Merkel Azərbaycan səfəri öncəsi Putinlə niyə görüşdü? – TƏHLİL

Merkel Azərbaycan səfəri öncəsi Putinlə niyə görüşdü? – TƏHLİL
  21 Avqust 2018    Oxunub:30319
Almaniya kansleri xanım Merkelin Cənubi Qafqaz səfəri öncəsi Rusiya prezidenti Vladimir Putin ilə Berlində görüşməsi maraq doğurur. İki lider arasında baş tutan 3 saatlıq görüşdə bu dəfə də əsas müzakirə mövzusu Suriya, Almaniyanın enerji təhlükəsizliyi, miqrant axını, İran və Ukrayna məsələləri olub. Lakin görüşün belə uzun olması diqqət çəkir. Çünki 3 saat boyunca sırf bu mövzuların danışıldığını demək sadəlöhvlük olardı.
Təbii ki, Putinin Almaniya səfərinin mahiyyətində duran başlıca məqam rus qazının Avropaya nəqli, daha dəqiq desək “Şimal axını-2” projesidir. Yada salaq ki, bu ilin may ayında da Merkel ilə Putin Soçidə görüşmüşdülər. Həmin görüşdə də hər zaman olduğu kimi, əsasən Suriya, Ukrayna və enerji təhlükəsizliyi, yəni “Şimal axını-2” layihəsi müzakirə olunmuşdu. Bilindiyi kimi, ABŞ və Avropanın tədbiq etdiyi sanksiyalar bu enerji layihəsinin həyata keçirilməsini əngəlləyib. Putinin Almaniya səfərinin kökündə məhz bu məsələ dura bilər. Dünya liderlərinin ABŞ-a qarşı çıxdığı bir anda Putinin “Şimal axını-2” layihəsinin reallaşdırılmasında ilk növbədə açar ölkə sayıla biləcək Almaniyaya üz tutması, sözsüz ki, əbəs deyil.

Putinin səfər günü ilə demək olar ki, eyni vaxta təsadüf edən Almaniya XİN rəhbəri Hayko Massın açıqlması da maraq doğurur. Düzdür, Merkel-Putin görüşündə Ukrayna münaqişəsinə toxunulsa da, Qarabağ konfliktinin adı çəkilməyib. Lakin Almaniya xarici işlər nazirinin “Biz Krımı Rusiya ərazisi kimi tanısaq, digər ölkələr də bunu nümunə götürərək, beynəlxalq hüquq normalarına zidd qərarlar qəbul edə bilərlər” açıqlması bir qədər düşündürcüdür. XİN rəhbərinin bu açıqlamasını dərc edən Almaniyanın “Sonntag” nəşri Dağlıq Qarabağ münaqişəsinə də diqqət çəkir.

Maraqlıdır ki, niyə Merkel Putinlə görüşəndə Qarabağ münaqişəsinə heç toxunmadı? Deməli, Merkel Bakıya əsasən Azərbaycan qazı üçün gəlir.

SOCAR-a qurulmuş DESFA oyunu

Rusiya Prezidentinin Almaniya səfəri istər-istəməz bəzi enerji oyunlarını yada salır. O cümlədən, belə bir sual yaranır: SOCAR-ın “EWE”-də paya sahiblənmək cəhdi növbəti dəfə “DESFA”-ya bənzər oyuna səbəb ola bilərmi? Gəlin, bu suala cavab tapmağa çalışaq.



Xatırlayırsınızsa, Azərbaycan Dövlət Neft Şirkətinin Yunanıstanın qazpaylayıcı şəbəkəsi “DESFA”-nı səhmlərinin alınması ilə bağlı 2013-cü ildə əldə olunmuş razılaşmanı yunan hökuməti sonradan gözlənilməz şəkildə pozmuşdu. “DESFA”-nın üçdə ikisini, yəni 400 milyon avroluq səhmlərini alan SOCAR-a sonradan bu işi tamamlamağa gizli siyasi qüvvə mane oldu. Əslində bu oyunda “gizli qüvvə” elə Rusiya idi. Çünki daha öncə “Qazprom” DESFA-nı almağa cəhd edirdi. Avrokomissiyanı narahat edən o idi ki, SOCAR eyni zamanda Cənub Qaz Kəməri vasitəsilə Yunanıstanı qazla təchiz edəcək və bu ölkədəki qaz boruları şəbəkəsinin sahibi olacaq. Bu isə Avropa İttifaqının antiinhisar qanunlarına zidd sayılır, energetika sahəsində təhlükəsizlik baxımından yolverilməz hesab olunurdu. Xatırlatmaq yerinə düşər ki, elə həmin səbəbdən Rusiyanın “Cənub axını” layihəsinə də “yox” deyilmişdi, çünki Moskva öz qazını öz borusu ilə ötürmək istəyirdi. Ümumiyyətlə isə, SOCAR-la olan razılaşmanın pozulması Kremlin maraqlarına cavab verən yeni yunan hökumətinin Moskva səfəri ilə də əlaqləndirilir.

“DESFA”-dan “EWE”-yə gedən yol:
SOCAR-a icazə verəcəklərmi?

Almaniya kanslerinin Azərbaycan səfəri öncəsi yayılan məlumatlara görə, SOCAR Almaniyanın nəhəng “EWE AG” şirkətinin səhmlərini almağı planlaşdırır. Sözügedən enerji şirkəti Türkiyə bazarındakı “Bursaqaz”, “Kayseriqaz”, “Enervis”, “Millenicom” və “EWE Enerji” kimi 5 böyük şirkətə sahib olan Almaniyanın “EWE AG”-yə bağlı törəmə şirkət “EWE Turkey”in təxminən 200-250 milyon dollar dəyərində qiymətləndirilən səhmlərini almağa hazırlaşır. SOCAR-ın almağa çalışdığı bu alman enerji şirkəti Türkiyədə ildə 2-2,5 milyard kubmetrlik qaz tədarük etməklə Türkiyədə ən iri topdansatış portfoliosuna sahibdir.

Bu mənada “Türk Axını” ilə Türkiyə bazarında girməyə çalışan Rusiyanın SOCAR-ın bu addımı həzm edəcəyini təsəvvür etmək çətindir. Hər halda, sonuncu Putin-Merkel görüşündə Almaniya şirkətinin səhmlərinin Azərbaycan tərəfindən alınması məsələsinə toxunulmadığına inanmaq çətindir.

Bundan savayı, Almaniya Şahdəniz qazını Avropaya daşıyacaq boru xətti üçün kredit ayırmaqla bağlı zəmanəti öz üzərinə götürüb. Rəsmi Berlin artıq ciddi mənada Azərbaycanın Avropa və Almaniyanın enerji təhlükəsizliyi məsələsində önəmli oyunçu olduğuna inanır və dəstək verir. Elə bun görə də Almaniya maliyyə nazirliyinin Federal Məclis Büdcə Komissiyasına göndərdiyi raportda aydın şəkildə Azərbaycanın müəllifi olduğu enerji layəhsinin Almaniyanın enerji təhlükəsizliyində necə bir əhəmiyyətli rol oynadığı qeyd olunur. Bu mənada Almaniya ilkin olaraq, Azərbaycan qazının Avropa çıxarılması üçün 1 milyard dollar kredit ayırıb. Almaniyanın “EON” şirkəti də 2020-2044-cü illər arasında “Cənub Qaz Dəhlizi” (TANAP/TAP) vasitəsilə hər il 1 milyard 450 milyon kubmetr qaz idxal edəcək.

Təbii ki, bütün bunlar Rusiyanı narahat etməyə bilməzdi. ABŞ-ın hazırki qeyri-konstruktiv diplomatiyası Rusiyaya əlavə imkan verir ki, ABŞ-Avropa zədələnmiş münasibətləri fonunda Azərbaycan kimi ölkələrin Avropa enerji bazarına çıxmasını əngəlləsin. Kreml heç zaman TANAP/TAP layihələrin müsabət yanaşmayıb. Putinin Merkellə görüşündə müzakirə edilən məsələlərdən biri də bu ola bilər.

Fərrux Həsənov
AzVision.az



Teqlər: Merkel   Putin   Almaniya   SOCAR  





Xəbər lenti