Filosofun intiharı, yaxud, Bağırovun verdiyi Hüseynov qurbanının sirri

    Filosofun intiharı,    yaxud, Bağırovun verdiyi Hüseynov qurbanının sirri
  14 İyun 2021    Oxunub:9147
...1950-ci ilin isti yay günlərinin birində Azərbaycan Dövlət Universitetinin ikinci kurs tələbəsi olan bir gənc dərsdən çıxanda, universitetin ictimai həyatında fəallığı ilə seçilən iki tələbə yaxınlaşıb, ona deyirlər ki, “Bizə kömək elə, bu gecə yaxşı bir adam rəhmətə gedib, onu xəlvətcə aparıb, dəfn eləməliyik”. Dostlar az qala gecənin qaranlığında, gizlincə həmin şəxsi aparıb dəfn edirlər. Yalnız bundan sonra onlardan biri tələbədən soruşur: – Heç bilirsən, indi kimi dəfn elədik?
Tələbə deyir, yox, bilmirəm. Ondan xahiş edirlər ki, bu barədə heç kimə bir kəlmə də deməsin – dəfn olunan Akademiyanın keçmiş vitse-prezidenti, Azərbaycanın tanınmış alimi Heydər Hüseynov idi.
Tələbə bu xəbərdən diksinir, qeyri-ixtiyari ayaq saxlayır, dönüb arxaya baxır. Akademik artıq başqa dünyadadır. Ondan yalnız torpaqla qalanmış bir qəbir qalıb, o da şər qarışdıqca sıxlaşmaqda olan qaranlığın içində əriyib, görünməz olmaqdadır.

İntihara aparan kitab

1950-ci ildə akademik, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti Heydər Hüseynov “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixinə dair” monoqrafiyasına görə Stalin mükafatına layiq görülmüşdü. Kitabın Mirzə Kazım bəyə həsr olunan fəslində Hüseynov XIX əsr şərqşünaslıq elmində aparıcı simalardan olan bu alimin “Müridizm və Şamil” əsərinin geniş izahını verir. Bu əsərdə Şamilin başçılıq etdiyi hərakat xalq-azadlıq mübarizəsi kimi təqdim olunur və akademikin özünün də qeyd etdiyi kimi Şamil ideallaşdırılır.

O dövrdə respublika rəhbəri Mir Cəfər Bağırov bu təqdimata qarşı çıxış edərək, “Bolşevik” jurnalında müridizm ideologiyası və Şamil hərakatı haqqında yazdığı məqalədə onu “ifşa” edir. Ardınca Heydər Hüseynovun Stalin mükafatına layiq görülməsi qərarı ləğv olunur. Onu bütün tutduğu vəzifələrdən azad edirlər. Təqiblərə və əsassız tənqidlərə dözməyən Hüseynov 1950-ci ildə intihar edir.

Buna qədər Heydər Hüseynov ona qarşı respublikanın birinci şəxsinin, Bağırovun apardığı amansız ittiham kampaniyasına dözməyərək, artıq bir dəfə intihara cəhd etmiş, ülgüclə damarını kəsmişdi. Bununla belə, birinci dəfə onun həyatını xilas etmək mümkün oldu. Amma onun başqa yolu qalmamışdı, onun üçün “sabah” kəlməsi artıq yox idi, həyatı bitmişdi. 1950-ci il avqust ayının 4-də o, bağ evində özünü asdı. Bu zaman cəmi 42 yaşı vardı. Artıq elmlər doktoru, akademiyanın həqiqi üzvü və iki dəfə Stalin mükafatı laureatı olmuşdu.



Bağırov və Hüseynov. İctimai-siyasi çəkisinə görə qətiyyən bərabər olmayan bu iki tərəfdən hanısının haqlı olduğu barədə fikir söyləməzdən əvvəl, təbii olaraq, meydana çıxan sadə bir suala cavab tapmaq lazım gəlir. Əslində bu, sualdan daha çox təəccüb ifadəsidir – yəni doğrudanmı bütün respublikaya rəhbərlik edən bir şəxsin XIX əsrdə Qafqazda müridizmin mürtəce mahiyyətindən, nə vaxtsa yüz ildən də artıq bir müddət bundan əvvəl İmam Şamilin Osmanlı və Britaniya casusu olub-olmadığından başqa qayğısı, problemləri yox idi? Yəni o, bu işi, əgər belə vacib idisə, xüsusi tapşırıqla tarixçilərin öhdəsinə buraxa bilməzdimi?
Əslində elə də etdi. Amma həmin dövrdə respublikanın birinci şəxsinin bir an da olsun, nəzərindən qaçırmadığı, həlli yollarını axtardığı problemlər çox idi. Danışdığımız insidentə də o problemlər kontekstində baxmaq lazım gəlir.

“Azərbaycan işi”

Məsələn, Bağırovun siyasi karyerası üçün az qala ölümcül təhlükəyə çevrilən, 1948-ci ildə SSRİ Dövlət Nəzarəti Nazirliyinin apardığı yoxlamalar kifayət qədər ciddi ittihamlarla müşayiət olunurdu. Bu gün də əsas səbəbləri müəmmalı qalan və rus tarixçiləri tərəfindən bağlı ədəbiyyatlarda “Azərbaycan işi” adlanan, 150 adamın iştirak etdiyi bu yoxlamaya həmçinin SSRİ Kommunist Partiyası Siyasi Bürosunun xüsusi Komissiyası qoşuldu və komissiyanın tərkibində Bağırov özü də var idi. Komissiya sonda Dövlət Nəzarətinin Azərbaycanda yoxlama işi haqqında son dərəcədə mənfi rəy verdi.

Bağırov öz səlahiyyətlərini aşmış olan, yoxlama zamanı Bakıdan Kislovodskiyə gedib orada qadınlarla eyş-işrətlə məşğul olmuş Dövlət Nəzarəti Nazirinin müavinləri Starostinə və Yemelyanova şiddətli töhmət verilməsinə nail oldu. Respublika rəhbəri həmçinin Ohanov, Qriqoryan kimi erməni mənşəli nəzarətçilərin qərəzli fəaliyyətinə görə cəzalandırılması və tutduqları vəzifələrdən kənarlaşdırılmasına təsir göstərdi. Yoxlamanın belə sonluqla başa çatması ilə Bağırov onunla köhnədən düşmənçiliyi olan Dövlət Nəzarəti Naziri Lev Mexlisə qalib gəldi.



Adını və xatirəsini ehtiramla tutduğum mərhum tarixçimiz Eldar İsmayılov “Hakimiyyət və xalq” əsərinin birinci kitabında belə təhlükəli intriqadan Bağırovun qalib çıxmasını təkcə onun özünün deyil, eyni zamanda, Azərbaycanın xeyrinə olduğunu yazırdı. Çünki əks təqdirdə bu işdən əzab çəkən təkcə Bağırov olmayacaqdı. Bunun nəticəsində respublikamızın hakim dairələrində repressiyalar, tələsik kadr dəyişiklikləri başlayacaqdı, bu da öz növbəsində sosial-siyasi gərginliyə səbəb ola bilərdi. Görünür, bunu həm Kremldə müəyyən qüvvələr, həm də müharibədən sonra ekpansionist planlarını yenidən həyata keçirmək təşəbbüsündə olan qonşu respublikada istəyənlər var idi.

1947-ci ildə Ermənistanın birinci katibi Arutinov Bağırova məktubla müraciət edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə münasibət bildirməyini xahiş etmişdi. Bağırov da ona cavab olaraq, Ermənistanda azərbaycanlıların yaşadığı rayonların Azərbaycana birləşdirilməsi və əvəzində Dağlıq Qarabağın Şuşanı çıxmaq şərtilə, Ermənistana verilməsi ideyasını təklif etdi. Əlbəttə ki, bu, onlar üçün qəbuledilməzdi, odur ki, bu mövzuda söhbətlər dərhal kəsildi. Əvəzində SSRİ rəhbərliyinin müharibədən sonra həyata keçirdiyi repatriasiya siyasəti çərçivəsində xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi üçün tədbirlər görülməyə başladı.

Birinci tədbir ondan ibarət idi ki, Türkiyə ilə sərhəddə dəyişiklik edilsin, Türkiyənin torpaqları hesabına Ermənistan ərazisini genişləndirilsin. Lakin bu ideya da baş tutmadı.

1947-ci ildə isə SSRİ Nazirlər Soveti guya kolxoz işini gücləndirmək üçün yerli azərbaycanlıların Ermənistandan deportasiya edilib, Kür-Araz ovalığında yerləşdirilməsi ilə əlaqədar qərar imzaladı. 1948-1950-ci illərdə zorla öz doğma, qədim torpaqlarından köçürülməyə məruz qalmış həmvətənlərimizin sayı 100 mini keçməli idi. Bu həqiqətən də həm respublika rəhbərliyi, həm də ümumiyyətlə, xalqımız üçün böyük bir fəlakət ola bilərdi. Hər bir ölkədə demoqrafik dəyişikliklər sosial-siyasi və sosial-psixoloji atmosferə də güclü təsir edir, böyük dəyişikliklərə səbəb olacaq faktor rolunu oynayır. Məcburi köçkünlər Azərbaycanda işlə, evlə təmin olunmalıydılar. Bütün bunlar əlbəttə ki, respublika rəhbərliyini narahat etməyə bilməzdi. İnsanlar əsrlərlə yaşadığı evlərdən, doğma, isti, məhrəm ocaqlarından, əcdadlarının uyuduğu torpaqlardan ayrı düşürdülər. Bu, sonradan, 80-ci illərin sonundan etibarən davam edəcək faciənin başlanğıcı oldu.

Yeri gəlmişkən bu zaman Ermənistandan “Daşnaksütun” partiyasına mənsub olan adamlar (belələri on minlərlə idi) üzə çıxarılıb Altay vilayətinə deportasiya edilirdi. Azərbaycanda da bu təfəkkürdə olan ermənilər üzə çıxarılır, onlar da Altay istiqamətində buradan uzaqlaşdırlırdı. Bu və ya başqa səbəbdən azərbaycanlıların deportasiyası 100 minə gəlib çatmadı, hardasa 37 - 40 min arasında dayandı.

Bax, belə bir vəziyyətdə, belə sosio-psixoloji atmosferdə Heydər Hüseynov hadisəsi meydana çıxdı. Bizim daha çox publisistik tarixşünaslığımızda bu hadisəyə çox sadə izah verilir: Akademik rus dilində samballı, gözəl bir monoqrafiya yazıb, Moskva onu bəyənib və əsər “Voprosı filosifii” jurnalından Stalin mükafatına təqdim edilib. Bunu görən Bağırovda qısqanclıq baş qaldırıb, Hüseynovun simasında özünə rəqib görüb, onun mükafat almağına maneçilik törədib... Əslində isə bu versiya tam həqiqəti əks etdirmir. Birincisi ona görə ki, Heydər Hüseynov həmin dövrdə Bağırova siyasi rəqib olacaq fiqur deyildi. İkincisi, bu hadisədə Bağırovu qeyzləndirən akademikin onun başı üstündən Moskva ilə bu işi düzüb-qoşması olmuşdu. Sözsüz ki, Hüseynov bu işləri tək etməyib, bizim özümüzdə belə bir hadisənin baş verməsində maraqlı olanlar da az deyildi. Onların bu qarşıdurmadan götürəcəyi dividendlər ilk olaraq Bağırovu çaşqın vəziyyətə salmaq, onu spontan hərəkətlərə, səhvlər buraxmağa məcbur etməyə hesablanmışdı. Çünki Hüseynovun bu rütbəyə çatmasında istedadı, dərin savadı, müşahidəsi ilə bərabər, Bağırovun da rolu böyük olmuşdu.

Moskvaya göndərilən donosdan çıxan nəticə

Burada 1953-cü ildə Azərbaycandan Moskvaya, Nikita Xruşşova yazılan donos xarakterli bir məktub yada düşür. O vaxt Lavrenti Beriya həbs edilmidi. Şübhəsiz ki, bu hadisə Beriya ilə “siam əkizləri adlandırılan” Bağırovun da yerini laxladacaqdı. Həcminə görə kifayət qədər böyük olan bu məktubun bir yerində müəllif yazır: “Mən hələ 1930-cu illərdə Heydər Hüseynovu araşdırmışdım. Məlum etmişdim ki, o, biri Türkiyədə, digəri isə İranda yaşayan və antisovet fəaliyyəti ilə məşğul olan əmiləri ilə daim əlaqə saxlayır. Onun öz atası vaxtilə Nuri paşanı İrəvana gedərkən müşayiət edən atlı alayın böyüyü olub. Hüseynovun əks-kəşfiyyatla sıx bağlı olduğunu hələ otuzuncu illərdə bütün təfsilatı ilə müəyyən etmişdim...”
Ardınca məktubun müəllifi daha maraqlı məsələ toxunur: “ ... Mən bu barədə hələ xeyli əvvəl bütün bunlardan çox yaxşı xəbəri olan Bağırova məlumat vermişdim. O isə təqdim edilən materalları əhəmiyyətsiz bilərək, rədd etmiş, əvəzində Hüseynovu inadla irəli çəkmiş, onun dövlət mükafatı almasında, Akademiyanın vitse-prezidenti səviyyəsinə qalxmasında, onun Mərkəzi Komitənin üzvü seçilməsində əsas himayədar rolunda çıxış etmiş, bu adama partiya sənədləri arxivini etibar etmişdi. Bağırovun Heydər Hüseynovun təxribatçı fəaliyyətini “anlamasına” iyirmi il vaxt lazım gəldi”.

Bu mətnə iki münasibət ola bilər: birincisi, məktubda yazılanlar doğrudur. Onda Bağırov milli ideyalar uğrunda mübarizə aparan qəhrəman kimi gözümüzdə canlanır. İkicisi, məktubda yazılanlar qarayaxmadan başqa bir şey deyil. Bu halda isə Bağırova əsl kommunist, vicdanlı partiya xadimi kimi baxmaq lazım gələcək. Belə olanda o, yeni siyasi formatda da ön sıralarda qalıb möhkəmlənə bilərdi. Bu isə baş vermədi. Niyə?

...Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əksinqilabla Mübarizə Təşkilatının rəisi, yəni dövlətin təhlükəsizlik orqanına rəhbərlik edən Nağı bəy Şeyxzamanlı 1950-ci ildə İstanbulda əntiq əşyalar köşkündə dükançı işləyirdi. Bir gün onun dükanına təmiz türk dilində danışan bir rus gəlib, xırda-para əntiq mallar sifariş verir. Səhərisi gün vədləşdirilən kimi, həmin adam yenidən dükana malların dalınca gəlir, amma bu dəfə kim olduğunu gizlətmir. Sən demə, o, İstanbulda Sovet konsulluğunda işləyir. Bu adam Nağı bəyi çox yaxşı tanıyır və onu uzun müddət idi ki, izləyirdi.


Syasətdən çoxdan uzaqlaşmış Nağı bəy onunla danışmaq istəmədiyini bəyan edir. Konsulluğun işçisi isə ondan belə sərt münasibət göstərməməyi xahiş edib, deyir ki, “Məgər siz dünyada sülh olmasını istəmirsiniz? Stalin öləndən sonra SSRİ-də dövlətin rəhbəri olmağa üç namizəd var: Beriya, Malenkov və Molotov. Onlardan birincisi, yəni Beriya, sizin rəhbəri olduğunuz Əksinqilabla Mübarizə Təşkilatının şöbə müdiri vəzifəsində çalışıb. Ona köhnə tanış kimi bir məktub yazın, deyin ki, biz sizin rəbərliyinizlə SSRİ-də liberal dəyərlərin bərqərar olması işində daim sizi dəstəkləyirik. Məktubu mən aparıb gizlicə ona çatdıraram”.
Nağı bəy, əlbəttə ki, belə bir məktub yazmayacaqdı. Lakin üç ildən sonra Beriyanı tutarkən ona qarşı ittihamlardan biri də xaricdə yaşayan “Müsavat” üzvlərilə əlbir olub, Sovet İttifaqını devirmək planını hazırlamasıyla bağlı idi...

Bütün bunlar artıq 1950-ci ildə üstüörtülü şəkildə də olsa, Kremldə başlamış saraydaxili çəkişmələrin göstəricisi idi. Adətən tarixşünaslıqdan, tarixi hadisələrə yanaşma üsulllarından ideoloji məqsədlər üçün istifadə olunur. Lakin burada biz tarıxdən daxili çəkişmələrdə də istifadə edildiyinin şahidi oluruq.

Tarix və Tələ

Hələ Heydər Hüseynov adı çəkilən monoqrafiyanı yazmazdan xeyli əvvəl Sovet tarixçiləri, xüsusilə Nikolay Pokrovski ən yüksək tarixçi peşəkarlığı ilə İmam Şamilin rəhbərlik etdiyi hərəkatın Dağıstan xalqlarının Çar Rusiyasına qarşı azadlıq mübarizəsi olduğunu sübut edirdi. Və hələ Heydər Hüseynovun monoqrafiyası çıxmazdan iki il öncə, 1947-ci ildə SSRİ Elmlər Akademiyasının Tarix İnstitutunda Əcəmyan adlı bir tarixçi çıxış etmiş, Şamilin və onun başçılıq etdiyi hərəkatın mütərəqqi bir hadisə kimi qiymətləndirilməsinin səhv olduğunu bildirmişdi. Onun fikrincə, Şamil bu mübarizəni Türkiyə və İngiltərənin çox ciddi köməkliyi ilə aparırdı və həmin ölkələrin casusu idi.

Əcəmyan hətta sovet ideologiyasının istinad nöqtəsi olan Karl Marksın da Şamillə bağlı müsbət rəylərinin səhv olduğunu deyirdi. Lakin onun bu çıxışı İnstitutun direktoru, akademik Drujinin və onun ətrafı tərəfindən qəbul edilmədi və əsassız elan olundu. Bununla belə, bu sifarişli münaqişənin başlanğıcı artıq qoyuldu. Şamil xalq qəhrəmanıdır, yoxsa, Türkiyə və İngiltərənin casusu?

Bu barədə artıq heç kim danışmırdı, hətta qafqazşünaslar belə susurdular. Hətta “Berlinin süqutu” filminin ssenari müəllifi, dörd dəfə Stalin mükafatı laureatı, rəhbərin sevimli yazıçısı Pyotr Pavlenko da qəhrəman Şamil haqqında yazdığı “Qafqaz povesti” romanının çapını dayandırdı. Hamı kənarda durub, gözləyirdi. Əslində bu, bir növ tələ idi. Görəsən kim birinci bu tələyə düşəcəkdi və ölkə rəhbərliyinin reaksiyası necə olacaqdı?

Tələyə birinci Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti Heydər Hüseynov düşdü. Daha doğrusu onu bu tələyə saldılar. Elmi, ədəbiyyatı və incəsənəti nəzarətdə saxlamaqla bərabər, həm də siyasi alət rolunu oynayan Stalin mükafatı kiməsə verildiyi kimi, ondan geri də alına bilərdi. Artıq bir neçə dəfə bu təcrübə həyata keçirilmişdi. Növbəti belə bir təcrübə Heydər Hüseynovun kitabı ilə bağlı olacaqdı. Amma Bağırov tərəfindən yox.

Böyük qurban

Biz Bağırovu qəhrəmanlaşdırmağın tərəfdarı deyilik. Onun cinayətləri az olmayıb. Lakin bu hadisədə o, respublikanın siyasi və elmi ictimaiyyəti üçün daha təhlükəli bir qalmaqalın qarşısını aldı. Bağırovun Hüseynova qarşı apardığı kampaniya əslində qabaqlayıcı mahiyyət daşıyırdı və burada kimsə qurban getməliydi...

Müharibə yalnız sonda silahlı toqquşmaya çevrilir. Erməni millətçiləri daim Azərbaycanla müharibə aparıblar, hətta Sovet hakimiyyətinin ən dinc vaxtlarında belə, onlar böyük iddialardan irəli gələn düşmənçiliklərinə ara verməyiblər. Düşmənçiliyin daha riyakar forması Azərbaycan daxilində qarşıdurma yaratmaq və bundan sonrakı gedişlər üçün məharətlə istifadə etmək planları olub. Azərbaycana rəhbərlik etmiş bütün şəxslər, o cümlədən, Bağırov Ermənistanın iddialarına cavab vermək, yaxud da onları neytrallaşdırmaq kimi daimi bir problem qarşısında qalıb. Belə qarşıdurmada Rusiyaya əks tərəf kimi baxmaq erməni millətçilərindən qat-qat güclü, hesaba gəlməz dərəcədə böyük rəqiblə üz-üzə durmaq deməkdir. Buna isə realpolitik təfəkkürə malik olan heç bir siyasi rəhbər yol verə bilməz.

Lakin ideologiya realpolitik təfəkkürlə barışmır. İdeologiya, xüsusilə millətçilik ideologiyası real vəziyyəti nəzərə almadan, qapıları döyməklə məşğuldur. Heydər Hüseynov hadisəsi haqqında sonrakı dövrlərdə də, 70-80-ci illərdə də pıçıltı ilə danışırdılar. Yalnız SSRİ-nin dağılma ərəfəsində biz onun qadağan olunan kitabını tapıb, oxuya bildik və açığını deyim ki, xeyli dərəcədə məyus olduq. Sovet marksist ədəbiyyatı üslubunda yazılan çoxsaylı kitablardan biri idi. Belə kitablar adətən kitabxanaların, yaxud kabinetlərin bir küncündə toxunulmaz qalıb, saralırdı. Amma o illərdə biz dünyanı dərk etmək həvəsindəydik, böyük Qərb filosoflarının, qadağan olunan nəhəng yazıçıların əsərlərini nəhayət, oxumaq imkanı qazanmışdıq. Ona görə də bu kitab maraq doğura bilməzdi. Lakin indi, otuz ildən sonra bu kitabı yenidən əlimə götürüb oxuyuram və mən orada özümüzü görürəm, bugünki fikirlərimizin haradan və necə gəldiyinin şahidi oluram...

Heydər Hüseynov “XIX əsr Azərbaycanın ictimai fikir tarixi” əsərində təkcə Mirzə Kazım bəy və İmam Şamilin mütləqiyyət əleyhinə qarşı vuruşduğunu göstərmir. Eyni zamanda, burada Axundov, Abbasqulu Ağa Bakıxanov, Zərdabinin fikirləri də müqavimət mövqeyindən göstərilir. Bu kitabda bir həqiqət var – əsl Azərbaycan ziyalısının intellekti yalnız İmperiyaya əks mövqedən formalaşa bilər. Bununla belə, Azərbaycan siyasətçisinin üzərinə daha böyük bir yük, reallığı dərk etmək və buna uyğun ölkənin, xalqın mövcudluğunu qorumaq, təhlükəsizliyini təmin etmək, ölkəni inkişaf etdirmək vəzifəsi düşür.

Hüseynov və Bağırov hadisəsinə xeyirlə şərin, müsbətlə mənfinin toqquşması kimi baxmaq kökündən səhvdir. Bu, konkret tarixi şəxslərin qarşıdurması deyil. Bu ziddiyyət istəklə zərurətin, sərbəstliklə qanunauyğunluğun qarşıdurmasıdır. Bu iki qüvvə arasında daha böyük qüvvə dayanır – xalq.

Nadir Bədəlov
Sənətşünas, ssenartist
Azvision.az üçün



Teqlər: Tarix  





Xəbər lenti