Qlobal reseptlər

Bakı beynəlxalq “beyin mərkəzi”nə çevrilib (II yazı)

 Qlobal reseptlər
  04 Noyabr 2021    Oxunub:1854
Son illər qlobal və regional çağırışların müzakirəsi müstəvisində əhəmiyyətli dialoq platformalarından birinə çevrilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda hibrid formatda keçirilən 8-ci Qlobal Bakı Forumu günün ən əsas hadisəsi kimi tarixə düşdü. Tədbirdə “Şərq tərəfdaşlığı və onun imkanları” mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair aparılan müzakirələr xüsusi maraq doğurdu.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzində dünyanın bir sıra ölkələrinin idarəetmə və həyat təcrübəsinə malik sabiq dövlət başçılarının, ictimai-siaysi xadimlərin, ekspertlərin və qeyri-hökumət təşkilatlarının, habelə intellektualların təmsil olunması bu qurumun regional və qlobal miqyasda təhlükəsizlik məsələlərinin müzakirəsində fəal iştirakına geniş imkanlar yaradır. Bu müstəvidə fəaliyyət isə ilk növbədə mövcud lokal və qlobal münaqişələrin, müharibələrin həlli yollarının aranmasında, onların çözülməsində səylərin birləşdirilməsi zərurətini gündəmə gətirir.

Bu mənada, bir sıra regional və beynəlxalq qurumların, ilk növbədə isə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həllində bilərəkdən nümayiş etdirdikləri astagəlliyə rəğmən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və bu problemin həllini könüllü şəkildə öz üzərinə çəkmiş həmsədrlərə müraciətləri ölkəmizin haqlı mövqeyinin dəstəklənməsinin sübutudur.
Uzunömürlü ənənəvi enerji daşıyıcıları

Amma yalnız BMT yox, həm də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulamam Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar da Ermənistanın təcavüzünü pisləyən və işğala xitam verilməsi tələbini qoyan qətnamələr qəbul etsələr də, daha çox regionda öz geosiyasi maraqlarını reallaşdırmaqda maraqlı olan dünyanın güc mərkəzləri “hüququn gücü yox, gücün hüququ” prinsipi çərçivəsində münaqişə zonasındakı status-kvonu dondurmaqla məşğul idilər.

Son nəticədə təşəbbüsü ələ alan Azərbaycan beynəlxalq hüquq normalarına əsasən öz ərazi bütövlüyünü bərpa etməklə indiyə qədər münaqişəyə laqeydliklə yanaşan dünya ictimaiyyətinə, xüsusilə də öz qətnamələrinin icrasına təcavüzkar Ermənistanın etinasızlığını təəccüblü bir süstlüklə həzm edən BMT-yə çox ibrətamiz bir dərs keçdi. Məhz bu baxımdan, 44 günlük Vətən müharibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın ədalətli savaşını dəstəkləyənlər sırasında yer aldı.

Bu məsələdə ölkəmizin mövqeyini daha da gücləndirən digər əsas məqamlar ötən ilin iyulunda təcavüzkar ölkənin sərhədin Tovuz rayonu istiqamətində və sentyabrın 27-də isə münaqişə zonasında silahlı təxribatlar törətməsi oldu. 2020-ci ilin iyulunda Azərbaycanın Silahlı Qüvvələri işğalçıya layiq olduğu cəzanı versələr də, həmsədrlər ənənəvi qaydada hər iki tərəfi səbr nümayiş etdirməyə çağırdılar. Hələ bu azmış kimi Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanı yeni ərazilər işğal etməklə hədələməsi həmsədrləri çıxılmaz vəziyyətə salsa da, onlar yalnız yenə də hər iki tərəfə belə bəyanatlardan çəkinməyi çəkinməyi tövsiyyə etməklə öz işlərini bitmiş saydılar.

Silahlı təxribatları ilə müharibənin başlanmasına bais olan rəsmi İrəvana, hərbi əməliyyatların dayandırılması üçün müharibə zamanı dəfələrlə öz qoşunlarının bizim ərazilərdən çıxarılması barədə cədvəl təqdim etməsi şərti qoyulsa da, bəsirət gözü bağlanmış Ermənistan hakimiyyəti öz vətəndaşlarını açıq-aşkar ölümə göndərmək siyasətindən əl götürmədi. Əslində əvvəlki dövrlərdə olduğu kimi müharibə zamanı da Ermənistanı açıq-aşkar və ya dolayısı ilə dəstəkləyən ölkələrin və kənar qüvvələrin bu məsələdə cinayətkar məsuliyyəti rəsmi İrəvanın günahından qat-qat çoxdur. Yalnız 7 min əsgərin ölümü və sarsıdıcı məğlubiyyət onalrı ağıllarını başlarına yığmağa məcbur etdi. Azərbaycan Vətən müharibəsindəki Qələbəsi ilə həm də müasir müharibələrin necə aparılması strategiyasının nümunəsini və lokal münaqişələrin həllinin yeni etalon vahidini beynəlxalq aləmə göstərdi. Buna qədər isə erməniçilik ideoloqlarının və onların havadarlarının apardıqları siyasət xalqımıza 10 minlərlə hərbçimizin və dinc soydaşlarımızın qətlə yetirilməsi, mülki şəxslərə qarşı soyqırım törədilməsi, 30 ilə yaxın işğal altında olmuş ərazilərimizin tamamilə dağıdılması bahasına başa gəldi.

Hətta erməni faşizminin və erməni vandalizminin törətdiyi bu cinayətlərə rəğmən, vətəndaşları tezliklə öz doğma torpaqlarına qaytarmaq üçün böyük sürətlə önəmli işlər görən Azərbaycan düşmənçilik səhifəsinin bağlanması, regionda uzunmüddətli sülhün və sabitliyin, habelə çoxtərəfli əməkdaşlığın yaradılması naminə Ermənistana konstruktiv təkliflər təqdim etsə də, bu təşəbbüslər hələ ki, rəsmi İrəvan tərəfindən susqunluqla qarşılanır. Sözügüdən kontekstdə sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı işlərin hələ də ləngiməsi narahatlıq yaratmaya bilməz.
Amma Azərbaycanın, habelə regionda sabitliyin və inkişafın təminatında maraqlı olan dövlətlərin yaratdıqları yeni geosiyasi reallıq Ermənistanı və onun havadarlarını bununla barışmaq məcburiyyəti qarşısında qoyub. 8-ci Qlobal Bakı Forumunda bu müstəvidə aparılan müzakirələrdə və edilən çıxışlarda bu məqam xüsusi olaraq vurğulanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: QlobalForum   Qarabağmüharibəsi  





Xəbər lenti