Dünyanın bir nömrəli siyasi məhbusu

// Assanc kimdir və ABŞ-ın düşməninə çevrilməyi necə bacardı

      Dünyanın bir nömrəli siyasi məhbusu
  11 Dekabr 2021    Oxunub:4057
Britaniya məhkəməsi Culian Assancın ABŞ-a ekstradisiyasına qərar verib. “Wikileaks” yaradıcısını 175 ilə qədər həbs gözləyir. Bununla bağlı Assancın tərəfdarları Londonda Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçiriblər.
Dünya Culian Assancın adını ilk dəfə 2011-cu ildə - ABŞ diplomatlarının xidməti yazışmaları “WikiLeaks” saytında dərc olunanda ucadan eşitdi. Bu hadisə daha əvvəl “WikiLeaks”də yayımlanan “Əfqan gündəliyi” və “İraq dosyesi” ilə birlikdə ABŞ-ın dünyanın nəzərindəki obrazını dəyişdi. Amerika planetin gözünə xoşagəlməz siması olan bədheybət kimi göründü. Assancın isə sərgərdan həyatı başladı.

Dünya ictimaiyyəti ilk dəfə bu platformanın varlığından xəbər tutanda iki hissəyə bölündü: bəziləri əmin idi ki, bu cür layihələr dövlət təhlükəsizliyini təhdid edir, ikincilər isə hesab edirdi ki, vətəndaşların məlumat almaq (jurnalistlərin isə araşdırma aparmaq) hüquqlarına şərait yaradılmalıdır.
WikiLeaks mövcud olduğu 15 il ərzində bir çox məxfi məlumatların yayılması üçün platforma rolunu oynayıb. Pentaqonun İraqdakı hərbi əməliyyatlarına dair 400 min, Əfqanıstan haqqında isə 90 min məxfi hesabatı məhz orada yerləşdirilmişdi. Amerika əsgərlərinin Bağdadda “Apaçi” helikopterindən insanlara atəş açması ilə bağlı video 2010-cu ildə məhz WikiLeaks saytında yayılmışdı. O zaman “Reuters”in iki müxbiri də daxil olmaqla, 10-a yaxın adam həlak olmuşdu.


Assanc təqiblərdən qurtulmaq üçün əvvəlcə İsveçə qaçdı, amma bir müddət sonra orada zorlama ilə bağlı qurama ittihamla üzləşdi. İsveçin bu sahədəki qanunları elədir ki, əgər orada kiməsə “torba tikmək” lazım gəlsə, zorlama – ideal variantdır. İşin qurama olduğu 2019-cu ildə rəsmən təsdiqləndi və məsələ bağlandı. Amma 2012-ci ildə Assanc artıq İsveçdə qala bilməzdi, buna görə də Ekvadorun Londondakı səfirliyində gizləndi.

Təzyiqlərə baxmayaraq, “WikiLeaks” boş dayanmırdı. Suriya ilə bağlı 2,4 milyon gizli sənədin ardınca 2016-cı ildə sayt ABŞ-dakı seçki kampaniyası zamanı demokratların namizədi Hillari Klintonun komandasındakı şəxslərin 20 mindən çox elektron yazışmasını yaymaqla, növbəti böyük qalmaqala səbəb oldu. Yazışmalardan bəlli olurdu ki, xanım Klinton partiyadaxili rəqibi Berni Sandersi üstələmək üçün gizli sövdələşmələr aparıb.

Bu, Klintonun şansını zədələməklə yanaşı, Assanca qarşı yeni ittiham dalğasına səbəb oldu. Amerika mediası gizli yazımların ona rusiyalı hakerlər tərəfindən ötürüldüyünü iddia edirdi. Bundan sonra ABŞ-da “WikiLeaks” terror təşkilatı adlandırılmağa başladı.


Vaşinqton Assancın təhvil verilməsi üçün Ekvadora təzyiqi artırdı. Nəhayət, Ekvador hökuməti canını qurtarmaq üçün əvvəlcə 2018-ci ildə Assanjı internetə çıxış imkanından məhrum etdi, bu kifayət olmayanda isə 7 il qonaq saxladığı jurnalisti 2019-cu ildə ingilislərə təhvil verdi. Amma bir şərtlə. Britaniya hökuməti Ekvador prezidenti Lenin Morenoya Assancın ABŞ-a təxliyə edilməyəcəyi haqda yazılı zəmanət vermişdi. Fəqət təəssüf ki, bəzi dövlət xadimlərinin sözü sənəd qədər güvənli olduğu halda, bəzilərinin yazılı sənədinin quru söz qədər də qiyməti yoxdur.

Britaniyanın xüsusi sərt rejimə malik Belmarş həbsxanasında keçirdiyi iki il Assancın səhhətinə və psixologiyasına çox ağır təsir göstərib. Onda autizm, klinik depressiya, intihara meyl güclənib.
Azərbaycan prezidenti İlham Əliyev BBC-yə məşhur müsahibəsində məhz bu məqama işarə vuraraq, Assancın haqsız yerə saxlanıldığını demiş və hətta taleyilə bağlı ingilis jurnalistlə mübahisə etmişdi:

- Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə, gəlin, Assanc barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi olaraq öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur.


BMT-nin xüsusi məruzəçisi Nils Meltser 2019-cu ildə iki tibbi ekspertlə Culian Assanca baş çəkəndən sonra onun ağır psixoloji təzyiqlərə məruz qoyulduğunu bəyan etmişdi. Jurnalisti həqiqətən də mənəvi cəhətdən öldürüblər...
Maraqlı bir detal: “Sərhədsiz reportyorlar” iki il əvvəl Culian Assancın azadlığa buraxılmasını tələb etmişdi. Amma vecinə alan olmadı.

ABŞ Assancın ekstradisiyasını çoxdan tələb edirdi. 2021-ci ilin yanvarında London məhkəməsi “Wikileaks” yaradıcısının psixi sağlamlığı ilə bağlı narahatlıqları əsas gətirərək, bu ekstradisiyanın qeyri-mümkün olduğuna qərar vermişdi. Amerika tərəfi apellyasiya şikayəti verərək, Londonu əmin etdi ki, Assancın ekstradisiyası halında Birləşmiş Ştatlar onu “ekstremal və təcrid olunmuş şəraitdə saxlamayacaq”. Eyni zamanda, onun vətəni Avstraliyada istənilən qədər qalmasına razı olacaq. ABŞ-ın təmsilçisi, hüquqşünas Ceyms Lyuis bildirib ki, ABŞ məhkəmənin narahatlığına cavab olaraq Londona “zəmanətlər paketi” təqdim edib.

Məhkəmə ABŞ hakimiyyətinin verdiyi şikayətə oktyabrın sonunda baxmağa başladı. Assancın vəkili Edvard Fitscerald bildirib ki, Vaşinqtonun vədləri “qeyri-müəyyəndir” və jurnalist ekstradisiya olunarsa, “ekstremal izolyasiya şəraitində saxlanacağını” istisna etmək olmaz.


Rusiyalı diplomat və politoloq, Avropa Şurası Parlament Assambleyasının üzvü Sergey Markov Assancın ekstradisiyasını “utancın apofeozu” adlandırıb. “Məhz Ümumdünya İnsan Hüquqları Günündə və ABŞ-ın rəhbərlik etdiyi Demokratiya Sammitinin keçirildiyi bir gündə London məhkəməsi demokratiyaya zərbə olan siyasi qərar qəbul etdi. ABŞ cinayətlərini ifşa etdiyinə görə Assancdan qisas almaq istəyir. O, dünyanın əsas siyasi məhbusuna çevriləcək. Birləşmiş Ştatlar demokratiyanın zirvəsindən uçuruma tullanır. Dünyada demokratiya daha da azalacaq. Bunun günahkarı ABŞ-dır”, - o bildirib.

Nadir Quliyev
AzVision.az



Teqlər: Assanc   Söz-azadlığı  





Xəbər lenti