Geosiyasi detektiv: “Taliban” İranın gizli himayəsindən necə çıxarıldı – TƏHLİL

  Geosiyasi detektiv:  “Taliban” İranın gizli himayəsindən necə çıxarıldı –  TƏHLİL
  07 Dekabr 2021    Oxunub:3653
Dekabr ayı “Taliban” hərəkatı ilə İran sərhədçiləri arasında silahlı insident xəbərilə başlamışdı. Qarşıdurma nəticəsində İranın iki nəzarət-buraxılış məntəqəsinin taliblərin əlinə keçdiyi bildirilirdi. Qarşıdurmada atıcı silahlarla yanaşı, artilleriyadan da istifadə olunub. Sonradan İran tərəfi məlumatını təkzib etdi və insidentin səbəbinin iranlı fermerlərin səhvən sərhəd xəttini keçmələrilə bağlı olduğunu bildirdi.
Xatırladaq ki, anoloji hadisə bu ilin avqust ayında da baş vermişdi. O vaxt yayılan rəsmi məlumatda əfqanıstanlı döyüşçünün “səhvən” İran sərhədini keçdiyi, yaxalanaraq geri qaytarıldığı bildirildi.

Amerikanın hərbi qüvvələrinin Əfqanıstanı tərk etməsi və “Taliban” qruplaşmasının bu ölkədə hakimiyyəti ələ keçirməsindən sonra regionda baş verən hadisələrə maraq daha da artıb. Bunun əsas səbəbi Əfqanıstanın Amerikadan sonrakı taleyinə olan maraqla bağlıdır. İlk baxışdan xırda görünən insidentlər əslində Əfqanıstanın yeni köhnə sahiblərinin öz ərazilərinin sərhədlərini müəyyən etməsi prosesidir. Uzun illər əldən-ələ keçən, müxtəlif dövlərin təsiri altında olan Əfqanıstanın yeni sahibləri bu dəfə torpaqları bölüşmək fikrində deyillər. Xüsusən də, əvvəlki illərdən fərqli olaraq regionun ən fəal oyunçusu hesab edilən İranın ilk baxışdan “sahibsiz” görünən Əfqanıstandan pay almaq cəhdlərinin qarşısı alınır. Baş verən insidentlər taliblərin İrana hücumundan daha çox, İranın Əfqanıstana müdaxilə cəhdlərinin qarşısını almasına bənzəyir.

İranın Əfqanıstanla bağlı iddialarının olması heç də təsadüfi deyil. İki ölkə arasında 921 km.-lik sərhəd xətti var, əfqanların əksəriyyəti fars-dari dilində danışır və əhalisinin 20 faizi şiədir. “Taliban” hərəkatını birmənalı şəkildə Pakistanın xüsusi xidmət orqanlarının yetirməsi hesab etmək olmaz. “Taliban”ın yetişib ərsəyə gəlməsində İranın, xüsusilə, İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl Qüds” təşkilatının əməyi danılmazdır. Dünya ictimaiyyəti “Əl Qüds” təşkilatını daha çox onun rəhbəri olan Qasım Süleymaninin 2020-ci ildə ABŞ HHQ-nin raketi ilə vurulmasından sonra tanıdı.


Vaxtilə “Taliban” Amerika xüsusi xidmət orqanları tərəfindən pakistanlı həmkarlarıyla birlikdə Əfqanıstanda sovet qoşunlarına qarşı mübarizə aparmaq üçün yaradılmışdı. Məhz bu dövrdə “Taliban”dan paralel olaraq SSRİ-nin regiondakı əsas müttəfiqlərindən biri olan İranın bu ölkəyə müdaxiləsinin qarşısını almaq məqsədilə istifadə edilirdi. Sovet qoşunları Əfqanıstandan çıxdıqdan bir müddət sonra taliblər nəhayət ki, arzularına çatdılar və 1996-cı ildə Əfqanıstanda hakimiyyəti ələ keçirə bildilər. Yaxud, kommunistlərə qarşı mübarizədə “fəallıq göstərdiklərinə” görə hakimiyyətlə mükafatlandırıldılar. Talibanın Əfqanıstanda 1-ci hakimiyyəti dövründə, yəni 1996-2001-ci illərdə də İranın Əfqanıstandakı əsas dayaq nöqtələri olan şiə əhalinin yaşadığı ərazilərə hücumlar təşkil olunurdu. Hətta 1998-ci ildə Məzari-Şərif şəhərinə hücum zamanı İranın bu şəhərdə yerləşən konsulluğunun 9 əməkdaşı da güllələnmişdi.

Məhz bu dövrdən etibarən İran Əfqanıstanda “Taliban”a qarşı mübarizə aparan dövlətlər arasında ön sırada getməyə başladı. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ABŞ-ın “Taliban”ı “Əl-Qaidə” ilə əməkdaşlıqda ittiham etməsi və Əfqanıstana hərbi müdaxiləsindən sonra Tehran “Taliban”ın hakimiyyətdən devrilməsi üçün Vaşinqtona açıq şəkildə dəstək göstərirdi.
ABŞ-ın qaz oyununda “Taliban”ın missiyası

Buna baxmayaraq, 2002-ci ildə ABŞ prezidenti Corc Buş İranı “şər məhvəri”nin üzvü adlandırdı və həmin vaxtdan etibarən yenidən ABŞ-İran münasibətlərində soyuqluq yaranmağa başladı. Amerika prezidentinin nəyə əsasən Əfqanıstanda özünə dəstək göstərən İranı “şər məhvəri”nə aid etdiyi müəmmalı qalsa da, bəzi mənbələr iddia edir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) hələ 2001-ci ildən çox-çox əvvəl “Taliban”la əməkdaşlığa başlamışdı və Vaşinqtonun qəzəbi yersiz deyildi.
Hər halda, ABŞ-ın “Taliban”ı, həmçinin İranı açıq şəkildə özünə düşmən elan etməsi Tehranın “düşmənimin düşməni dostumdur” prinsipinə uyğun olaraq, “Taliban”la açıq şəkildə əməkdaşlığa başlamasına əsas verdi.

“The Wall Street Journal”ın məlumatına görə, İİKK-in rəhbəri olmuş Mahmud Əhmədinejatın 2005-ci ildə prezident seçilməsindən sonra “Taliban” la yaxınaşma istiqamətində işlər daha da aktivləşdi, İranın Məşhəd şəhərində qruplaşma üçün xüsusi qərargah yaradıldı. 2014-cü ildən isə komanda mərkəzi quruldu və “Taliban” yaraqlıları burada təlim keçməyə başladılar. Bir müddətdən sonra Pakistanın Kvetta şəhərilə yanaşı, Məşhəd də “Taliban”ın əsas mərkəzlərindən birinə çevrildi. “Taliban”ın Xaytabulla Axundzadə və Əxtar Mənsur kimi liderləri Tehranın dəstəyini qəbul edib, İranla sıx əməkdaşlığa başladılar. Pentaqonun 2014-cü il hesabatında qeyd olunurdu ki, İranın “Taliban”a dəstəyinin ümumi dəyəri illik 190 milyon dollara çatırdı.

Tehranın “Taliban”ı dəstəkləməsi ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Əfqanıstandan çıxdığı günə hesablanmışdı. Məhz bundan sonra hakimiyyətin “Taliban” tərəfindən ələ keçiriləcəyi gözlənildiyi üçün, Tehran Əfqanıstanın idarəetmə açarını əlinə alacağını düşünürdü. Ancaq ABŞ ilə Böyük Britaniyanın oynadığı ikili kombinasiyalı oyun İranın deyil, Pakistanın qələbəsilə nəticələndi. Vaşinqton ilə London Əfqanıstanın idarəetməsini Pakistan və Türkiyəyə həvalə edərək, İranı oyundankənar vəziyyətə saldılar.


Xatırlatmaq yerinə düşər ki, İranın keçmiş xarici işlər naziri Cavad Zərifin bu ilin aprel ayında yayılmış səs yazısında o, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və “Əl-Qüds”ün rəhbəri Qasım Süleymanidən şikayətlənərək, onların İranla Qərb düvlətləri arasında nüvə sazişi imzalamasına əngəl olduqlarını demişdi. Güman etmək olar ki, “nüvə saziş”ində İrana Əfqanıstan iddialarından əl çəkməsi təklif edilib, lakin, bu məsələ Tehranda ciddi fikir ayrılığına səbəb olduğundan, razılaşma əldə edilməyib.

Demək, Əfqanıstan yolunda əsas maneələrdən biri Qasım Süleymani idi. 2020-ci il yanvarın 3-də amerikalıların “Əl-Qüds” rəhbərini məhv etməsindən sonra əngəl aradan qalxdı; həmin il fevralın 29-da isə Qətərin paytaxtı Dohada “Taliban”la Amerika arasında barışıq razılaşması imzalandı. Amerikanın Əfqanıstandan çıxdıqdan sonra İranın bu ölkədə qalmış yeganə dayaq nöqtəsi Pəncşirdə anti-Taliban üsyanı da uğursuzluğa düçar oldu. Pakistanın hərbi-hava qüvvələri bir gecədə Pəncşiri bombardman edərək, üsyanın qarşısını aldılar.

Görünən odur ki, Əfqanıstanın "kurasiyası" tamamilə Pakistana həvalə olunub və baş verən son insidentlər İranın bu ölkədəki əvvəlki nüfuzunu bərpa etmək yolunda sonuncu həmlələridir. Tehranın “Taliban”la açıq müharibəyə girməsini gözləmək sadəlövhlük olar. Ancaq digər tərəfdən, artıq “terrorçuların əlində olan Əfqanıstan” Qərbin İrana ciddi təzyiq vasitəsidir. Əgər İrana qarşı müharibə planı varsa, əsas platsdarmın Əfqanıstan ərazisi, düşmənin isə “Taliban” terror təşkilatı olacağını ehtimal etmək olar.

Tofiq Vahid
AzVision.az



Teqlər:   Taliban   İran  





Xəbər lenti