ankaranın Suriyaya qoşun yeridəcəyi, buna cavab olaraq Rusiyanın da yerüstü əməliyyatlara başlayacağı barədə məlumatlar yayıldı. Türkiyə rəhbərliyində təmsil olunan şəxslərin Rusiyanın ünvanına müxtəlif məsələlərlə bağlı kəskin ittihamlar səsləndirməsi fonunda baş nazir Əhməd Davudoğlunun Moskvanı erməniləri dəstəkləməklə Azərbaycanın ərazilərin işğalına şərait yaratmaqda ittiham etməsi diqqətdən yayınmadı. Yaranmış vəziyyətdə Rusiya ilə Türkiyə arasındakı gərginliyin Qafqaz regionuna təsirsiz ötüşməyəcəyi ilə bağlı proqnozlar irəli sürülməyə başladı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 18 fevral tarixində Azərbaycana gözlənilən səfərindən sonra ölkəmizlə bağlı məsələlərə müəyyən aydınlığın gətirələcəyi gözlənilirdi. Lakin Ankarada baş verən terror hadisəsi prezident Ərdoğanın azərbaycanlı həmkarı ilə görüşünü təxirə salmasına səbəb oldu.

Təbii ki, Rusiya Azərbaycanın Qərb koalisiyasına qoşulmasından ehtiyatlanır. Ölkəmizin rəsmi səviyyədə məsələ dair verdiyi bəyanat, daha çox Moskvanın bu narahatçılığını aradan qaldırmaq məqsədi daşıya bilər.

Azərbaycanın Suriya məsələsində Qərb koalisiyanın tərəfinə keçməsi Suriya cəbhəsində qüvvələr balansında ciddi dəyişikliyə gətirib çıxaracağını demək sadəlövhlük olar. Ən təhlükəli məqam ondan ibarətdir ki, Türkiyə-Rusiya qarşıdurması Dağlıq Qarabağ müstəvisinə keçirilsin. Güman ki, Rusiyanın ən çox ehtiyat etdiyi məqam elə budur.

Geosiyasi nöqteyi-nəzərdən hadisələrin bu tip inkişafı Türkiyə də daxil olmaqla Qərb koalisiyasının maraqlarına uyğun gəlir. Ancaq buna baxmayaraq, Azərbaycan öz ərazisində heç bir halda gərginliyin və hərbi qarşıdurmanın yaranmasına yol vermək istəməz. Çünki nəticədən asılı olmayaraq qarşıdurma əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan tələfat və dağıntılara səbəb ola bilər.

Dağlıq Qarabağda Azərbaycanla Ermənistan arasında münaqişənin yenidən alovlanması və Türkiyənin Azərbaycan, Rusiyanın isə məcburən Ermənistan tərəfdə çıxış etməsi ona görə Qərbin maraqlarına uyğundur ki, faktiki bununla NATO Qafqaza daxil olmaq şansı əldə edir. Rusiya birbaşa öz sərhəddində növbəti sayca, üçüncü hərbi münaqişəyə cəlb olunmaqla əlavə maliyyə itkilərilə üzləşməli olur.

Qarışıqlığın yaranması Rusiyanın Şimali Qafqaz regionuna da təsirsiz ötüşməyəcək və nəticədə Kremlin ölkədaxili nəzarəti həyata keçirməsi çətinləşəcək. Bütün bunlara iqtisadi vəziyyətlə bağlı narazılıqlar, Şimali Qafqazdakı narahat etnik-dini vəziyyət və ölkədə parlament seçkilərinin yaxınlaşmasını nəzərə alarsaq Moskvanın necə böyük risklərlə üzləşəcəyini təsəvvür etmək olar.

Hətta Ermənistanın hadisələrin bu tip inkişafında Rusiyaya saxta sədaqətinə sadiq qalacağına heç kim təminat verə bilməz. Türkiyənin münaqişəyə birbaşa müdaxiləsi Ermənistanın dövlətçiliyini sual altına qoyduğuna görə Yerevanın özünün həyatda qalmasını təmin etmək üçün Qərbin himayəsini həvəslə qəbul edəcəyini əminliklə söyləmək olar.

Hətta, Ermənistanın Rusiyaya qarşı Qərblə gizli sövdələşməyə girərək süni şəkildə münaqişə zonasında gərginlik yaratması belə mümkündür. Bu yolla Ermənistan Azərbaycan–Rusiya münasibətlərinə zərər vura, gələcək üçün Qərbin himayədarlığını özünə təmin edə, və ən pis halda əvvəlki kimi Moskvanın tərəfdaşı qala bilər.

Ərdoğanın baş tutmayan səfəri zamanı hansı məsələlərin müzakirsinin planlaşdırıldığı məlum olmasa da, Rusiya üçün ən qorxulu ehtimal qeyd olunan məsələnin gündəmə gəlməsidir.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti