Soçi nəticələri: Azərbaycan-Rusiya tərəfdaşlığı güclənir

  Soçi nəticələri:  Azərbaycan-Rusiya tərəfdaşlığı güclənir
  27 Noyabr 2021    Oxunub:2582
Son vaxtlar dünyada müxtəlif ölkələr və dövlət birlikləri arasında münasibətlərin pisləşməsi, qarşıdurma meyllərinin artması fonunda dinc qonşuluq kontekstində dövlətlərarası əlaqələrin yüksələn dinamika üzrə inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, son 200 ildə tarixi-coğrafi və sosial-humanitar müstəvidə geniş əlaqələrə malik olan Azərbaycanla Rusiyanın münasibətlərindəki strateji tərəfdaşlıq amili hər iki ölkənin xarici siyasətində ən vacib komponentlərdən biridir.
Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq müstəvisində dinamik inkişafını əks etdirən və həm də özlüyündə bunu şərtləndirən məqamlar Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə Soçi görüşü zamanı söylədiyi nitqdə öz əksini tapdı. Ölkələrimiz arasında strateji tərəfdaşlığın sadəcə dəbdə olan söz birləşməsi kimi işlədilmədiyini vurğulayan Prezident İlham Əliyev, tərəflərin mövcud qarşılıqlı əlaqələrin səviyyəsinin bütün istiqamətlər üzrə daha da yüksəldilməsinə çalışdığını bildirib. İkitərəfli əmtəə dövriyyəsinin artması, iqtisadi sahədə əməkdaşlıq, o cümlədən biznes sferada qarşılıqlı maraqların səviyyəsi bunun ciddi zəmini rolunda çıxış edir.

Təsadüfi deyil ki, indinin özündə Azərbaycanla Rusiya iqtisadiyyat, nəqliyyat və mədəni-humanitar sahədə 7 yol xəritəsi reallaşdırır. Rus dilinə müsbət münasibət, onun qorunub-saxlanması, rusdillli təhsil müəssisələrinin inkişafı baxımından postsovet məkanında hətta Rusiyanın strateji müttəfiqi sayılan bir sıra ölkələrdən, o cümlədən də Ermənistandan, fərqli olaraq rəsmi Bakının daha tolerant siyasət aparması Moskva tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. İkitərəfli münasibətlərdə hazırda 15 mindən çox azərbaycanlının, Azərbaycan vətəndaşının Rusiyanın ali məktəblərində təhsil alması da önəmli faktorlardan biridir. Rusiyadakı təhsilin yüksək səviyyəsinin və soydaşlarımızın oradakı ali məktəblərdə təhsil almasının son nəticədə ölkələrimiz arasında körpü amilinə transformasiyası, ikitərəfli əlaqələrə öz ciddi töhfəsini verir.

Tarixən dövlət başçıları arasındakı şəxsi münasibətlərin səviyyəsi, rəsmi dairələrin qarşılıqlı ünsiyyəti ikitərfli və çoxtərəfli əlaqələrin keyfiyyətinə çox ciddi təsir göstərir. Bu baxımdan, Azərbaycan və Rusiya prezidentləri arasındakı qarşılıqlı hörmət və etimad atmosferi bir çox dövlət başçılarına nümunə ola bilər. Son bir həftədə Azərbaycan Prezidentinin Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul etməsi də məhz iki dövlət başçısının münasibətlərindəki müsbət dinamikanın inikasıdır. Elə Rusiya ekspert mərkəzinin və “Rosekzimbank”ın iştirakı ilə keçirilən biznes konfransda, Rusiyanın 30-dan çox şirkətinin iştirakı da bu əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi müstəvisində çox vacib addımlardan biridir.

Sözsüz ki, Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərində ən əhəmiyyətli məqam regionda davamlı sülhün və təhlükəsizliyin yaradılmasında, onun qorunub-saxlanamsında vahid mövqedən çıxış etmək zərurətidir. Bu baxımdan, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində Moskvanın səylərini, Qarabağda sülhün saxlanmasında Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirən rəsmi Bakı, bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində daha ciddi nəticələrin əldə olunacağına əmindir.

Bu kontekstdə, ötən il noyabrın 10-da üçtərəfli Bəyannamənin imzalanmasından sonra Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında ciddi insidentlərin, silahlı toqquşmaların və hər hansı ciddi hadisələrin olmaması, baş verən müəyyən təsadüfi insidentlərin isə sistemli böhran xarakteri daşımaması təqdirəlayiq haldır. Bununla belə, Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənarda Arbaycan-Ermənistan sərhədində yaşanan silahlı toqquşmalar risklərə nəzarət edilməsi, onların minimallaşdırması üçün üçtərəfli formatda müzakirələrin aparılması, Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli nizamlanması zərurətini aktuallaşdırır.

Üçtərəfli Bəyannamənin imzalanamsından ötən bir ilə ərzində müharibənin fəsadlarının ləğvi və kommunikasiyaların açılması üçün maksimim dərəcədə konstruktivlik nümayiş etdirən Azərbaycan, diqqəti məhz bu müddəanın hələ ki, yerinə yetirilmədiyinə yönəldir. Həmin sənəddə ehtiva olunan digər məsələlər isə artıq icra edilib. Bu kontekstdə, Bakı rəsmi şəkildə Azərbaycan-Ermənistan sərhədlərinin təxirəsalınmaz delimitasiyasının vacibliyiyini dəfələrlə bəyan edib. Məhz bu addımı atmaqla Azərbaycan tərəfi böyük qanlar, insan itkiləri və resurslar tələb edən qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq, gələcəkdə dinc qonşuluq şəraitində yaşamağa öyrənmək üçün Ermənistanla sülh razılaşması üzərində işə başlamaq təklifini irəli sürüb. Moskvanın bu məsələdə sərgilədiyi müsbət yanaşma sözügedən təşəbbüsün tezliklə həyata keçiriləcəyinə əminlik yaradır.
Bu təklifin tezliklə reallaşıması Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətləri kontekstində də vacib amillərdən biridir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   Rusiya  





Xəbər lenti