3-cü özəlləşdirmə dalğası necə olmalıdır – TƏHLİL

3-cü özəlləşdirmə dalğası necə olmalıdır – TƏHLİL
  03 May 2016    Oxunub:8228
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin III Dövlət Proqramı” layihəsini artıq hazırladığı və hökumətə təqdim etdiyi bildirilir. Yeni Özəlləşdirmə Proqramının hazırlanması ilə bağlı dünyada “Böyük Dördlük” kimi tanınan KPMG, PwC, “Ernst & Young” və “Deloitte & Touche” kimi beynəlxalq məsləhətçi şirkətlər ilə birgə işlər aparılıb.

Özəlləşdirməyə dair yeni Proqramın əsas məqsədinin iqtisadi aktivliyi artırmaq, büdcə yükünü azaltmaq və bu prosesdə şəffaflığı daha da artırmağa nail olmaqdan ibarət olduğu aydındır. O mənada ki, Prezident İlham Əliyev bu ilin yanvarın 18-də keçirilən müşavirədə ölkədə geniş özəlləşdirmə proqramının hazırlanması haqda göstəriş verdiyini bildirmişdi. Bu isə o demək idi ki, tezliklə yeni dövlət aktivləri - müəssisə və təsərrüfat subyekləri satışa çıxarılacaq.

Düzdür, Proqramda nəzərdə tutulanlar haqda əlimizdə dəqiq məlumat yoxdur. Lakin eyni mövzuda ötən şərhlərimizdə də qeyd etdiyimiz kimi, bilavasitə bizim bir iqtisadçı olaraq subyektiv fikrimiz məhz ondan ibarətdir ki, bu dəfə məsələn, Azərenerji, Azərsu, AZAL, Azəristiliktəchizat, Azəryolservis, Xəzər dəniz gəmiçiliyi kimi qurumların, həmçinin nəqliyyat dəhlizinə aid olmayan avtomobil, dəmir yollarının müəyyən bir hissəsi özəlləşdirilsə daha yaxşı olardı və bu sahələrdə böyük müsbət nəticələr əldə etmək mümkün idi.

Ümumiyyətlə, həyata keçiriləcək yeni özəlləşdirmə tədbirləri kommunal xidmət sahələrindən start götürməklə iqtisadiyyatın bütün sahələrini əhatə etməli, prosesdən həm dövlət büdcəsinə böyük məbləğdə vəsaitlər daxil olmalı, həm iqtisadiyyatda canlanma əldə edilməli, həm ölkəyə xatici investorların gəlməsi, həm idarəetmənin təkmilləşməsi, həm də dayanıqlı inkişaf əldə olunması təmin edilməli olduğundan, sözügedən orqanlarının əmlaklarının azı 40-49% hissəsi tezliklə satışa çıxarılmalıdır.

Məsələ bundadır ki, iqtisadiyyatın inkişafında özəlləşdirmənin böyük rolu var. Digər tərəfdən, bazar iqtisadiyyatı şəraitində dövlət sektorunun payı mümkün çərçivədə minimum səviyyədə təşkil etməlidir. Və onun əsas funksiyası yalnız, tənzimləyici xarakter daşımalıdır. Bu funksiyanı yerinə yetirmək üçün isə kifayət qədər vasitələr vardır. Məsələn, bunlardan biri və ən mühümü məlum olduğu kimi fiskal siyasətidir. Fiskal siyasət dövlət gəlirlərinin və xərclərinin köməyi ilə iqtisadiyyata təsir etmək üçün istifadə olunan mexanizm sayılır.

Məsələ ondadır ki, ölkəmizdə bu gün istehsal olunan ümumi daxili məhsulda özəl sektorun payı artıq, çoxdan 80 %-dən çox təşkil edir. Bununla belə, dövlət iqtisadiyyatdan tam olaraq "əlini çəkmiş" sayılmır. Belə ki, yenə də təsərrüfat fəaliyyətinin yekunlarına görə bilavasitə dövlətin məsuliyyət daşıdığı müəssisə və subyektlər vardır, eyni zamanda, dövlətin kredit və sair öhdəliklərinə sonda cavabdeh olmaq məcburiyyəti qarşısında qaldığı subyektlər mövcuddur. Bu isə, olduqca təəssüf doğurucu haldır...

Dəfələrlə qeyd etdiyimiz kimi əgər, dövlət büdcəsindən subsidiyalaşmaya və dotasiya elementlərinə son qoyulmasa, iqtisadiyyatı hər tərəfli şəkildə inkişaf etdirmək əsla mümkün deyil. Bunun üçün isə 3-cü özəlləşdirmə tədbirlərinin həyata keçirilməsinə həqiqətən də böyük ehtiyac yaranmışdır.

Azərbaycanda bu gün özəlləşdirilə bilinən və hətta, bunun vacib sayıldığı sahə və müəssisələr çoxdur. Eyni zamanda, hazırkı qlobal iqtisadi böhrandan yaxa qutarmaq üçün də özəlləşdirmə istifadə olunması vacib sayılan ən mühüm vasitələrdən biri sayılır.

Özəlləşdirmə həmçinin, daxili borclanmanın, qarşılıqlı ödəmələr probleminin birdəfəlik həlli üçün də çıxış yolu hesab edilir. Qısa desək, özəlləşdirmə yeni iqtisadi inkişaf modelinə dair müvafiq mexanizmin yaradılması işində bir növ əsas elementlərdən birini təşkil edir.

Bu gün neftə görə dövlətimizin gəlirləri azalıb. Və o da məlumdur ki, neft gəlirləri olmasa, yəni bilavasitə Neft Fondundan dövlət büdcəsinə transfert həyata keçirilməsə sosial ödənişləri icra etmək mümkün deyil. Üstəlik, dövlət öz vəsaitləri hesabına investisiyalar həyata keçirtmək, hətta iqtisadiyyatın bəzi sahələri üzrə müxtəlif xarakterli daxili və xarici borc öhdəliklərini də yerinə yetirməklə məşğuldur ki, bu işdə əsas yük isə məlum olduğu kimi hər necə olsa da sonda məhz, SOCAR-ın üzərinə düşür. Odur ki, 3-cü özəlləşdirmə həm də bu nöqteyi-nəzərdən vacibdir...

Yeri gəlmişkən, I Dövlət özəlləşdirmə proqramı 1995-ci ildə qəbul edilib və 2000-ci ilədək həyata keçirilərək başa çatdırılıb. Həmin ilin avqustunda «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» qanun qəbul edilib və II Dövlət özəlləşdirmə proqramının həyata keçirilməsinə başlanılıb. İndiyədək 50 mindən çox kiçik özəlləşdirilmiş obyekt, o cümlədən avtonəqliyyat vasitəsi, eləcə də 1600 səhmdar cəmiyyəti satılıb.

ƏMDK-nin bu günlərdə 2016-cı ilin ilk rübü ərzində özəlləşdirmə barədə açıqladığı hesabatda isə qeyd olunur ki, buna əsasən, 70 obyekt, qeyri-yaşayış binası, yarımçıq tikili və 125 özəlləşdirilmiş və özəl müəssisə və obyektlərin altındakı torpaq sahəsi satılıb.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti