Beynəlxalq "beyin mərkəzi"

Bakı Forumu qlobal düşüncə generatoruna çevrilir (I yazı)

 Beynəlxalq "beyin mərkəzi"
  04 Noyabr 2021    Oxunub:1977
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu işə başladı. Noyabrın 6-dək davam edəcək 8-ci ənənəvi Bakı Forumunda qlobal problemlərin müzakirəsinə 40-dan çox ölkənin ali və yüksək səviyyəli nümayəndələri, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri və nüfuzlu qonaqlar qatılıblar.
Hibrid formatda keçirilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq. Tədbirdə “Şərq tərəfdaşlığı və onun imkanları” mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr də aparılacaq.
Hazırda bəşəriyyətin üzləşdiyi ən təxirəsalınmaz problemlərin müzakirə edildiyi nadir və fəal beynəlxalq platformaların sayı çox azdır. Bu baxımdan, dahi şairimiz və mütəfəkkirimiz Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis olunan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tezliklə əhəmiyyətli beynəlxalq dialoq meydançasına çevrildi. Dünyanın tanınmış ictimai-siyasi xadimlərinin təmsil olunduğu Mərkəzin İdarə heyətinin qərarı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsinin özü dahi şairə qlobal miqyasda hörmətin təzahürdür.

Sözsüz ki, təşkilatda genişmiqyaslı biliklərə və həyat təcrübəsinə malik, habelə müdrikliyi ilə seçilən ictimai-siyasi xadimlərin, ziyalıların və intellektual dairələrin birləşməsi bunu şərtləndirən əsas amillərdən biridir. Bu kontekstdə beynəlxalq miqyasda strateji düşüncəli siyasi lider və etibarlı tərəfdaş kimi nüfuz qazanmış Prezident İlham Əliyevin Mərkəzə himayədarlığı, habelə müasir dövrün çağırışalrına operativ qaydada reaksiya verərək, çevik şəkildə onların həllinə nail olan Azərbaycanın beynəxlaxalq münasibətlər sistemində söz sahiblərindən birinə çevrilməsi də xüsusi əhəmiyyət kəsb edən faktordur.

Bu reallığı ən qabarıq şəkildə nümayiş etdirən məqam ölkəmizin hələ də bəşəriyyəti təşviş içində saxlayan COVİD-19 pandemiyası ilə mübarizədə dünyaya nümyaiş etdirdiyi unikal nümunədir. Hələ dünyanın bir sıra aparıcı ölkələrində koronavirus pandemiyası ciddiyə alınmayanda Azərbaycan hökuməti çox qısa bir müddətdə operativ şəkildə prosesi nəzarətə götürərək, virusun yayılmasının məhdudlaşdırılması üçün bir sıra genişmiqyaslı tədbirlər həyata keçidri. Tibbi infrastrukturun pandemiya ilə səmərəli mübarizəyə uyğunlaşdırılması kontekstində görülən işlər çərçivəsində 13 yeni xəstəxana açıldı və 4 min əlavə çarpayı-yer yaradıldı.
Pandemiya ilə mübarizə isitqamətində iqtisadi sahədə tətbiq edilən sərt məhdudlaşdırmalar bütün ölkələrdə olduğu kimi Azərbaycanda da iqtisadi fəallığa və insanların sosial rifahına öz neqativ təsirini göstərdi. Lakin daim sosial yönümlü iqtisadi siyasət yürüdən Azərbaycan hökumətinin pandemiyadan əziyyət çəkən vətəndaşların ehtiyaclarının ödənilməsi və biznes mühitinə dövlət dəstəyinin göstərilməsi üçün 2,9 milyard dollarlıq sosial yardım paketlərini reallaşdırması ölkəmizin bu çətin sınaqdan ən az itkilərlə çıxan dövlətlər sırasında olmasını şərtləndirdi.

Bir çox məsələlərdə dünyanın əksər ölkələrinə nümunə olan Azərbaycan vaksinasiya kampaniyasında da öncüllər arasında yer aldı. Hazırda 18 yaşdan yuxarı ölkə əhalisinin 60 faizinə iki vaksin dozasının vurulması qlobal miqyasda ən yaxşı göstəricilərdən biri sayılır. Qlobal problemlərin həllinə ciddi töhfə verən ölkəmiz beynəlxalq səviyyədə pandemiya ilə mübarizədə öz ənənəsinə sadiq qalaraq, Dünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində yardım ayırmaqla yanaşı, 30-dan artıq ölkəyə də dəstək verdi. Halbuki, bu bəlanın meydana çıxmasına qədər ümumbəşəri dəyərlərdən və insanların təməl hüquqlarından ağız dolusu danışan dünyanın bəzi aparıcı dövlətləri bir anın içində nəinki öz ritorikalarını dəyişdilər, hətta əməldə “suda boğulanların xilası onların öz işidir” prinsipinə üstünlük verərək, bəşəriyyətə olduqca neqativ nümunə sərgilədilər.

Məhz bu fonda Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə 2021-ci il dekabrın 3-də BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirildi. Vaksin ayrı-seçkiliyinə və millətçiliyinə qarşı ən fəal mübarizə aparan ölkələrdən biri kimi Azərbaycanın belə dözülməz hallara son qoyulması yönündə göstərdiyi ardıcıl təşəbbüslər, o cümlədən 2021-ci ilin martında BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində ölkəmizin təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi pandemiya ilə qlobal miqyasda aparılan mübarizənin ən vacib elementlərindən birinə çevrildi. Bu kontekstdə ÜST-ün istifadəsində olan COVİD-19-la bağlı göstərilən tibbi xidmətlərin məlumat bazasının yaradılması barədə Azərbaycanın irəli sürdüyü təşəbbüs hələ də səngiməyən koronavirus pandemiyasına qarşı mübarizənin daha effektli şəkildə aparılması işinə verilən böyük töhfədir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Bakı-Forumu  





Xəbər lenti