“Barıt anbarı” üzərində siyasət – Ədalət Verdiyevin yazısı

// Ukraynada artan gərginlik təhlükəli ssenariləri aktuallaşdırır

   “Barıt anbarı” üzərində siyasət –    Ədalət Verdiyevin yazısı
  25 Yanvar 2022    Oxunub:3756
Rusiya “birgə təlim” adı altında Belarus ərazisinə texnika və şəxsi heyət daşınmasına davam edir. Əslində isə proseslərdə əsas məqsəd rus qoşunlarını Ukrayna sərhədlərinə maksimum yaxınlaşdırmaqdan ibarətdir. Rusiya “Müttəfiq Qətiyyəti-2022” hərbi təlimləri üçün Belarusa iki “S-400” hava hücumundan müdafiə divizionu, “Pantsir-S” hava hücumundan müdafiə raket kompleksi və 12 ədəd “Su-35” döyüş təyyarəsi göndərib. Digər texnikaların və heyətin daşınması davam edir.
Texnikaların göndərilməsinə birgə təlimlərdən 20 gün əvvəl başlanılması məqsədin fərqli olduğunu sübut edir. 2014-cü ildə ərazi itkisilə qarşılaşan Ukrayna son illərdə zirehli vasitələr, reaktiv yaylım sistemləri, PUA-lar və idarəolunan raketlər sahəsinin inkişafına diqqəti artırdı. Müdafiə sənayesində Kiyev ciddi nailiyyətlərə imza atıb. İdxalda isə əsasən ABŞ, Türkiyə, Kanada və Böyük Britaniya silahlarına üstünlük verir.

Dünya hərb səhnəsinin son ulduzu hesab edilən “Bayraktar” PUA-larının həm idxalı, həm də yerli istehsalı Ukraynanın havada üstünlük əldə etməsinə kifayət qədər kömək edəcək. Bundan əvvəl isə Ukrayna HHM qoşunları rus təyyarələrinin fəaliyyətlərini məhdudlaşdırmağı bacarmalıdır. Ukrayna sərhədlərinə daşınan texnikalar arasında “Bayraktar TB2”nin hədəfi ola bilməyəcək vasitə yoxdur. 44 günlük müharibəsində məhv edilməyən vasitələrə yalnız “Su-35” və “S-400” ZRK aiddır, lakin onların sələfləri “Su-25” və “S-300” barədə bunu demək olmaz. Odur ki, rus ordusunun rəhbərliyi də Ukraynada mövcud olan silahların potensialından xəbərdardır və 2014-cü ildə baş verənləri təkrarlamağın mümkünsüzlüyünü də anlayır.

Bütün bunlara baxmayaraq Rusiyanın Ukrayna sərhədlərinə qoşun toplaması intensiv şəkildə davam edir. Gələn ayın ortalarında, təxminən 10-20 fevral arası vəziyyətin daha da gərginləşəcəyi gözlənilir. Belarusdan başqa bütün qonşu ölkələrin, NATO və Aİ üzvlərinin əksəriyyətinin Ukraynaya siyasi və hərbi dəstəyini, Ukrayna Ordusunun əldə etdiyi müasir silah sistemlərini nəzərə alsaq, bu münaqişəni alovlandırmaq Rusiyanın maraqlarına qətiyyən cavab vermir. Azərbaycanın Vətən Müharibəsi Rusiya silahlarının həssas nöqtələrinin aşkar edilməsində mühüm rol oynayıb. Bunu Ukraynadan olan mütəxəssislər də dərindən araşdırıblar. Bu mövzuda qapalı birgə müzakirələrimiz də olub. Luqansk, Donetsk və ya Krım ssenarisinin tətbiqinin bu dəfə Moskvanın işinə yaraya biləcəyini düşünmürəm. Bu mövzuda ABŞ və Böyük Britaniyanın xəbərdarlıqları da kifayət qədər sərt səslənir. Rusiyalı siyasətçilərin və ya generalların kiçik bir səhvi 3-cü dünya müharibəsinin alovlanmasına da gətirib çxara bilər.


Kreml Ukrayna ilə növbəti müharibədən qalib çıxmayacağını da yaxşı anlayır, çünki münaqişəyə KTMT çərçivəsində cəlb edə biləcəyi müttəfiqlərinin hərbi potensialı heç onların özünün təhlükəsizliyinə zəmanət vermir. KTMT-də tək istisna Belarusdur, amma əks tərəfdə NATO-nun dayandığını nəzərə alsaq, o zaman uzun müddət döyüş əməliyyatlarında iştirak etməyən təcrübəsiz Belarus ordusu faktoru da nəzərə alınmayacaq qədər zəif görünür. Əslində Rusiya və ABŞ arasında münaqişə kimi dəyərləndirilən Rusiya-Ukrayna gərginliyində bəziləri nüvə silahı faktorunu nəzərə alırlar, amma bu hələlik real görünmür, çünki hər iki qlobal güc müasir nüvə silahlarının tətbiqilə keçirilən müharibələrdə qalibin olmayacağını yaxşı bilir.

Hadisələrin inkişafı münaqişənin qaçılmaz olacağını göstərir. Ukrayna ərazi bütövlüyü məsələsində haqlıdır, onun apardığı mübarizə ədalətlidir. Qalib Azərbaycan olaraq qardaş Ukrayna xalqına daim sülh arzu edirik, amma onilliklər ərzində erməni seperatizmindən əziyyət çəkən ölkə kimi müttəfiqimizin ərazi bütövlüyününün bərpa olunması istiqamətindəki bütün fəaliyyətlərini də tam dəstəkləyirik. Azərbaycandan sonra Ukraynanın ərazi bütövlüyünün bərpa edilməsi əslində bütün sivil dünyanın marağında olmalıdır, çünki Kiyevin qələbəsinin beynəlxalq seperatizmin fundamental əsaslarını sarsıdacaq növbəti zərbə olacağı şübhə doğurmur.

Ədalət verdiyev, hərbi ekspert


Teqlər: Ukrayna  





Xəbər lenti