20 Yanvar faciəsinə dözməyib intihar edən 19 yaşlı tələbə - FOTOLAR+VİDEO

20 Yanvar faciəsinə dözməyib intihar edən 19 yaşlı tələbə - FOTOLAR+VİDEO
  12 Oktyabr 2018    Oxunub:20142
“Bağışlayın, əzizlərim. Azərbaycanın azadlığı uğrunda mübarizə aparmağa gücüm və iradəm çatmadı. Yaşasın, azad Azərbaycan”.

İmza: Ağabəy
Bəlkə də bir çoxunun nə bu imzadan, nə də etiraf dolu, müstəqilliyə səsləyən cümlələrdən xəbəri var. O imza sahibindən ki, indiki Azərbayacan Dövlət Neft və Sənayə Universitetinin 19 yaşlı tələbəsi idi, ölkəmizin müstəqilliyi uğrunda ürək yanğısı ilə fədakarlıq edirdi. 20 Yanvar faciəsindən sonra böyük sarsıntı keçirmişdi, həyatda yeganə istəyi bu qırğını törədənlərin xalqımız qarşısında cavab verməyi idi. Bunun əksini görəndə isə 20 Yanvar faciəsindən 5 ay sonra, mayın 19-dan 20-nə keçən gecə intihar etdi...



Qəhrəmanımız Ağabəy Novruzbəyli ailə üzvlərinin yaddaşında bir çox xatirələri, izləri ilə qalıb. Atası Oqtay bəy oğlunun vaxtı ilə həyətlərində əkdiyi tut ağacını övladı bilib, hər gün onun yarpağını sığallayır, balasının ətrini onda axtarır. Söhbətimizə gözlərini dərd ortağı, həmdəmi olan bu ağaca zilləyib xatirələrə dalaraq başladı.

- Əslən Keşlədənik. Həyat yoldaşımla ailə qurandan sonra bizim 5 il övladımız olmayıb. 5 ildən sonra böyük oğlum İlkin dünyaya gəlib. İkinci oğlum Ağabəy isə 1971- ci ildə doğulub. Çox xoşbəxt ailə idik.



İnsan var ki, xoşbəxtliyi müxtəlif yerlərdə axtarır. Ancaq çox adam fərqində deyil ki, sevdikləri yanındadırsa, deməli, o, artıq xoşbəxtdir. Bunu hamı qiymətləndirə bilmir. Kiminsə işi düz gətirmir və ya haradansa bir qazancı yoxdur, deyə özünü bədbəxt hiss edir. Daha düşünmür ki, əsl bəxtəvərlik insanın ailə üzvlərinin sağ-salamat olmasıdır. Ağabəy dünyasını dəyişəndən sonra anladım ki, sən demə, dünyanın ən xoşbəxtərindən biri də mən olmuşam.



-Ağabəy necə mühitdə böyümüşdü? Ona müstəqillik, vətənpərvərlik sevdasını kim aşılamışdı?

- Hər iki oğlum rus sektorunda oxuyub. O vaxt deyirdilər ki, təhsil gərək Azərbaycan dilində olsun, uşaqlar Azərbaycançılıq ruhunda böyüsünlər. Mənə görə bu yanlış fikirdir. Oğlum İlkin rus dilində danışıb. Amma Azərbaycan dilini də mükəmməl bilir. Ağabəy isə Azərbaycanca dil açıb, sonradan rus məktəbinə gedib. O da hər iki dili gözəl mənimsəmişdi. Uşaq nümunəni valideyndən götürür. Mən uşaqlarıma heç vaxt deməmişəm ki, vətəni sevmək lazımdır. Böyüklərin hərəkəti ilə vətənpərvərlik uşağın geninə daxil olur. Mənim uşaqlarım da həmçinin ədəbiyyat və siyasətlə məşğul olmağı atalarından, analarından öyrəniblər. 1988-ci ildə həyat yoldaşım və mən kommunist partiyasının biletini aparıb təhvil vermişdik. Düşünürdük ki, insan nə qədər sovetin mənəvi istismarı altında ola bilər? Bizi millət kimi qəbul etmək istəmirdilər. Bu da insanda istər-istəməz etiraz hissi yaradırdı.

Ancaq sonradan müəllim kimi işlədiyim Pedaqoji Kollecin direktoru mənlə danışdı. Dedi, "raykom"dan belə maraqlandılar, gəl sözümdən çıxma, biletini geri götür. Uzun müddət mübahisədən sonra, mən onun sözündən keçmədim. Geri götürdüm. Ağabəy bunu biləndə çox pis oldu. Dedi, anamız səndən qətiyyətlidir. Sözündən belə çıxdı ki, anam səndən qeyrətlidir.



Ağabəy o vaxt dərnəklərə gedirdi. Orada cumhuriyyətimizin tarixi ilə bağlı material oxumuşdu. Və hər dəfə mənə deyirdi ki, heç vaxt Azərbaycan könüllü olaraq Rusiyanın tərkibinə daxil olmayıb. Daha sonra Leninin Şaumyana teleqramından danışırdı ki, Lenin ona Bakını necə işğal etməyi tapşırır və s. Bir dəfə də dərsdən evə gəldi ki, hansısa rus şairinin şeirində “ne razumnıe xazarı” misrası yazılıb. Dedi, xəzərlər türk millətidir və bizlərə həmişə ağlı olmayan deyiblər. Məktəbdə belə şeylərə görə çox mübahisəsi olurdu. Çalışırdılar ki, onun qiymətini aşağı salsınlar, ancaq mümkün deyildi. Əlaçı idi.



- Ağabəyin gənc yaşında xalq hərəkatına qoşulmasına etiraz etmirdiniz?

- Əksinə, dəstək verirdik. Onun kimi mən də bu hərəkata qoşulmuşdum. O vaxtlar belə bir söz yaymışdılar ki, guya xalq hərəkatında iştirak edənlər tənbəl, avara, oxumayan uşaqlardır. Amma mən əksini deyirəm. Orada iştirak edən gənclər ən savadlı vətəndaşlar idilər.



- Ağabəy 20 Yanvar faciəsinə görə sarsıntı keçirmişdi. İstərdik, bu barədə danışaq. O vaxt nə baş verirdi?

- 20 Yanvar faciəsi günü mən indki prezident sarayının qarşısında, o, isə Salyan kazarmasının üst tərəfində idi. ayın 19-dan 20-nə keçən gecə evə qayıdıb yemək yeyirdim. Bir az keçdi Ağabəy gəldi. Birlikdə axşam yeməyi yedikdən sonra ikimiz birlikdə evdən çıxdıq. "Beşmərtəbə"dən yuxarıda durmuşduq. Maşınlar gəlib adamları xəbərdar edirdilər ki, getməyin, atırlar. Dedim, gəl qayıdaq. Razılaşmadı. Dostlarının orada olduğunu bildirdi. İsrar elədim, axır Ağabəyi evə gətirdim. Həmin gecə sağ qaldı.

Oxuduğu universitetin dekanı Siyavuş Qarayev mənim işlədiyim kollecin direktoruna şikayət etmişdi ki, Ağabəy tələbələri dərsdən götürüb mitinqlərə gedir. Onları dərsdən yayındırır. Hətta bununla bağlı dekan Ağabəylə danışanda, o, dekana demişdi ki, Siyavuş müəllim, nə əcəb sən özün getmirsən?



Söhbətimə qaldığım yerdən davam edirəm. Səhər tezdən ayıldım ki, Ağabəy yoxdur. Onu gedb Salyan kazarmasının yuxarısında tapdım. O, "Moskva" univermağına qədər edilən vəhşilikləri görmüşdü. Bu, oğluma çox pis təsir etmişdi.

- 20 Yanvar faciəsindən sonra hansı işləri gördü, etirazlara qoşulurdumu?

- Bəli. "Kommunist" qəzetinə, Ali Sovetə etiraz məktubları yazırdı. Deyirdi, günahkarları adla söyləmək lazımdır. O zaman Milli Məclisdə fövqəladə sessiya çağırdılar. İclasda deputatların bir qismi belə bir qətnamə qəbul etdi ki, faciəni törədənlərin adları çəkilməli, fövqaladə vəziyyət elan edilməli və rus qoşunları buradan çıxarılmalıdır. Ağabəy fikirləşirdi ki, qərarda yazılıbsa, bunu yerinə yetirəcəklər. Amma yerinə yetirilmədi.

1990-cı ilin 8 martı idi. Ayaz Mütəllibov Neft Daşlarında çıxış edirdi. Deyirdi ki, sovet qoşunları çox səriştəsiz hərəkət edib, bu insanları başqa cür sakitləşdirmək olardı. Daha sonra azərbaycanlıları işarə edərək bildirdi ki, bunlar da sovet qoşunlarını münaqişəyə çəkiblər. Ona görə də qırğın törədilib. Həmin an Ağabəyin gözündən yaş gəldi. Deyirdi, qırılan da biz olduq, təqsirkar da...

Ağabəy Ali Sovetin 1-ci sədri Elmira Qafarovanın köməkçisinin qəbuluna getmişdi. Ancaq heç kim onun səsinə səs vermədi.



Ayaz Mütəllibov prezident seçiləndə tələbələr etiraz nümayişi keçirmişdilər. Ağabəy də orada iştirak etmişdi. Etiraz edənləri dubinka ilə dağıtmışdılar. Gecə evə üst-başı pis vəziyyətdə gəlmişdi. Səhəri gün dərsə gedəndə anası ona deyib ki, paltar sərmişəm, onları gələndən sonra yığarsan. Deməli, bu dərsə gedir, işlərini təhvil verir və evə qayıdıb paltarları yığır. Daha sonra həmin gün - mayın 19-dan 20-nə keçən gecə qırmızı qələmlə bir məktub yazır:

"Bağışlayın, əzizlərim, Azərbaycanın azadlığı uğrunda mübarizə aparmağa gücüm və iradəm çatmadı. Yaşasın, azad Azərbaycan”.

Məktubu stolun üstünə qoyur, ardınca “bixromat kalium” adlı kimyəvi maddəni suya qarışdırıb içir. Biz bağda, o isə şəhərdəki evimizdə idi. Üstündən bir az vaxt keçir, zəhər yavaş-yavaş orqanizmini məhv edir. Xalası qızı qonşumuz idi. O, görür ki, Ağabəyin rəngi pisdir. Soruşur, sənə nə olub? Ağabəy də cavabında “içmişəm” deyir. Xalası qızı Rəna xanım tez təcili yardım çağırır. O da gec gəlir, əlacsız qalıb taksi axtarırlar ki, xəstəxanaya aparsınlar. 7 gün “Semaşka”da qaldı. Ancaq həyatını qurtarmaq mümkün olmadı, gecikmişdik. May ayının 23-də 19 yaşı tamam olacaqdı.



- Harada dəfn olunub?

- Pirşağıda, ailə qəbiristanlığında. Böyük qardaşı İlkin, əsgərlikdə idi. Mənə elə gəlir ki, Ağabəy onu gözləyirmiş. Gələndən sonra belə bir iş tutdu. Hadisələr ona çox toxunmuşdu. Deyirdi, yaşamağın mənası yoxdur. İndi nə həyat yoldaşım var, nə də oğlum. İçimdə hər ikisinin acısını çəkirəm.

- Ağabəyi sizə ən çox nələr xatırladır?

- Özünün sağ ikən əkdiyi tut ağacı. Nəvələrim deyir ki, əminin ağacıdır. Öləndən sonra onun saçından kəsib götürmüşəm. İndiyədək həmin saçı saxlayıram. Nəvəmə Ağabəy adını qoymuşam. Nəvəm hazırda nişanlıdır.

Ağabəyin son vaxtları yuxuma girmir. Ancaq uşaqlıq illəri yuxularıma, xatirəmə gəlir. Yaşlı, ağ saçlı qadınları çox sevərdi. Ağabəyin ölümü həyatımda, mənəviyyatımda böyük dəyişikliyə səbəb olub. Bildiyiniz kimi müəllim işləyirdim. O vaxtacan kimsə hörmət edəndə etiraz etmirdim. Ağabəydən sonra isə tamami ilə qəbul etmədim. Çünki balam düzgünlük axtaran adam idi.


























(Nəvə Ağabəy Novruzbəyli)

Şahanə Rəhimli
Foto: Şahin Sərdarov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: 20-Yanvar   Faciə   İntihar  





Xəbər lenti