"Dəstək verin, yurdumuza qayıdaq" - Nüvədililərdən Prezidentə müraciət |
Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Nüvədi əhalisinin öz doğma yurduna qayıtması məsələsinin, eləcə də bu beynəlxalq tədbirin önəmini vurğulayıb. Moskva və Qars müqaviləsinə diqqət çəkən Əziz Ələkbərli Nüvədinin Ermənistana verilməsinin faktiki hüquqi bazasının olmadığını deyib. Bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan SSR Ali Sovetinin hüquqi varisi kimi 1969-cu il 7 may tarixli fərmanı ləğv edə bilər.
Deputat Əziz Ələkbərli deyib ki, Böyük Qayıdış təkcə Qarabağa deyil, digər tarixi torpaqlarımıza da qayıdışın başlanğıcıdır. Bu, məhz Nüvədidən başlaya bilər. Ötən əsrin 80-ci illərinin sonundan Ermənistanın təcavüzkar siyasəti nəticəsində tarixi torpaqlarından deportasiyaya məruz qalan azərbaycanlıların yaşadığı sonuncu kənd Nüvədi olub. Əhali kəndi 1991-ci il avqustun 8-də tərk edib.
Professor Əmir Əliyevin moderatorluğu ilə davam edən konfransda akademik Fikrət Əliyev, professorlar Tariyel Aztürk (ABŞ), İsmayıl Əliyev, Arif Quliyev (Ukrayna), Qoşqar Əliyev, Xalid Qurbanov, İsrafil İsmayılov, Dilqəm İsmayılov, Cavid Abdullazadə, dosent Asiman Həsənov, professor Əfsər Sadıqov, tibb üzrə fəlsəfə doktoru Bayram Əsədov, professor Turqay Hüseynov, dosent Əbülfəz Hüseynov, təqaüdçü müəllim Vasil Bağırov, politoloq Musa Musayev, aqrar elmlər üzrə fəlsəfə doktoru Şikar Əhmədov, şairlər Arif İbadov, Abdulla Cəfər, araşdırmaçı jurnalist Allahverdi Aydın, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Zöhrə Həsənova və başqaları çıxış ediblər.
Məruzələrdə diqqətə çatdırılıb ki, Nüvədidə yalnız azərbaycanlılar yaşayıb. Onların doğma yurda qayıtmasına 10 noyabr Bəyanatı, eləcə də beynəlxalq hüququn sənədləri hüquqi əsas verir. Digər tərəfdən, Nüvədi kəndi Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təminatı məsələsində, habelə İpək Yolunun tərkib hissəsi kimi çox mühüm rol oynaya bilər. Bu, eyni zamanda, Ermənistan üçün bir şansdır.
Qeyd olunub ki, Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub. Ozamankı Zaqafqaziya sovet rəhbərliyi Nüvədi kəndini qeyri-qanuni olaraq Ermənistan SSR-in Mehri qəzasının inzibati idarə etməsinə verib. Həmin sənəd uzun müddət rəsmən təsdiq edilməyib. 1969-cu ilin mayında kəndin əhalisinin heç bir razılığı alınmadan Nüvədi Ermənistan SSR-in Mehri rayonunun inzibati ərazi vahidinə daxil edilib.
Beynəlxalq elmi-praktik konfransda Nüvədi kəndinin qədim tarixinə, mədəni abidələrinə, ziyarətgahlarına, zəngin təbiətinə, müalicəvi sularına, faunasına da diqqət çəkilib. Bildirilib ki, oradakı toponimlər qədim tariximizdən xəbər verir. Ermənistan hökuməti tərəfindən Nüvədi kəndinin adının dəyişdirilərək “Nrnadzor” adlandırılması toponimik soyqırımıdır.
Konfransın sonunda məruzə ilə çıxış edən professor Əmir Əliyev vurğulayıb ki, beynəlxalq aləmdə bütün insan hüquqları sənədləri nüvədililərin qayıtmaq hüququnu tam təsdiqləyir. Belə ki, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqınların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri və digər beynəlxalq sənədlər nüvədililərin bu qanuni və tarixi haqqını tanıyır. Nüvədi sakinləri bu işdən geri çəkilməyəcək.
Sonda “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı beynəlxalq elmi-praktik konfrans iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, beynəlxalq təşkilatlara müraciət qəbul edilib.
Konfrans https://youtube.com/channel/UCPU3QFlwIpvywzPgGlcUdUg kanalından və ya Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı hüquq elmləri doktoru, professor Əmir Əliyevin feysbuk səhifəsindən yayımlanıb.
Beynəlxalq elmi-praktik konfransın materialları toplu halında nəşr olunacaq.