2022: İqtisadiyyatda böyük ümidlər ili – TƏHLİL

      2022:    İqtisadiyyatda böyük ümidlər ili –    TƏHLİL
  30 Dekabr 2021    Oxunub:5048
2021-ci il Azərbaycan iqtisadiyyatı üçün müsbət il oldu. Pandemiyanın nəticəsində yaranan 4,3 faizlik tənəzzül bu il aradan qalxdı və ölkəmiz iqtisadi cəhətdən pandemiyaya qədərki vəziyyətə qayıtdı. İl ərzində artımın bərpa olunacağına ümid çox idi. Dünya iqtisadiyyatı üzrə də nikbin proqnozlar vardı. Buna xüsusən, iki gözlənti əsas yaradırdı: vaksinasiya nəticəsində pandemiyanın tezliklə səngiyəcəyi, ABŞ-da demokratların hakimiyyətə gəlməsilə proteksionist siyasətə son qoyulacağı və bu ölkənin Çin və Avropa İttifaqı ilə münasibətlərində gərginliyinin qısa müddətə aradan qalxacağı.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ilin əvvəlində “Bloomberg”ə verdiyi müsahibədə bildirimişdi ki, bu il COVID-19 səbəbindən iqtisadi geriləmədən və işğal altındakı ərazilərə nəzarəti bərpa etdikdən sonra artım gözləyirik: “Hökumətin gözləntiləri daha nikbindir, o mənada ki, 2021-ci ildə ölkəmizdə ÜDM istehsalı üzrə 3,4 faiz artım proqnozlaşdırıldığı halda Dünya Bankı bu rəqəmin 1,9 faiz, Beynəlxalq Valyuta Fondu isə 2 faiz təşkil edəcəyini bildirib”.
Lakin 2021-ci ilin yanvar-noyabr aylarında ölkədə 80 milyard 688,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çox ÜDM istehsal olunub ki, bu, iqtisadiyyatımızın hökumətin gözlədiyindən də artıq bərpa olunduğu və artım sürəti götürdüyünü göstərdi.

İl ərzində ölkəmizin iqtisadi gücü, mənafeyi və həyatı baxımından bir neçə mühüm hadisə baş verdi. Bunlardan bəzilərini qeyd etmək istərdim.

İlin əvvəlində ölkəmizlə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi, mənimsənilməsi haqqında imzalanan Anlaşma Memorandumu böyük əhəmiyyət daşıyırdı. “Dostluq” yatağı ciddi mübahisə obyekti sayılırdı. Yataq Azərbaycanla Türkmənistanın dəniz sərhədinin tən ortasında yerləşir. Və iki ölkə arasında problem və mübahisə yaradan da məhz bu fakt idi. Belə ki, sovet dövründə "Aralıq" adlandırılan yataq, SSRİ dağıldıqdan sonra Azərbaycan tərəfindən "Kəpəz", Türkmənistan tərəfindən isə “Sərdar” olaraq tanınmaqla əslində, qardaş olan iki ölkə və dövlət arasında pərdəarxası soyuq münasibət yaratmışdı.

"Dostluq" yatağı strateji baxımdan Azərbaycana Türkmənistandan daha çox gəlir gətirəcək, Aşqabadda ölkəmizdəki mövcud infrastrukturdan istifadəyə marağı artıracaq. Transxəzər layihəsinin gerçəkləşməsini bir az da yaxınlaşdıracaq. Azərbaycan qazı artıq Avropaya nəql olunur. Lakin əsas diqqət “Cənub Qaz Dəhlizi”nin yol açdığı Transxəzər üzərində cəmləşməlidir və cəmləşəcək də.

Ölkə iqtisadiyyatında müsbət meyillər maydan etibarən artmağa başladı. Bunu həm pandemiya şəraitinin sovuşmaq istəyi şərtləndirdi, həm neftin dünya bazar qiymətlərinin kifayət qədər əlverişli vəziyyətdə olması, həm qeyri-neft sektorunun inkişaf tempi, həm də ümumiyyətlə, iqtisadi aktivlikdə bərpa işartıları. İl başlayandan keçən ildəki tənəzzül davam etsə də maya dair göstəricilər iqtisadiyyatın tezliklə bərpa olunacağına ümid yaratdı.

Yeri gəlmişkən, işğaldan azad olunmuş ərazilərimizdə keçən ilin sonu və bu ilin başlanğıcından start götürən bərpa və yenidənqurma işləri də 2021-ci ildə iqtisadi artıma az təsir göstərməyib. İqtisadiyyat naziri M. Cabbarovun "işğal altındakı ərazilərə nəzarəti bərpa etdikdən sonra artım gözləyirik" fikri təsadüfi söylənilməmişdi.

Sözsüz, 44 günlük müharibədən sonra yaranmış reallıqlar, geri qaytarılan ərazilərdə bərpa, yenidənqurma işləri, yeni sərhədlər, qurulacaq nəqliyyat əlaqələri ölkədə ÜDM-in böyüməsinə və məşğulluğa töhfə verəcəkdi. İşğaldan azad edilmiş ərazilərin bərpasına 2,2 milyard manat (1,3 milyard dollar) vəsait ayrılmışdı ki, bu özü artım üçün əlavə şərtləndirici faktora çevrilməli idi və çevrildi də...

Digər mühüm hadisə isə Azərbaycan-Türkiyə qardaşlığının, “Bir millət, iki dövlət” reallığının, siyasi-hərbi və iqtisadi müttəfiqliyinin məntiqi davamı, irəliyə doğru atılan növbəti addımı sayılan Şuşa Bəyannaməsi oldu. Hər iki dövlət başçıları arasında Şuşada imzalanan bu Bəyannamə iki qardaş ölkənin bütün həyati əhəmiyyətli məsələlərini və sahələrilə bağlı müddəaları əks etdirir.

Bəyannamə təkcə siyasi, hərbi və təhlükəsizlik deyil, iqtisadi, ticari, nəqliyyat, tranzit və digər əməkdaşlıq məsələlərini də əhatə edir. Məlumdur ki, 2021-ci il aprelin 1-dən iki ölkə arasında gediş-gəliş şəxsiyyət vəsiqəsilə həyata keçirilir. Bu, qarşılıqlı əlaqələri asanlaşdıraraq iki ölkə vətəndaşlarını biri-birilərinə daha da yaxınlaşdırıb. Nəticədə ticarət əlaqələrinin də genişlənməsi, hər iki ölkədə alış-verişin artması üçün əlavə zəmin yaradıb. Keçən il ərzində Azərbaycanın Türkiyə ilə ticarətinin həcmi 4,161 milyard ABŞ dolları olmuşdu ki, bu da 2019-cu ilə müqayisədə 7,7 faiz az təşkil etmişdi. Buna pandemiya səbəb olmuşdu.

İki ölkə arasında ticarət dövriyyəsini 2023-cü ildə 15 milyard dollara çatdırmaq nəzərdə tutulub. 2021-ci il martın 1-də Preferensial Ticarət Sazişi qüvvəyə minib. Hər iki ölkə qarşılarına hazırda ildə təxminən 5 milyard dollar ətrafında olan qarşılıqlı ticarət əlaqələrini qarşıdakı iki ilin sonuna qədər 3 dəfə artırmaq məqsədi qarşıya qoyulub. Buna nail olmaq üçünsə iqtisadi əlaqələri bütün istiqamətlər üzrə sıxlaşdırmaq tələb olunur.

Füzuli Beynəlxalq Hava Limanının açılışını isə işğaldan azad olmuş ərazilərdə keçən ilin sonu və bu ilin əvvəlindən başlanmış genişmiqyaslı bərpa və yenidənqurma işlərinin birinci mərhələsinin yekunu kimi dəyərləndirmək olar. Hava Limanının cəmi 8 ay ərzində inşa olunması həyata keçirilən işlərin miqyaslı ilə yanaşı, həm də sürətini göstərdi.

Ümumiyyətlə, Azərbaycan Dövlətinin və hökumətinin daxili inkişaf strategiyasında məhz nəqliyyat infrastrukturuna və yollara - gediş-gəlişin rahat olmasına diqqət çox əhəmiyyətli faktordur. Başqa sözlə desəm, bu çox ağıllı siyasətdir. Çünki əslində, hər şey bilavasitə bundan başlanır: yol varsa demək, gediş-gəliş var, gediş-gəliş varsa demək, nəfəs var, nəfəs varsa demək, tərpəniş və inkişaf üçün imkan var.


Müəllifin əvvəlki yazıları:
İqtisadi artımın davamlı olması üçün nə lazımdır – TƏHLİL
Gələn ilin büdcəsi: Rekordlar təzələnir – TƏHLİL
Geriyə - gələcəyə: 2022-ci il 2019-un davamı olacaq - TƏHLİL
İqtisadiyyatımız pandemiyadan əvvəlki vəziyyətə qayıdıb – TƏHLİL
“Ehtiyac meyarı”na ehtiyac yoxdur – TƏHLİL
Lirə böhranı: Türkiyənin səhvi nədədir? – TƏHLİL
Minimum əmək haqqının əhəmiyyəti artmalıdır – TƏHLİL
Əhalinin gəlirlərinin artması üçün islahatlar davam etməlidir – TƏHLİL
Dollara tələb niyə azdır? Müsbət və mənfi məqamlar – TƏHLİL
Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL
Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL

Bu yerdə bir nüansa da toxunum. İşğaldan azad olunan ərazilərimizdə start götürən və günü-gündən geniş vüsət alan yenidənqurma işləri bəzilərində elə təəssürat yaratmışdı ki, indiyədək böyük işlər görülmüş digər rayon və bölgələrimiz bundan sonra artıq, istər-istəməz diqqətdən kənarda qalacaq və yeni layihələrin icrası guya təxirə düşərək, işlər zəifləyəcək. Ancaq hələ may ayında Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı diqqəti cəlb etdi. Ləki stansiyası-Qəbələ birxətli dəmir yolu adı çəkilən rayona cənubdan avtomobil yolundan əlavə giriş vasitəsidir. Özü də Bakı-Qəbələ marşrutu üzrə ən sürətli, rahat giriş vasitəsi. Bu isə o deməkdir ki, gələcəkdə Bakıdan Qəbələyə və əks istiqamətə doğru mövcud avtomobil yollarında sıxlıq aradan qalxacaq. Və beləliklə də, rayon üzrə həm daxili, həm də xarici turizmin inkişafına əlavə imkan ortaya çıxacaq.

Cari ildə Avropadakı qaz böhranı Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinin də nə qədər uzaqgörən bir layihə olduğunu, ölkəmizin onu reallaşdırmaq üçün çəkdiyi bütün əziyyətlərin nəyə hesablandığını bir daha sübuta yetirdi. Xatırladım ki, həmin layihə maliyyə baxımından uğursuz, ona çəkilən xərclər isə səmərəsiz hesab edilirdi. Eynilə Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmiryol xəttində olduğu kimi...

Halbuki hər üç layihə ilk gündən özünü artıqlaması ilə doğrultmaqla yanaşı, bu gün aid olduqları istiqamətlər üzrə çox mühüm və vacib əhəmiyyətli obyektlər sayılırlar. Eyni nüans Cənub Qaz Dəhlizi üzrə də ən bariz şəkildə məhz bu il öz təsbitini tapdı.

Nəhayət, 44 günlük müharibənin nəticəsi olaraq, Zəngəzur dəhlizinin reallaşması yeni ideya və layihələrin meydana gəlməsinə və reallaşmasına şərait yaradacaq. Dəhlizinin reallaşacağı gün isə artıq, "qapıdadır". Belə ki, 44 günlük müharibənin nəticəsi olaraq, adıçəkilən dəhlizin real olacağı cari ildə addım-addım sübuta yetirildi. Azərbaycan Prezidenti İlham Əliyev əbəs yerə deməmişdi ki, Ermənistan istəsə, istəməsə də biz bunu reallaşdıracağıq. Beləliklə, Zəngəzur dəhlizi boyunca dəmiryol xəttinin çəkilməsi gələcəkdə çox böyük perspektivlər vəd edir. Bunun ardınca avtomobil yolunun da olacağı şübhə doğurmur. Ermənistan da məcburən, təhlükəsizliyə zəmanət verəcək.

Zəngəzur dəhlizi ölkəmizin Şərq-Qərb, Şimal-Cənub qovşağı sisteminin bir seqmenti olmaqla, Naxçıvanın Türkiyə ilə sərhəd olduğunu nəzərə alsaq, həm də birbaşa Türkiyə ilə yerüstü əlaqə demək olacaq. Və bu əlaqə Türkiyə-Azərbaycan tandemindən çox, bütövlükdə Avropa və Asiya üçün səmərə və mənfəət gətirəcək.

Lakin 2021-ci il iqtisadiyyatımız üçün mənfi tendensiyalarsız da keçinməyib. İqtisadiyyatda bərpa prosesi ilə yanaşı, istehlak bazarında bahalaşmanın davam etməsi xüsusi diqqət və izahat tələb edir. Çünki bir var, iqtisadi canlanmanın təsiri nəticəsində yaranan, iqtisadi aktivliyin arxasında gələn bahalaşma, bir də var, mövcud iqtisadi canlanma üçün buxova çevrilə bilən, yəni iqtisadi aktivliyin qabağında gedən bahalaşma. Ölkədəki real bahalaşma təəssüf ki, sonuncudandır.

Bahalaşmanın əsas hərəkətverici qüvvəsi xidmət və ərzaq məhsullarıdır. Belə ki, ilin əvvəlindən bəri xüsusən, ərzağın qiymətinin yüksəlməsi ümumi inflyasiya həddinin formalaşmasında başlıca rol oynayır ki, qeyri-ərzaq və xidmətlərin qiymət artımının buna təsiri demək olar, hər ay artan tendensiya üzrə inkişaf edib. Ölkədə mövcud bahalaşmanın iqtisadi aktivlik dərəcəsindən qabaqda getdiyini təsdiqləyən bunun ilin əvvəlindən başlaması faktorudur. İqtisadiyyat may ayında bərpa olunmağa başladığından qiymətlərin daha yüksək tempdə artması ilə üst-üstə düşdü. Və bu da işgüzar fəallığın dirçəlməsi ilə əlaqədar baş verdiyi təəsüratı yaratdı. Ancaq belə deyildi.

Hazırda inflyasiya rəsmi olaraq 6 faizdən yuxarı sayılır. Ərzaq inflyasiyası 14 faizdən çoxdur. Odur ki, ölkəmizin xarici iqtisadi təsir və şok halların yaratdığı təzyiqlərdən tezliklə yaxa qutarmasına nail olmaq əsas vəzifə sayılır. Bunun üçün isə iqtisadiyyatda stimullaşdırıcı siyasət daha geniş şəkildə davam etdirilməli, bütün növ inhisarçı amillər aradan götürülməli, geniş rəqabət mühiti yaranmalıdır.

Sözsüz, yeni ildə 2020-ci ildə pandemiya ilə əlaqədar fəaliyyətləri məhdudlaşdırılan və basqı altına alınan iqtisadiyyatın əsas generasiya vasitələri və ümumən təklifi formalaşdıran əsas istehsal sahələri bu ildəkindən bir az da tam şəkildə əvvəlki vəziyyətlərinə qayıdacaq, ümumi iqtisadi dövriyyədə pandemiyaya qədərki güclərini daha artıq dərəcədə bərpa edəcəklər. Nəticədə həm kənarda, həm də daxildə cari ilin əvvəlindən bəridir ardıcıl müşahidə edilən qiymət artımı prosesi də səngiyəcək və bu da iqtisadi artıma bir az da əlavə güc qatmaqla, onu davam etdirəcək.

Ümumiyyətlə, 2022-ci ilə ümidlər böyükdür... Buna həm də 2021-ci ilin yekunları əsas yaradır.

Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Dövləti borca salanlar – TƏHLİL
Dövlət rüsumları niyə dəyişdirilir - TƏHLİL
Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb - TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL



Teqlər:   İqtisadiyyat  





Xəbər lenti