Ana və uşaq ölümlərinə səbəb nədir? – FİKİRLƏR

Ana və uşaq ölümlərinə səbəb nədir? – FİKİRLƏR
  29 Noyabr 2013    Oxunub:3407
Ana və uşaq ölümü ilə bağlı hadisələrin təəssüf ki, son dönəmlərdə sıx-sıx təkrarlanmasına şahidlik edirik. Artıq bu problem gündəmin təqribən baş mövzusu “statusuna” yiyələnib. Məsələ ilə bağlı ictiami fikri aydınlaşdırmağa çalışmışıq. Respondentlərimiz arasında jurnalist və yazarlar, eyni zamanda bir mütəxəssis – həkim də var... Bütün rəyləri olduğu kimi təqdim edirik:
Aynur Talıbova, jurnalist:
- Bütün bunların tək bir səbəbi var- o da kütbeyin həkim yığınağı və ondan da betər avam, nadan kütlənin olmasıdır.

Günay Ümüd, şairə:
- Səbəbi təbii ki, həkimlərin səhlənkarlığıdır. Bizdə həkim xəstə münasibəti düzgün qurulmayıb.Həkimlər qarşısındakı pasientə xəstə kimi yox müştəri kimi baxırlar.

Elmin Həsənli, jurnalist:
- Səbəb yəqin ki, bir deyil. Müxtəlif səbəblər var. Üstəgəl, təkcə həkimlərin deyil, qarşı tərəfin də günahı olur. Vaxtlı- vaxtında yoxlatmamaq, müəyyən xəstlikləri gizlətmək bizim insanlara xas xüsusiyyətdir. Məsələn, mən eşitmişəm ki, filankəsin gəlini hamiləymiş, sən demə filan xəstəliyi varmış, amma gizlədirmiş... Belə şeylər də var. İnsaf naminə bunları da demək lazımdır.
İkinci böyük səbəb isə həkimlərin yarıtmazlığı və səhiyyə sisteminin bərbad gündə olmasıdır əlbəttə. Yaxşı həkimlər bahalı özəl klinikalardadır. Çox adamın da buna gücü çatmır...

İradə İsaq, jurnalist:
- Bu, mənə aid olmayan və səbəbini bilmədiyim mövzudur. Mən sadəcə təxmin edə bilərəm. Sualınızsa cəmiyyəti təxminlərə yol verilməyəcək qədər ciddi narahat edən mövzudur. İnanın, bir fikrim yoxdur. Səbəbi hələ özümə də tam aydın deyil. Amma bu məsələdə bir qadın kimi ən çox narahat olan insanlardan biriyəm.

Yusif Kərimli, jurnalist:
- Səbəb konkret həkim səhvləridir. Bu, sadə məntiqdir ki, insan orqanizmi dünyanın hər yerində eynidir. Necə olur ki, ancaq bizdə sıx rast gəlinir bu hallara? Demək, bu olümlər anaların orqanizmi ilə bağlı deyil, birbaşa həkim məsuliyyətsizliyi və səhvlərinin nəticəsidir.

Roza Zərgərli, ifaçı:
- Doğuş zamanı belə hallara rast gəlinməsi və həkimlərin səhvi istisna edilmir. Ən əsası hamiləlik dövründə periodik həkim nezarətinin olmaması, əgər belə nəzarət varsa da, bunun düzgün aparılmamasıdır.

Simnarə Həmidqızı, jurnalist:
- Bu məsələni sırf həkimlərin savadsızlığı ilə əlaqələndirmək olmaz. Onların səhlənkarlığı, xəstəyə barmaqarası yanaşmaları da ro oynayır.

Sevinc El-Sevər, yazar:
- Bir çox hallarda həkimlərimiz səhlənkardırlar. Tibb sahəsində müəyyən çatışmazlıqlar var. Qadın məsləhətxanalarında xüsusilə qüsurlar çoxdur. Hamilə qadınlar daimi kontrolda saxlanmalı, lazım olanda sahə həkimləri evlərdə yoxlamaya getməlidirlər. Amma çox zaman sahə həkimləri hamilə qadınlara pulsuz baxmaq belə istəmirlər. Maddi vəziyyətinə görə qadın məsləhətxanalarına getməyən hamilə qadınlar var. Hətta ev şəraitində dünyaya uşaq gətirənlər var. Amma səbəb təkcə bu deyil. Bizdə qadınlar adətən hamiləliklərini planlaşdırmırlar. Toydan bir ay keçər-keçməz hamilə qalmasalar ciddi əndişə keçirirlər. Bu, bizim mental dəyərlərimizdən irəli gəlir. Hətta qadın üçün dünyaya uşaq gətirmək həyatı bahasına başa gələcəksə belə, o,bunu istəyir. Doğrudur, hər bir qadının ana olmaq haqqı var, bundan gözəl arzu ola da bilməz. Amma bədbəxtliklə nəticələnəcək addımı atmaq da doğru deyil, məncə. Mən bir qadın tanıyırdım. Üç qızı vardı. Oğlan övladı dünyaya gətirmək istəyirdi. Həkimlər qadağan edirdi, amma o, israrla bunu istəyirdi. Sonu da çox pis nəticələndi. Bəzi hallarda adamlar həkimlərin xəbərdarlıqlarına inanmır, inanmaq istəmirlər. "Hər şey Allahın əlindədi" deyə özlərinin və körpələrinin həyatını taleyin ümidinə buraxırlar. Nəticədə həkimlərin yaxası əldə qalır. Ümumiyyətlə, ana olmağa hazırlaşan qadınlar lazimi tibbi prosedurlardan və analizlərdən keçsələr, həkim rəyi alsalar, daha yaxşı olar. Bununla gələcək problemlərin qarşısını qabaqcadan almaq olar. Mən özüm üç uşaq dünyaya gətirmişəm. Bu problemləri yaşamışam. Hamiləlik müddətində bəzən elə problemlər ortaya çıxır ki, həmin problemləri hamilə olmamışdan qabaq aradan qaldırmaq mümkün olur.

Elçin Bayramlı, jurnalist:
- Burada müxtəlif səbəblər və iki tərəf var. Hər iki tərəfi eyni dərəcədə məsuliyyət daşıyır - yəni analar və həkimlər. Səbəblər isə çoxdur. Burda ekoloji faktorların rolu çox böyükdür. Məlum olduğu kimi, şəhərlərdə ana-uşaq ölümləri kəndlərdəkinə nisbətən xeyli çox olur, problemi doğuşlar və xəstə körpələr də həmçinin. Burada sağlam qidalanmağın, təmiz havanın, hərəkətin böyük təsiri var. Üstəlik, şəhər həyatında stress daha çox olur. Bunlar məsələnin yalnız bir tərəfidir. Digər tərəfində həkimlər və valideynlər dayanır. Bizdə hamiləlik zamanı davamlı müayinə geniş yayılmayıb. Belədə hamiləliyin necə getdiyi aşkar olunmur və problem vaxtında həll edilmir. İkinci bir tərəfdən əksər analar süni qidalar, GMO qidalar, fast-food, süni içkilər qəbul edirlər və elə düşünürlər ki hamililəlik zamanı nə nə qədər az hərəkət etsə o qədər yaxşıdır. Hamiləlik zamanı televizor, mobil telefon və kompüterdən uzaq durulmalıdır. Bir çox başqa şərtlər də var.
Bir çox həkimlər doğuş prosesinə çox məsuliyyətsiz yanaşır, bir çoxu ümumiyyətlə öz işini yaxşı bilmir çünki ali məktəbi pulla başa vurub. Belə həkimlərin qurbanlarından biri də bizim ailəmizdir. İlk övladımız məhz belə həkimlərin üzündən tələf oldu. Halbuki bütün hamililəlik dövrü yoldaşım davamlı müayinələrdən keçmişdi və hər şey ideal dərəcədə idi. Sap-sağlam doğulan qızımızı həkimlər doğuşu düzgün aparmadıqlarına görə itirdik.

Kənan Hacı, yazar:
- Bunun ən sadə səbəbi həkimlərin savadsızlığıdı.

Məhsəti Şərif, jurnalist:
- Ana-uşaq ölümü son vaxtlar artmayıb, həmişə olub. Sadəcə, son vaxtlar bu barədə danışılmağa başlanıb. Bu məsələ mənim yaralı yerimdir. 1 ay əvvəl dayımın qızı, 26 yaşında Pərvinə Hüseynova işini doğru yerinə yetirməyən həkimin qurbanı oldu. Təsəvvür edin, 2013-cü ildi və həkim doğum zamanı ananın daxilində cift qalığı buraxır, sidik kisəsini zədələyir. Mən Pərvinənin ölümundən sonra çox araşdırdım, başqa həkimlərlə danışdım. “Bu, yalnız naşılıq və məsuliyyətsizlikdir”,- dedilər. Məncə, bu ölümlərin sayının artması həkimlərimizin savadsız olması və gözlərini xəstənin cibinə dikməsidir. Tibb unversitetinin qapısını açıblar ki, gəlin. Bu, doğru deyil. Məncə, məhdud sayda qəbul olmalıdır ki, yalnız yüksək savadı olanlar daxil ola bilsin. Bir də, bu cür ölümlərə səbəb olan həkimlər ədalət qarşısında cavab versə, başqalarına da dərs olar.

Elnarə Təhməzova, jurnalist:
- Bu hadisə hər bir həkimin və xəstənin başına gələ bilər. Pulla diplom alan həkimlər düşüb canımıza. Bu qədər avadanlıq gətirilir, klinika açılır, həkim yoxdur. Səhiyyəmiz çox aşağıdır. Kökündən həll etmək üçün tibb universitetinə pulla tələbə göturulməməlidir. Savadlı həkim yetişməlidir, bunun üçün isə həkimin maaşı da artmalıdır. Zamanında müayinə edilməyənlərdə daha çox olur bu problem. İmkansızlar gedə bilmir kontrola, elə yığıb doğmağa çatdırırlar. Mən buna görə sadəcə təəssüf edirəm.

Vasif Ismayıl, həkim:
- Dəqiq statistikanı bilməsəm də, məncə ana və uşaq ölümləri hətta azalıb, sadəcə olaraq, indi operativ olaraq işıqlandırılır deyə elə görünür. Amma problem var, bu problemlə yaşamaq ayıbdır. Dövləti və onun siyasətini qınamayacağam, problem çox vaxt şəxsi yetərsizlikdədir. Biz həkimlər hər zaman səhv edə bilərik. Ancaq nəticələri faciəli olacağı üçün ana və uşaq sağlamlığının qorunmasında kollegiallıq prinsipini gözləmək lazımdır ki, bir həkim səhv edəndə o birisi onu düzəltsin. Mən öz şəxsi praktikamda bu prinsipdən istifadə edirəm. Assistent və həmkarlarımın fikrini həmişə ciddiyə alaraq, öz səhvlərimi önləməyə çalışıram. Ana və uşaq ölümlərinin azaldılmasında bunun uyğun formul olduğunu düşünürəm.

Səbinə Məmmədova


Teqlər:





Xəbər lenti