Viktoriya Nuland Türkiyəyə niyə gəlmişdi?

// Abdulla Ağar: “ABŞ soyuqluğu aradan qaldırmağa çalışır”

   Viktoriya Nuland    Türkiyəyə niyə gəlmişdi?
  07 Aprel 2022    Oxunub:3897
Bir neçə gün öncə Türkiyə-ABŞ Strateji Mexanizminin qurulmasını müzakirə etmək üçün ABŞ dövlət katibinin avropa və avrasiya məsələləri üzrə müşaviri Viktoriya Nuland Ankaraya rəsmi səfər etmişdi. Bunun nə mexanizm olduğunu və məsələnin niyə məhz indi aktuallaşdığını AzVision.az-a müsahibəsində terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdulla Ağar şərh edib.
- Çox insanın gözündən yayınan mövzunu gündəmə gətirmisiniz. Viktoriya Nulandın görüşləri son dərəcə əhəmiyyətlidir. Amerika ilə Türkiyə arasında bir müddətdir böyük etimad böhranı yaşanır. Münasibətlərdəki soyuqluğun aradan qalxması üçün bu səfərin gerçəkləməsi önəmli idi. Ancaq nə qədər effektli olacağını zaman göstərəcək.

Digər tərəfdən, YPG-PKK, FETÖ məsələsi, Avropa Birliyinə üzvlük mövzusu, Qərbə olan bağlılığın bir silah kimi Türkiyəyə qarşı işlədilməsi kimi məsələlər mövcuddur. Yəni həqiqətən böyük problemlər var. Ancaq bu da reallıqdır ki, Türkiyə geosiyasi baxımdan Amerika üçün əvəzedilməzdir.

Bu görüş yeni geosiyasi mexanizmin qurulması ilə bərabər, eyni zamanda, müzakirələr və razılaşmalar prosesinin başlanğıcıdır. Yaradılacaq mexanizmlər həm regional siyasətiə, həm də Türkiyənin Amerika və Rusiya ilə əlaqələrinə təsir edəcək. Bu səbəbdən, görüşün çox incə məsələ olduğunu düşünürəm.


- Bir görüş çərçivəsində Montrö konvensiyası, Rusiya-Ukrayna müharibəsində Türkiyənin mövqeyi, Rusiyaya qarşı sanksiyalar, “F-16”ların satılması kimi məsələlərin müzakirəsi nədən xəbər verir?
- Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya özlərinin peyki olacaq bir Türkiyə arzulayırlar. Türkiyənin Montrö mövzusunun istismarına icazə verəcəyini düşünmürəm. Çünki Rusiya ilə gərginliyə səbəb ola bilər. Bu, onsuz da müharibə vəziyyətində olan bir ölkənin yaralanması deməkdir.

“F16” məsələsi isə Türkiyə ilə əlaqələrinin düzəlməsi üçün Amerika tərəfindən atılan bir addımdır. Ancaq bizi qane etmir. Çünki Türkiyə ilə Amerika arasındakı narazılıqlar “F-16” böhranından əvvəl baş verib. Bu narazılığın miqyası çox böyükdür. Amerika başqa həll yolları da axtarmaq məcburiyyətindədir. ABŞ-ın Türkiyəni yanında görmək üçün variantlar axtardığını müşahidə edirik.

- Bir neçə gün öncə Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxovun “Bayraktar TB2” PUA-ları ilə bağlı açıqlaması haqqında nə düşünürsünüz?
- Düzdür, hazırda Türkiyənin istehsal etdiyi silahlardan Ukrayna hərbçiləri tərəfindən ruslara qarşı istifadə olunur. Amma Rusiya silahlarından da türklərə qarşı az istifadə olunmayıb. Odur ki, Türkiyənin istehsal etdiyi silahı beynəlxalq hüquq çərçivəsində Ukraynaya satmasının bu şəkildə gündəmə gətirilməsi heç doğru deyildi.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti